İsrail bu ölkə ilə əlaqələrin bərpası üçün “Mossad”a göstəriş verib

israil-bu-olke-ile-elaqelerin-berpasi-ucun-mossada-gosteris-verib
Oxunma sayı: 3614

İsrail baş naziri Benyamin Netanyahu 2019-cu ilin noyabrında keçiriləcək seçkilərdən öncə Körfəz Əməkdaşlıq Şurasına üzv Səudiyyə Ərəbistanı ilə əlaqələri bərpa etməyə çalışır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “Hadashot” televiziyası məlumat yayıb.

Qeyd olunur ki, Netanyahu Tel-Əvivlə Ər-Riyad arasında diplomatik münasibətləri normallaşdırmaq üçün “Mossad” təşkilatının rəhbəri İosi Koenə göstəriş verib.

Bildirilir ki, iki ölkə arasında münasibətlərin bərpası prosesinə ABŞ da daxil edilib. 

Xəbərdə həmçinin vurğulanır ki, adı açıqlanmayan israilli səlahiyyətli şəxslərdən birinin sözlərinə görə, İsrail Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox ərəb ölkəsi ilə İrana qarşı görüşlər keçirib.

İsrail baş nazirinin mətbuat xidmətindən xəbərlə bağlı hər hansı bir açıqlama verilməyib.

Xatırladaq ki, B. Netanyahunun Səudiyyə Ərəbistanının İstanbudakı konsulluğunda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra “İstanbuldakı konsulluqda baş verənlər qorxuncdur, lakin Səudiyyə Ərəbistanının da sabitliyi davam etməlidir” kimi açıqlaması müzakirələrə səbəb olmuşdu.

“The Washington Post” qəzeti ötən ay adı açıqlanmayan amerikalı mənbələrə istinadən yaydığı xəbərində “İsrail baş naziri Benyamin Netanyahu Camal Qaşıqçının öldürülməsindən sonrakı müddətdə ABŞ prezidenti Donald Trampla əlaqə saxlayaraq Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman üçün dəstək istəyib” deyə bildirib.