İsraillə məcburi dostluq dövrü bitdi

israille-mecburi-dostluq-dovru-bitdi
Oxunma sayı: 650

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Misirdə Hüsni Mübarək rejiminin devrilməsindən sonra bu ölkənin qonşu İsraillə məcburi dostluğu başa çatır. Belə ki, İsrailin 1979-cu il sülhü ilə ləğv edilən Cənub Birliyini yenidən formalaşdırdığı və Misir ilə sərhədə 30 minlik qoşun göndərmək barədə qərar qəbul etdiyi xəbər verilir.

Siyasi müşahidəçilər İsrailin belə bir qərar qəbul etməsinə Misirdə iqtidara gələn “Müsəlman Qardaşlar” hərəkatının Kemp-Devid sülh müqaviləsinin müddəalarına sadiq qalmaması ehtimalından qaynaqlanan narahatlığın səbəb olduğunu bildiriblər. İngiltərənin “Tayms” qəzetinə açıqlama verən İsrail rəsmiləri Misirlə həmsərhəd ərazilərdə yerləşdirəcək Cənub Birliyinin 3 taborda ibarət olacağını deyiblər.

Mövzu ilə bağlı xarici KİV-də dərc olunan xəbərlərdə Mübarək rejimindən sonrakı dövrdə Misirin İsrail ilə həmsərhəd ərazilərdə keçirdiyi hərbi təlimlərdə bu ölkəni 30 il aradan sonra ilk dəfə “düşmən” kimi xarakterizə etdiyi, habelə Ali Hərbi Şuranın sədri marşal Hüseyn Təntavinin üstüörtülü kəskin bəyanatlar verdiyi də qeyd edilərək, iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlandığı vurğulanıb.

Məlumat üçün deyək ki, bir müddət əvvəl İsrailin Xarici İşlər naziri Aviqdor Liberman iki ölkə arasında getdikcə gərginləşən vəziyyətlə bağlı açıqlamasında Misirin İrandan daha çox narahatlıq doğuran ölkə olduğunu bildirmişdi.