“İstənilən ölkə Azərbaycandakı vəziyyəti özü üçün arzulaya bilər”

istenilen-olke-azerbaycandaki-veziyyeti-ozu-ucun-arzulaya-biler
Oxunma sayı: 634

"Bütün planlarımızı həyata keçirmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Bu istiqamətdə də çox böyük addımlar atılır. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri 28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda prezident İlham Əliyev deyib.

O bildirib ki, baxmayaraq ki, beynəlxalq maliyyə böhranı Azərbaycana da təsir etdi:

"Baxmayaraq ki, neftin qiymətinin aşağı düşməsi təbii ki, gəlirlərimizə mənfi təsir etdi. Artıq Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətə adaptasiya olundu, milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəriciləri çox müsbətdir. Bizim valyuta ehtiyatlarımız, ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıbdır. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artmışdır.

Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıbdır. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər.

Əlbəttə, bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır. Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə uğurlara imza atıbdır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Mən sözlərimi əsaslandırmaq üçün bəzi rəqəmləri də səsləndirə bilərəm. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. “Şahdəniz-2” layihəsinin icrası 93 faizə çatıbdır. İkinci layihə Cənubi Qafqaz kəməridir. Orada icra səviyyəsi 85 faizdir. Üçüncü layihə Trans-Anadolu neft kəməri – TANAP-dır. Burada işlərin 72 faizinin görülməsi təmin edilibdir. Dördüncü layihə Trans-Adriatik kəməri – TAP-dır. Orada isə icra səviyyəsi 42 faizdir. Onu da qeyd etmək istəyirəm ki, plana görə TAP-ın icra səviyyəsi bu günə 45 faiz olmalı idi. Yəni ki, o səviyyəyə yaxındır. Mən bunu xüsusilə vurğulamaq istəyirəm. Çünki Azərbaycan ictimaiyyəti bilir ki, TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir, qruplar təşkil olunur, ekoloji məsələlər bəhanə kimi ortalığa atılır. Bizdə olan məlumata görə, bunun arxasında böyük pullar dayanır. Yəni, o qruplar süni şəkildə, heç bir əsası olmadan təşkil edilir. Amma aydındır nə üçün, bu layihəni dayandırmaq, yaxud da ki, ləngitmək üçün. Bütün bunlara baxmayaraq, TAP layihəsinin icrası plandan cəmi 3 faiz geridədir. Ona görə, əminəm ki, bu layihənin icrasında da heç bir problem olmayacaq".