İstanbulda Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsi açıldı - Fotolar

İstanbulda Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsi açıldı
Oxunma sayı: 1765

Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonu ərazisində böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal, Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Çağrıcı və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışında “Böyük Ermənistan” xülyasının ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verən Əli Həsənov qeyd edib ki, Xocalı soyqırımı zaman-zaman öz məqsədlərinə çatmaq üçün ermənilərdən xalqlarımıza qarşı istifadə edən böyük güclərin maraqlarının daha bir göstəricisi, XX əsrin ən ağır bəşəri faciələrindən biridir:

“İstanbulda Azərbaycan adına gözəl bir parkın salınması və bu abidənin ucaldılması xalqlarımızın tarixi bağlılığı ilə mövcud olan Azərbaycan və Türkiyə qardaşlığına bariz nümunədir. Bu parkın salınması və Xocalı abidəsinin ucaldılması acılarımıza göstərilən ehtiram, eləcə də sülh çağırışıdır. Ucaldılan Xocalı soyqırımı abidəsi sülhə, dostluq və firavanlığa xidmət edir Əminəm ki, bu abidə millətlər, xalqlar və sivilizasiyalar üçün mühüm əhəmiyyət daşıyan dostluq və qardaşlıq simvoluna çevriləcək”.

İstanbul valisi Vasip Şahin çıxş edərək deyib ki, bu dərd bundan sonra da unudulmayan acı kimi insanlarımızın qəlbində yaşayacaq:

“Qarabağ acısını ən azı öz dərdimiz kimi yaşayırıq. Bu problemin həllində hər zaman Azərbaycanın yanındayıq. Hər zaman olduğu kimi, indi də, gələcəkdə də bizim üçün Can Azərbaycan var!”.

Rəsmi hissədən sonra Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsinin rəmzi açılışını bildirən lent kəsilib.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi