İsmayıllının xalçaçılığına nə olub?- - Reportaj

ismayillinin-xalcaciligina-ne-olub-
Oxunma sayı: 1489

Xalçaçılıq sənəti azərbaycanlının qədim peşələrindən biridir. Əsrlərdir, bu xalq tətbiqi sənət sahəsi öz toxunulmazlığını qoruyub və bu vaxta qədər gəlib çıxıb. Xəzinəmiz olan xalçaçılıq məktəbləri təşşəkül tapıb. İndi biz Qarabağ, Quba, İsmayıllı , Şirvan, Qazax kimi adı üstündə xalçalarımızın sorağını ya xarici ölkə muzeylərindən( çox vaxt adıyla da çəkilmir) alırıq, ya da əcnəbinin ayaqaltısında görürük. Biz xalçamızı tanımaz olmuşuq və ona ögey münasibətimizi əsirgəmirik. Milli xalçadan çox xaricdən ucuz gətirilmiş və keyfiyyətsiz olan xalçalara pul saymağa öyrəşmişik.

“Qafqazinfo” bu qədim sənət sahəsinin inkişaf etdiyi İsmayıllı xalçaçılığının müasir vəziyyətini araşdırıb.

İsmayıllı rayonunda xalçalıqdan şöhbət getdikdə ilk növbədə Lahıc, Təzəkənd, Qalacığın adı çəkilir. Amma rayonun özündə də adlı-sanlı xalçaçı, xalçaçı-rəssamlar az deyil.

Bu minvalla İsmayıllı rayonunun hazırda xalçaçılıq sexlərini soraq aldım. “Azərxalça” Elmi İstehsalat Birliyinin İsmayıllıda olan filialının binasında vəziyyət acınacaqlı idi. 1978-ci ildə tikilən və istifadəyə verilən bina hazırda bərbad vəziyyətdədir. Alınan məlumata görə, Sovet vaxtında bu yerdə 100-lərlə qadın, xalçaçı çalışıb, İsmayıllı xalçaçılığı ölkədən kənarda da şöhrət qazanıb. Amma Sovet Azərbaycanı Rusiyadan ayrıldıqdan sonra müstəqillik əldə olunsa da, bu sənət sahəsi pərakəndə şəkil alıb. Sovet İmperiyası zamanında xalçaçılıq milli xəzinə şəkilində qorunmaqdan çox, qazanc mənbəyi kimi inkişaf etdirilirdi. Xalça sexi illərlə fasilə ilə işləyib. 2001-ci ildən etibarən isə 100-dən çox rayon sakini olan qadınlar bura çəlb olunub, xalçaçılar yenə iş başında imiş. İşçilərlə söhbətdən məlum oldu ki, bina tikiləndən bəri təmir olunmasa belə, ən azı münasib iş şəraəti yaradılıbmış. Xalçaçılıq sexinin baş ustası, 35 ildən çoxdur ki, xalçaçı kimi çalışan Nəzakət Qaxlarovanın sözlərinə görə, indi vəziyyətləri pisdir. “Bir neçə aydır, işimiz dayanıb. Rayonda kütləvi təmir işləri gedir. Bizim də ətrafımızda tikinti( ticarət mərkəzləri olacaq) işləri dayanmır.

Gördüyünüz kimi(zirzəmiyə bənzər və hər tərəfi su basmış koridoru göstərərək) biz bu şəraətdə çalışmalı oluruq, şəraətsizlik üzündən çoxumuz işə gəlmək istəmirik. Amma pul qazanmağa ehtiyacımız var. İşçilər arasında kimsəsizlər, maddi imkanı olmayanlar çoxluq təşkil edir. Mənim kimi illərini bu sənətə verənlər var. Xalça toxumaq təkçə pul qazanmaq yox, həm də bizim həyat tərzimizdir. Amma təəssüf ki, hələ ki müəsisə tam fəaliyyətini bərpa edə bilmir. Bu binanın möhkəm özülü var, bura yalnız təmir lazımdır. Xarici turistlərin milli xalçalarımıza marağı çoxdur. Sovet vaxtında da elə indi də, axtarıb əl işini almağa çalışırlar. İşimiz daimi olsa şəraət yaradılsa biz də əcnəbilər qarşısında əliboş olmarıq.” Adı çəkilən xalçaçılıq sexinin müdiri Qasım müəllim isə müəsisəsinin təmir olunması və yaxşı iş şəraətinin yaradılması üçün Bakıda səfərdə olduğunu bildirdi. Müdirin sözlərinə görə, Sahibkarlığa yardım Fonduna müraciət edib və növbəti ayda ona lazım olan kreditlər ayrılacaq. Qasım müəllimin dediklərindən belə çıxdı ki, maddi baxımdan təmin olunacaq müəsisə daha çox işçi toplayacaq, əvvəlki nüfuzunu qazanmaq üçün çalışacaq.

İsmayıllı rayon İcra hakimiyyətinin mədəniyyət üzrə şöbəsinin müdir müavini Sevil Əhmədova aydınlıq gətirdi. Sevil xanımın sözlərinə görə, ənənəvi və tarixi sənət sahələrinin inkişafı üçün şəraət yaradılacaq. “İllərdir, bu sahədə bir qədər boşluq vardı, özəl xalçaçı sexləri fəaliyyət göstərirdi. Özəl sexlər bacardıqları qədər çalışıdı. Ən azı insanların iş yeri olması üçün imkan yaradırdı. Amma yeni icra hakiminin gəlişindən sonra qədim sənət sahəsinə diqqət artırılıb. Ən azı onlara sexlərinin genişləndirilməsi üçün dövlət yardımının olunmasına cəhd edilib. Sex rəhbərləri müraciət ediblər və onlara yardım olunacağı gözlənilir.

Bir neçə ildir öz “Xöşbəxt-X” sexini quran və xalçaçılıq üzrə sənətkar sayılan Ruhiyyə Süleymanovanın sözlərinə görə, onların da işi dayanıb. Məlum oldu ki, ötən əsrin 90-cı illərində burada türkiyəli iş adamı ilə birgə “Azər-türk” Xalçaçılıq şirkəti qurulub. Burada 900-ə yaxın işçi olub. Qısa vaxtda xeyli işlər görülüb. İsmayıllı xalçaları xaricdə də nüfuz qazanıb. Amma illərdir şirkət dağıldıqdan sonra xalçaçı özü işini qurmalı olub. Amma hazırda fasilə verilib. İndi yeni bina tikilir. Elə sexin ərazisinə daxil olanda orada yeni binanın

tikildiyinə şahid oldum. Yeni ikimərtəbəli binada qızğın iş gedirdi. Ruhiyyə xanım sahibkar kimi kredit pul hesabına oranı tikdirdiyini bildirdi, yeni xalçaçılıq sexinin iki aya tam hazır olacağını bəyan etdi. O, qadınların bu işə həvəs göstərdiyini və şagirdlərinin çox olduğunu da nəzərə çatdırdı. “İsmayıllı xalçaları öz xüsusiyyətinə görə seçilir, xaricilərlə yanaşı son illər özümüzünkülər də milli məhsulumuzu almağa maraq göstərirlər.”

Ismayıllı sakinlərindən biri keçmiş“Azər-türk” xalçaçılıq şirkəti barədə belə bir məlumat da verdi. Adını vermək istəməyən xalçaçının sözlərinə görə, türkiyəli iş adamı İsmayıllı xalçaçılarını sözün əsil mənasında istismar edibmiş. O, əl ilə toxunan milli xalçaları on qatına ölkədən kənarda satdırırmış, məhsulu hazırlayan xalçaçılara isə əvəzində cüzi məbləğ verirmiş.

Bu arada qeyd edim ki, İsmayıllı rayonunun mərkəzində bir neçə ildir ki, böyük bir bina tikilib. Kənardan bina arxitektura baxımından (bərbəzəkli və rəngli daşlarla bəzədilmiş) xalçaçılıq fabriki olmasından xəbər verir. Amma ora yaxınlaşıb maraqlananda məlum oldu ki, bura sırf xalçaşılq müəsisəsi kimi

nəzərdə tutulubmuş. Amma işçi qüvvəsi yığa bilməyən fabrikin iş istiqaməti dəyişdirilib, indi tikiş fabriki olmasına qərar verilib. Növbəti on gündə oranın fəaliyyətə başlaması nəzərdə tutulur. Amma xalçaçı bir xanımın məlumatına görə isə, İsmayıllıda xalçaçılığa maraq var, sadəcə bu fabrikdə işçilərə veriləcək maaş aşağıdır. “İri xalçalırın toxunması üçün uzun müddət lazımdır. Əl əməyinə əsaslanan xalçaçıya məhsulun bir kvadrat metrinə 60-70 manat verilməsi nəzərdə tutulurdu. Bu isə çox az məbləğdir.”

Bu arada qeyd edim ki, İsmayıllı xalçaları digər bölgə xalçalarından çeşnilərinin zənginliyi və sıx toxunuşu ilə fərqlənir. Bu xalçalarda təbiətin yaşıl rəng çalarları üstünlük təşkil edir. Ismayıllının “Dağlı çiçəyi”, “Peyvəndi”, “”Qollu çiçək” naxışlı xalçaları məşhurdur.

Məlumat üçün deyim ki, üç il əvvəl dövlət dəstəyi ilə İsmayıllı xalçalarının albom-kataloqu hazırlanıb.

Raminə Eyvazqızı