İsmət Abbasov Serdar Cam ilə görüşdü

ismet-abbasov-serdar-cam-ile-gorusdu
Oxunma sayı: 684

“Qafqazinfo”nun verdiyi xəbərə görə, görüşdə “Azərbaycan və Türkiyə arasında ötən ay imzalanan “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsinin fəaliyyətinin nizamlanması haqqında Protokol” müzakirə edilib. Görüş zamanı İ. Abasov TİKA tərəfindən aqrar sahəyə göstərilən dəstəyi yüksək qiymətləndirib.

Nazir bildirib ki, bu müəssisənin yaradılmasında əsas məqsəd Azərbaycanda və Türkiyədə yetişdirilən taxıl, tərəvəz və yem bitkiləri sortlarının sınaq əkinlərini aparmaq, bölgənin toxum ehtiyacını ödəmək, toxumçuluğu qarşılıqlı inkişaf etdirmək və təcrübə mübadiləsini artırmaqdan ibarətdir.

İ. Abasov bu müəssisəni daha da inkişaf etdirməklə nümunəvi müəssisəyə çevirmək niyyətində olduğunu nəzərə çatdırıb.

Görüşdə çıxış edən Aqrar Elm Mərkəzinin direktoru Əsəd Musayev isə qeyd edib ki, müəssisəyə 720 hektar cəmi torpaq sahəsi ayırılıb, bunun da 700 hektarı əkinə yararlıdır: “Eyni zamanda protokolda nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilib, xüsusilə toxumçuluq sahəsində xeyli irəliləyişlərə nail olunub. Respublikamızda və Türkiyədə yaradılmış bir sıra taxıl sortlarının qarşılıqlı sınaqları keçirilib, hər il müəssisə tərəfindən 550-600 ton yüksək keyfiyyətli toxum istehsal olunaraq fermerlərə satılıb. Türkiyədə yaradılmış “Gönən” və “Dağdaş” yumşaq buğda sortları respublikamızın torpaq iqlim şəraitində özlərini daha yaxşı göstərdiklərindən, bu sortların toxumlarına fermerlərin marağı getdikcə artmaqdadır”.

Ümumiyyətlə, TİKA tərəfindən müxtəlif vaxtlarda müəssisəyə kənd təsərrüfatı texnikaları, kompüter, toxum və mineral gübrələr verilib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri S. Cam səmimi qəbula görə İ. Abasova minnətdarlığını bildirərək, protokolun icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinin və iki ölkə arasında mütəxəssis mübadiləsinin aparılmasının vacibliyini bildirib.