“İstərdim ki, bu sual mənə verilməsin” - Qurban Qurbanov

isterdim-ki-bu-sual-mene-verilmesin
Oxunma sayı: 2429

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəsssis əvvəlcə sabahkı matça hazırlıq haqda danışıb:

“İlk oyunda qalib gəlsək də, çox çətin və ciddi rəqibə qarşı oynayırdıq. Çalışırıq ki, futbolçularımızı yaxşı hazırlaşdıraq. Düşünürəm ki, sabah bizi həddən artıq çətin və maraqlı oyun gözləyir”.

- İlk oyunla müqayisədə dəyişiklik olacaq?

- Ola bilər ki, dəyişiklik olsun. Ancaq mövqelər üzrə ciddi dəyişiklik olmayacaq.

- İslandiyalı qapıçınız Hannes Halldoursson sabahkı matçda oynayacaq?

- Oynamaq şansı azdı. Çünki hələ tam hazır deyil. Dünən yüngül məşqlərə başlayıb. Ancaq “18-lik”də olacaq.

- Balaş Cucakın “Qarabağ”la müqavilə imzalanması nə dərəcədə doğrudur?

- Hücumçu son illərdə ən çox verilən sualdır. Bu müddətdə ən çox axtarışda olduğumuz mövqedir. Dediyiniz futbolçu haqda məlumatım yoxdur. Ola bilər ki, transfer siyahımızda olub. Ancaq danışıqlar aparılmayıb. Sırf hücumçuyla bağlı axtarışlar gedir. İstərdim ki, ön xəttə yeni futbolçu gətirək.

- Sabah avrokuboklarda yubiley - 80-ci matçı keçirəcəksiniz. Bu müddətdə hansı oyun sizin üçün ən yaddaqalan olub?

- Açığı, 80-ci matçım haqda düşünmürəm. Hər dəfə çalışıram ki, yeni mərhələ keçmək haqda düşünək. Qələbəni çətinlikdə əldə etdik. Yüksək intizamlı komandadı. Fərqli oyun üslubunda çıxa, hər an bizi sürpriz gözləyə bilər. Yaddaqalan oyunlarımız olub. Hər qələbəmiz yaddaqalandı. Çempionlar Liqasında qrupa düşməyə imkan verən pley-off mərhələsindəki qalibiyyəti düşünə bilərsiniz. Azərbaycanda futbola sevgi, “Qarabağ”a inam “Rusenborq”la oyundan sonra oldu. O vaxt meydanda 10 azərbaycanlı futbolçu idi. Yalnız Admir Teli legioner idi. Cavab oyunu Ağdamın işgal günü idi və vacib qələb qazandıq. Ola bilər ki, bu matç klub rəhbərliyinə, futbolçulara inam verdi. Ancaq yaddaqalan məğlubiyyətlərimiz var.

- Keçən mövsümdə dayaq yarımmüdafiəçisi möqveyində probleminiz yox idi. Ancaq sabahkı matçda sərəncamınızda yalnız Coşqun Diniyev var. Qara Qarayev də cəzalıdı. Diniyev sıradan çıxsa...

- İlk olaraq yaxşı tərəfini düşünək. İndidən pis şeylərin düşünməyin lüzumu yoxdu. Məşqçi üçün əlinin futbolçu az olanda qərar qəbul etmək daha asan olur. Allah eləməsin ki, nəsə problem olsa, variantımız olacaq.

- Qışda Qriqorçuk “Astana”ya gedəcəyini bilərək, Almeyda ilə sövdələşibmiş. Bu, sizdə qıcıq yaradır?

- Yox. Almeyda elə bir futbolçulardan idi ki, hər hansı danışıq oyununa təsir etmirdi. Hətta çempionatın sonuna bir neçə tur qalmış bilirdim ki, qalmayacaq. Çünki yaxşı təklfiləri var. Ancaq yeni müqavilə təklifini etdik, özü də yaxşı şərtlərlə. Normal baxıram ki, futbolçu daha yaxşı təklif müqabilində başqa kluba gedir. Hiss etməmişdim ki, Riçard hələ xeyli vaxtdan “Astana”ya getmək istəyir.

- Qriqorçuk “Qarabağ”dan parlaydığınız legionerləri apardı. Halbuki, yerli futbolçu tərifləyirdi. Bu uğurlu transfer siyasətiniz sizi sevindirir, yoxsa futbolçuları “oğurlamaq” baxımından qıcıq doğurur?

- Təcrübə onu göstərir ki, buna az önəm vermişəm. Dünya futbolu göstərir ki, bu, normal haldı. Kim istəyər ki, “Barselona”dan getsin. Hər halda, bu, hər bir oyunçu pik nöqtədi. Ancaq görürsən Neymar “Barselona”dan gedir. Qıcıqlanmaya səbəb görmürəm. Çünki biz də başqa klublardan futbolçu götürürük. Ancaq klub olaraq sevinidirir ki, legionerlərimizə maraq var.

- Cavab matçında hansı komandanı istəyərdiniz? “Kukesi”, yoxsa tanıdığınız “Valletta”?

- İstərdim ki, bu sual mənə verilməsin. Məni tanıyırsınız, narahatçılıq var. Çünki sabah həddən artıq çətin qarşılaşma olacaq. Futbolçularıma da rəva görmürəm ki, bu haqda fikirləşsin. “Olimpiya”nın baş məşqçisinin, futbolçularının fikirlərindən görürsən ki, Bakıya iddialı gəliblər.