“İstəyirdim onu Azərbaycanda dəfn edim” - Alpinist + Video

isteyirdim-onu-azerbaycanda-defn-edim
Oxunma sayı: 8228

O, peşəkar alpinist, beynəlxalq dərəcəli hakim, “İnsol Telecom” telekommunikasiya və İT şirkətinin rəhbəridir.

Dünyanın ən hündür zirvəsini - Everesti Azərbaycandan fəth etmiş ilk alpinistdir. Bununla bərabər, alpinistlər arasında məşhur olan “Qara bəbir“ mükafatının sahibidir. 

Yəqin ki, söhbətin dünya şöhrətli alpinistimiz  İsrafil Aşurlıdan getdiyini bildiniz. İ. Aşurlı 6 il dayanmadan dünyanın bütün qitələrində ən yüksək zirvələrə Azərbaycan bayrağını sancıb. Alpinistlər “fəth etmək” sözünü sevməyib bunu “zirvəyə qalxmaq” kimi dəyərləndirsələr də, bu peşənin bütün çətinliklərinə nəzər salanda son məqamı fəth kimi dəyərləndirməmək yanlışlıq olar. Çünki aylar boyu dağlarda yaşadıqları çətinliklərə yalnız özləri bələddir. 

Onlar üçün ani diqqətsizlik, real vəziyyəti dəyərləndirə bilməmək həyati faciədir. Digər idman növlərində bütün proses videolentə alınıb tamaşaçılara anbaan göstərilsə də, alpinistlərin taleyinə bu şanslardan yararlanmaq imkanları yazılmayıb. Ona görə də bu peşənin çətinliyini, fəlsəfəsini, mahiyyətini hər insan  anlaya bilmir. Onların təbirincə desək, ən yaxşı alpinist “sağ alpinistdir”. 

Xoşbəxt olduqları əsl  an isə zirvəyə bayrağı sancandan sonra sağ-salamat düşüb sevinclərini dostları ilə bölüşən zaman baş verir. 

Moskvada yaşayıb  dayanmadan bir sıra ölkələrdə səfərlərdə olsa da, arabir vaxt tapıb Bakıya valideynlərini görməyə gələn alpinistimizlə paytaxt restoranlarının birində səhər yeməyində görüşdük.  O, bizimlə görüşə Azərbaycanda olan davamçısı Firuz  Dadaşovla birgə gəlmişdi. Sonuncu dəfə hər ikisi Şimali Qafqaz dağlarının yeddi  zirvəsinə qalxıblar. 

“Qafqazinfo” dünyanın ən gözəl yerinin onun üçün Qafqaz olduğunu deyən, məhz Qafqaz dağlarından enerji və güc alaraq zirvələrə qalxan İsrafil Aşurlı ilə söhbəti oxuculara təqdim edir:

- İsrafil bəy, kifayət qədər ağır, çox çətin bir peşə seçmisiniz. Məncə, buna sadəcə hobbi kimi yanaşmaq  olmaz.  Peşəkar alpinist olmaq üçün  hansı mühüm xüsusiyyətlərə sahib olmaq lazımdır? 

- Əsas siz başa düşməlisiniz ki, heç kəslə mübarizə aparmırsınız.  Siz öz-özünüzlə mübarizə aparırsınız. Dağlarda çox çətinliklə qarşılaşa bilərsiniz. Orada hava pis ola  bilər,  həm də fiziki çətinliklər yaşaya bilərsiniz. Ona görə də siz baş düşməlisiniz ki, dağda çətinliklə qarşılaşacaqsınız və siz onla mübarizə aparmalısınız. Əgər kimsə alpinizmlə məşğul olmaq istəyirsə, ona birinci gündən bilet alıb Everestə qalxmaq lazım deyil. Everestə və ya digər yüksək dağlara qalxmaq üçün vaxt lazımdır.  Asan zirvələrdən başlayıb texniki, mürəkkəbə zirvələrə yol keçməlisən.  Öz daxilinizdə normal  balans tapmalısınız.  İki il içərisində harasa qalxırsınızsa, bu da yetər. Yəni, professional olmaq lazım deyil.  Əgər böyük arzuları yerinə yetirmək istəyirsinizsə, o zaman bir balaca fanatik olmalısınız. Bu zaman dağlara tez-tez getməli olacaqsınız.  Siz fikirləşirsiniz ki, Türkiyəyə dənizə gedim, yoxsa soyuq dağlara, normal insan əlbəttə, deyəcək ki, dənizə gedim.  Ancaq fanatiklər deyəcək ki, dağlara gedirəm. Ola bilər ki, dağlara bilet pulu bütün Türkiyə turundan baha olsun. Amma siz gedib Türkiyədə beşulduzlu oteldə qalacaqsınız. Ancaq Pakistana yüksək dağlara gedib çadırda qalacaqsınız. Bilmirəm, otdan başqa nə yeyəcəksiniz (gülür), amma çox pul xərcləyəcəksiniz. 

- Dünyanın ən yüksək zirvələrində olmusunuz. Bəs sizin bu zirvələrə qalxmaq üçün nə qədər xərciniz çıxıb?  Məsələn, Everest üçün nə qədər xərc çəkmişdiniz?

- Deməli, alpinizmin iki dənə forması var. Kommersiya  və idman alpinizmi.  Kommersiya alpinizmi son 20-25 ildir ki,  inkişaf etməyə başlayıb.  Hazırda çox populyardır.  Tutaq ki, 40 yaşlı biznesmen adam var və o heç vaxt dağlara getməyib.  Təcrübəsi yoxdur, idman ustası deyil. Avadanlıqdan necə istifadə etmək lazımdır, onu da bilmir.  Ancaq bilir ki, kommersiya şirkətləri var  ki onlar zirvələrə tur təşkil edirlər. Onlar həmin şəxslər üçün proqram tərtib edirlər,  əvvəlcə 1-2 ilin içində asan dağlara tura aparırlar və mahiyyəti başa salırlar.  Sonra isə Everestə aparırlar. Bu forma ən baha formadır.  İndi təkcə Everest üçün tanınmış şirkətlərin qiymətləri 60 min dollardan başlayır. Ancaq idmançı kimi dağa gedirsinizsə, artıq pul xərcləmirsiniz. Bütün işləri siz özünüz edirsiniz.  Burada bir məsələ var ki, Nepal və Çin permit üçün əlavə pul götürür. Bura xərc 11 min dollardır.  Qalan xərcləriniz sizə qalacaq. Beləliklə, idmançının ümumi xərci 15-20 min dollar təşkil edəcək. Kommersiya alpinizmindən fərqi ondadır ki, idmançı hər şeyi özü edəcək, düşərgəni özü quracaq.  Öz avadanlıqlarını, yeməkləri, çadırı bir düşərgədən o biri düşərgəyə özü daşıyacaq. Oksigen istifadə etsə, onu da özü daşıyacaq. Kəndirləri özü asacaq.  Nəsə olsa, ondan özü çıxacaq. Təhlükə də çoxdur. 
Mənim 2007-ci ilin Everest ekspedisiyamın xərcləri 20000 dollar tutub.

- Ən yüksəyə qalxırsız,  bu  həm də adrenalindir,  eyni zamanda təsəvvür etmək çətindir ki, o an siz nə hisslər keçirirsiniz? Çünki qalxdın, amma düşmək də lazımdır...

- Bu bir adrenalin, eyforiyadır.  Əsl alpinistlər “zirvəni fəth etdim” deməyi xoşlamırlar. İmkan olanda biz zirvəyə qalxırıq.  Nə etsək də, zirvə, təbiət bizdən güclüdür.  Əgər desək ki, biz ilin bütün fəslində o zirvələrə qalxacağıq, bu düzgün deyil.  Yüksək dağlar üçün il ərzində yalnız qısa vaxt var ki, hava şəraiti yaxşı olsa qalxa bilərsiniz. Ona görə fəth etmək sözündən bir az xoşum gəlmir. Məsələn, siz Everestin zirvəsində olanda başa düşürsünüz ki, bu nöqtə dünyanın ən hündür nöqtəsidir. Bütün dünya ayaqlarınızın altındadır. Bundan yüksəyi yoxdur. Siz bu yüksəklikdə uçan təyyarələri görə bilərsiniz. Hətta ola bilər ki, təyyarə sizdən də aşağıda uça bilər. Siz bunu dərk edəndə adam eyforiyaya qapılır. Amma əsas zülm qalxdıqdan sonra başlanır, çünki aşağı düşmək lazımdır. Təcrübəli alpinist öz gücünü elə normal formada hesablamalıdır ki, həm qalxa, həm də düşə bilsin.  Hansı düşərgədən qalxmışdıqsa, o düşərgəyə sağ-salamat qayıtmalıyıq. Biz o zaman bir-birimizi təbrik edirik. Zirvədə bir-birimizi heç vaxt təbrik etmirik.  Adətlərimiz belədir. 

- Düşmə zamanı hansı xüsusi çətin vəziyyətləri yaşamısınız? Bu elə bir haldır ki, helikopter də köməyə gəlməyə bilər...
 
- Bəzi problemlər ola bilər. Orda nəsə sizdən asılıdır, nələrsə asılı deyil. Amma siz dağa çıxanda başa düşməlisiniz ki, oranın öz qanunları var və onu qəbul etməlisiniz. Tutaq ki, siz düşərgədə oturmusunuz, iki gün güclü qar yağıb.  Qar qurtarandan sonra deyirsiniz ki, nə qəşəng, "ryukzak"ımı götürüm, qaçım zirvəyə. Bu səhvdir. Deməli, bütün dağların divarları və yamacları  qarın altındadır. Siz bir-iki gün gözləməlisiniz ki, bu qar aşağı düşsün.  Əgər bunu etməsəniz, qar uçqunu olsa sizi aparacaq.  Sonra başa düşməlisiniz ki, ən çətin marşrutları səhər tezdən keçmək lazımdır.  Çünki ola bilər ki gün çıxandan sonra buzun içərisində olan daşlar əriməyə başlayır və onlar düşən zaman sizə dəyə bilər. Bədən yüksəkliyə hazır olmalıdır. Texniki avadanlıqlardan istifadə etməyi, harasa düşmüsünüzsə ordan özünüzü necə xilas etməyi bacarmalısınız.  Reallıqla əlaqəni itirmirsinizsə, o alpinist vaxtında başa düşməlidir ki, ekspedisiyanı sona çatdırmaq lazımdır. Adam var ki gedir, amma qayıda bilmir.  Məsələn, biz Firuz ilə Shishapangma dağında olanda hadisə baş verdi və biz vaxtında başa düşdük ki, aşağı düşmək lazımdır. Allah bizi saxladı. Bir günə 6800 metrə qalxdığımız nöqtədən iki günə düşdük. Xəstə vəziyyətdə sürünürdük. Məndə indiyə kimi 88 dənə ekspedisiya olub. Onun 74- ü uğurlu olub.
 
-  Görünür, 2014- cü ildə dayıoğlunuz Murad Aşurlı Ama Dablam zirvəsindən düşərkən reallıq məsələsinə bir qədər diqqət yetirmədiyi üçün faciəli şəkildə həlak olub...

 
- Bu, mənim üçün ən çətin sualdır. Mən deyirəm ki, bəlkə təqsir məndədir. Biz bir yerdə 1998-ci ildə dağlara getmişdik. Ondan sonra Murad bir neçə il ərzində dağları yaddan çıxardı. Ancaq mən Everestə qalxandan sonra o yenə də bu işə qayıtdı. Düzdür, biz ailə içində çox mübahisə etmişik. Mən deyirdim ki, Murad evdə qal, mən qalxmışam, bəsdir, qurtaraq. Onun da atası, anam da deyirdi ki, bu işdə nə tapmısınız? Yaxşı, sən gedirsən, Murad niyə gedir?  Biz onunla birgə cəmi bir neçə dəfə dağlarda olmuşuq. Qoca La aşırımına Şahdağ, Qızılqaya və Elbrusa qalxmışıq. O biri ekspedisiyalara Murad özü gedirdi. Mən ondan nigaran qalırdım. Ondan yaşca böyüyəm.  Çünki valideynlər hamısı deyəcəkdi ki, İsrafil, sənin zibillərindir. 
 
Bu, çox böyük bir itkidir. Mən 2007-ci ilin mayın 19-da səhər saat 6-da Everestin zirvəsinə qalxmışam. Həmin gün eyni saatda 6 ildən sonra Murad Everestə qalxıb. Belə planlaşdırmaq çox çətindir. Havadan, gedəcəyin marşrutdan çox şey asılıdır. 2014- cü ildə Murad Ama Dablama getməyi planlaşdırırdı. Həmin vaxt may ayında mən Firuzla Shishapangmada olduq. Ondan sonra bərk xəstələndim. Avqusta kimi halım çox pis idi. Murad mənə deyəndə ki, dağlara gedir, onla çox mübahisə etdim ki, “görmürsən mən nə vəziyyətdəyəm, sən də deyirsən ki, dağlara gedirəm, sən get ailəni qur”. Deyirdi ki, nişanlısı var, gələn il ailə quracaq. İndi də onun başı kitab yazmağa qarışmışdı. Oktyabrda Nepala Ama Dablama getdi. Çox tələsirdi, yarım ilin içində kitab yazdı. Mən də gülürdüm ki, Murad, sən hara, kitab hara.  Kitabın sonuncu nöqtəsinə yazıb ki, növbəti planı K-2-yə qalxmaqdır. Ancaq Nepala gedib və oradan qayıtmayıb. Mən o vaxtı Şimali Amerikada olmuşam. Beynəlxalq Alpinizm konferansında iştirak edirdim. Vaxtım var idi, fikirləşdim ki, gedim Raynir dağına qalxım. Raynirin kampına çıxıb gəldim. Orda telefon işləmirdi, amma internet var idi.  Hazırlaşırdım ki, səhər 4-də zirvəyə çıxım, həmin vaxt Katmandudan mesaj aldım ki, Murad dağdan düşüb.  Vəziyyəti barədə dəqiq məlumat yox idi. Veşlərimi yığdım, gəldim  hava limanına. İndiyə kimi ən uzun uçuşum olub.  Əvvəlcə, Kanadaya uçub və ordan Nepala uçmalı idim, amma vizam olmadığına görə məni təyyarəyə  buraxmadılar. Syetldan, ordan Los Angelesə, sonra Quancouaya, ordan da Nepala uçdum. Fikirləşirdim ki, Murad sağ qalıb və xilasedicilərlə birgə onu gedib xilas edəcəyəm. Nepalda dostlarım mənə hava limanında dedilər ki, heç yana getmək lazım deyil, helikopterlər Muradın cəsədini Katmanduya gətirib. Mən istəyirdim ki, onu Azərbaycanda dəfn edim. 

-  Bəs harada dəfn olunub?

-   Murad Moskvada anadan olub. Son 10 il Amerikada yaşayıb. Amerika vətəndaşı idi. Orada işləyirdi. Dayım dedi ki, mən istəyirəm ki, Muradı Nepaldan Amerikaya aparasan. Onu Dallasda  dəfn etdik. Oktaybrın 21- i onun ölümündən 3 il ötəcək. Mən də, dayım da  o zaman Amerikada olacağıq. 
 
-  İndi Murad bəyin cəsədi xilasedicilər tərəfindən tapıldı, basdırıldı. Ancaq elə situasiyalar ola bilər ki, ümumiyyətlə cəsədin tapılmasın, qar uçqunun altında qalsın. Bu nöqteyi- nəzərdən də çox kədərlidir ki, insanın basdırılmağa cəsədi olmaya bilər. Hətta bu durumları da nəzərə alıb dağa çıxırsınız...
 
-  O qədər belə hallar olur ki. Qar uçqununa düşürsən. Ya da ki bilirsən ki, cəsəd ordadır, ancaq düşürmək mümkün deyil. Ona görə də biz həmişə deyirik ki, ən yaxşı alpinist sağ alpinistdir. Həmişə başa düşməlisiniz ki, bu böyük bir riskdir. Ona görə də təcrübə yığmaq lazımdır. Bədbəxt hadisələr də çox vaxt insan faktorundan asılıdır. Ambisiya real olmalıdır. Əgər dostlarınla gedirsənsə, bilməlisən ki, çətin durumda onlara yardım etməlisən. Etməsən, adam ölə bilər. Ola bilər ki, sənin ekspedisiyanda deyil, başqa ekspedisiyada kiminsə başına iş gəlsin. Sən qalxmağı dayandırıb kömək etməlisən. Köhnə sovet məktəbi belə idi. Kimsə çətin vəziyyətdə olanda sən tüpürməlisən zirvəyə və gedib kömək etməlisən. Xaricdə isə bir qədər soyuqqanlı yanaşırlar  və deyirlər ki, bu yolu adam özü seçib. Mən niyə görə kimisə çıxartmaq üçün ölməliyəm? 
 
-   Alpinizm digər idman növlərindən ona görə fərqlənir ki, burada yaşadığın anları izləyicilərə anbaan paylaşa bilmirsən.  Vəziyyət ancaq sənə agah olur.  Eyni zamanda başqa idman növlərində idmançılar mükafatlar da alır. Bəs sizin mükafatınız nədir? 
 
-  Burada bəzi formalar var. Kimsə özü üçün sponsor tapır.  Əgər İsveçrədə yaşayırsınızsa və sizə sponsor lazım olsa onu tez tapacaqsınız. Orada alpinizm çox populyardır. Çünki dağçılıq mədəniyyətinin tarixi 150 ildən çoxdur.  Həm də orada hökumət tərəfindən də alpinistlərə dəstək olunur. Amma bizdə bir balaca problemdir.  Olimpiya idman növlərinə kömək edilir. “Nə alpinizm ?” “Bəlkə, siz bizi aldadırsınız?”  “Biz necə başa düşək ki, bu Everestdir?” deyirlər. Çox vaxt feysbukda yazırlar ki, bu gopçudur, Everest ola bilməz. “Everestə qalxsa, bu ölərdi e?” “Ora  da qalxmaq olar?” “Görün necə orada bayraqla durub?”  “Harasa qalxıb yalandan deyir ki, Everestdir”.  
 
Mənim əvvəldən yolum bu olub ki, ekspedisiyalarım üçün pulumu özüm qazanım. Heç vaxt heç kimə ağız açmaq istəmirəm.  Bu zənnimcə, ən qısa və düzgün yoldur.  Əgər sən sponsordan pul götürürsənsə, deməli, onun bayrağını daşımalısan. Mən də bilmirəm ki, bu şirkət nə ilə məşğuldur.  Dağlara gedəndə yeganə olaraq Azərbaycan bayrağını özümlə götürürəm. 16 ilin içində nə qədər dağlar gəzmişəm. İki il qabaq mən Everestdə və Kançencanqayada olan bayrağı  Bayraq Meydanındakı muzeyə hədiyyə etmişəm. Orada ilk Azərbaycan Demokratik Respublikasının bayrağı da var. O bayraqlar içərisində mənim də bayrağım var. Bu mənim üçün böyük bir şərəfdir.  Düzdür, mən fikirləşirəm ki, günün birində Qarabağın ən yüksək zirvəsinə həmin bayrağı götürüb qaldırım. Bunu mən ya yaxud Firuz, ya da digər alpinistlərimiz, fərqi yoxdur, kimsə etsə, mənim üçün lap ən böyük şərəf olardı.  
Məndə indi təzə Azərbaycan bayrağı var və hazırda onu daşıyıram.  Elə olub ki, uşaqlardan kimsə üçünsə Gənclər və İdman Nazirliyindən kömək  istəmişəm, amma özüm üçün heç vaxt. 2010-11-ci illərdə bəzi gənclər ekspedisiyalara gedəndə nazirlik dəstək olub. 
 
- Həm də sizin üstünlüyünüz odur ki, özünüzün şəxsi biznesiniz var və xərcləri qarşılaya bilirsiniz...

 
- Bəli. Biz tək  Rusiyada deyil, Ukraynada, Qırğızıstanda, Qazaxıstanda, Belarusiyada telekommunikasiya və İT sahəsində xeyli işlər görürük.  Bir vaxtlar Azərbaycanda da işləmişik. “Nar Mobile” təzə açılanda “Ericsson”la birgə bütün xətləri biz çəkmişik. 

- Çox maraqlıdır ki, Murad bəy Amerikada telekommunikasiya sahəsində menecer olub.  Bu ailəvi biznesdir, yoxsa təsadüfdür? 
 
- Bəli, o da “Ericsson”un top meneceri olub.  Mənim babam rus dilini bilmədən Moskvada teleradio akademiyasını  qızıl diplomla bitirib və Azərbaycana qayıdıb.  Dayım, əmim və mən Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişik. Onlar da energetik olublar, mən də. Murad dağlara getdi, mən də dağlara getdim. Mən Everestə qalxdım, Murad da qalxdı. Mən telekomda işləmişəm, Murad da. Muradın atası da mənim şirkətimdə işləyir. Bir-birimizə həmişə dəstək oluruq. Aşurlılar dünyada çox azdır, həm də bir-birlərinə qohum çıxırlar. 
 
- Hamınız Moskvada yaşayırsınız? 
 
- Anam Bakıda yaşayır. Mən də Moskvada yaşamaq istəmirdim. 1993- cü ildə yaxın bir adamım Moskvaya getdi. O orada çox çətinlik çəkdi. Məndən xahiş etdi ki, gedim onun yanında olum. Bakıda proqramist kimi işləyirdim. Yarım il müddətində dayanmadan məndən xahiş etdi ki, onun yanına gedim. Mən təklifi bu gün-sabaha salırdım. Amma günün birində başqa yaxın dostum dedi ki, o, sənə bilet alıb və sən Moskvaya getməlisən. Bu adam səni yarım ildir ki, gözləyir.  Qayıdacam deyə-deyə, birinci dəfə Bakıya 4 ildən sonra qayıtdım.  O illərdə Moskvada maraqlı proseslər gedirdi.  Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtmalıyam.  Belə keçmişə baxanda artıq 24 ildir ki, Moskvadayam.
 
-  Xarici səfərləriniz də çox olur, il ərzində neçə dəfə  ananızı görə bilirsiz? 

-  İmkan olan kimi anamın yanına gəlirəm. İndi də Bişkekdən Moskvaya qayıtdım, ailəmi və Muradın atasını da  götürüb Bakıya gəlmişik. Uşaqlar da məni gözləyir ki, müsahibədən sonra onlarla şəhərdə gəzim. Federasiya prezidenti işləyəndə tez-tez bura gəlirdim.  Amma indi işlə, ailəylə bağlı vaxtım  elə də yoxdur. Anam da imkan olanda Moskvaya bizi görməyə gəlir. 
Çünki 24 saatın içində mən işləməliyəm, ailəyə vaxt ayırmalıyam, həm də dağlar haqqında fikirləşməliyəm. Mən 6 il federasiya prezidenti olanda bizim alpinistlər üçün ekspedisiyalarda iştirak etməuə kömək edirdim, beynalxalq yarışlara və alpinist düşərgələrə camaatı yollayıb özüm dağlara tez- tez gedə bilmirdim. Fikirləşdim ki, artıq prezident olduğum kifayətdir. Çünki 5-10 ilim qalıb ki, indiki formada yüksək və mürəkkəb dağları gəzim. Bakıda “Everest” filminin təqdimatı olanda gənclər sosial şəbəkələrdə öz şəkillərini yerləşdirib yazırdılar ki, onlar Azərbaycan alpinizmin gələcəyidirlər. Mən, şəkili yerləşdirən insanın, kommersiya alpinizminin bizdə əsas istiqamət kimi inkişaf etdirmək istəyən insan kimi tanıyırdım. Mən bunu görəndə pis oldum. Çünki bilirəm ki, bu bir qədər düzgün yol deyil. Belə olarsa Azərbaycanın gələcəyi sıfırdır. Kommersiya alpinizmi pis şey deyil, amma bizə o yox,  alpinizmin klassik məktəbi lazımdır. Biz əsas sağlam millət və real idmançıları yetişdirməliyik. Kommersiya alpinizmi idman növü kimi inkişaf edə bilməz. Və ona görə Firuz ilə bir yerdə biz idman alpinizmini indidən elan edirik.  Sovet vaxtında heç kim Azərbycandan biz olan, və arzularımızda tütən  zirvələrdə olmayıb. Və biz bu yolu doğru yol kimi görürük.
 
- Yəqin ki, siz Moskvaya getməsəydiniz, bu uğurlara imza atmayacaqdınız...

- Mən Moskvaya getməsəydim, indiyə kimi Azərbaycandan heç kəs Everestə qalxmayacaqdı.  Mən gedib orada düz adamlarla tanış oldum. Onlar mənim qolumdan tutub bu idmanın içinə gətirdilər. İlk dəfə 28 yaşında dağlara getmişəm. Ondan əvvəl də idmanla məşğul olmuşam, fiziki cəhətdən yaxşı olmuşam. Bundan sonra da nə qədər yaşayacağamsa, ola bilsin ki, çətin dağlara yox, amma Elbrusa mütləq qalxacağam. Çünki mən dağ adamıyam. 

- Alpinizmdə deyəsən yaş məhdudiyyəti yoxdur...

- Bəli, yoxdur. Əgər siz yaxşı formadasınızsa və özünüzə desəniz ki bunu bacaraqsınız, o zaman nail olacaqsınız. Mənim təlimçim Vladimir Şatayev əfsanəvi bir adamdır. Onun 80 yaşı var. Bu il ad gününü Nepalda keçirib. Planlaşdırırdı ki, 6187 metrəlik Paçarmo zirvəsinə qalxsın. Amma orada hava şəraiti çox pis olub deyə qalxa bilməyib. Amma ordan qayıdıb avqust ayında Elbrus dağına qalxıb. Avropanın yüksək zirvələrinə 50-60 dəfə qalxıb. 
 
- Elə bir peşə seçmisiniz ki, bu ailə tərəfindən əminəm ki, ilk başlarda, elə bəlkə də indi də müsbət qarşılanmır, yəni bir növ dəstəksiz qalırsan. Güman ki  valideynləriniz tərəfindən sizə də etirazlar edilib.  Necə mübarizə apardınız? 
 
- Elə əsas problem odur.  Mən subay olanda birinci dəfə dağlara gedəndə həmişə öz anamı aldadırdım.  Deyirdim ki, kurorta gedirəm. Anam inanırdı. Amma yüksək dağlara gedəndən sonra, ətrafımdakılar soruşurdular ki, sən haralısan . Deyirdim ki, Azərbaycandanam. Deyirdilər ki, burada Azərbaycandan  heç kim olmayıb.  Kimsə bilir, sonra jurnalistlər müsahibə almaq istəyir.  Artıq ananı aldatmaq olmaz.  Ona görə də anama dedim ki, alpinizmlə məşğul oluram.  Ondan qabaq isə motosiklet sürmüşəm. Onda anam dedi ki, heç olmasa motosikletdən qurtardın,  min şükür.  Mən dağlara gedəndə ailəm çox nigaran qalır. Məsələn, xəbərlərə baxıb eşidirlər ki, tutaq ki, Pamirdə hansısa hadisə baş verib.  Bunlar bilmir ki, mən Pamirdə deyiləm.  Himalay dağlarındayam. O saat fikirləşirlər ki, orada İsrafilə nəsə olub. Əlaqə də saxlaya bilmirlər. Normal telefon yoxdur. Peyk telefonu ilə bir neçə gün sonra əlaqə saxlayırsan və başa salırsan ki, Pamirdə deyildin. Valideynlərə bu vəziyyəti anlamaq çətindir. Yaxın adamların ürəyi həmişə ağrıyır. Bu idmanın bir  cəhəti də var da, adamı eqoist edir. Amma bu məni sevən yaxınlarım üçün çətin bir imtahandır.  Düzdür, mən də əziyyət çəkirəm, amma onlar da nigaran qalırlar axı. Ona görə də mən baxanda görürəm ki, bu idman eqoizm kimi bir şeydir.  Həm də övladlarım üçün çox darıxıram.  Yüksək dağlara gedəndə elə bir gün yoxdur ki, mən uşaqlar üçün darıxmayım.
 
- Bildiyimə görə, iki oğlunuz var...
 
-  Böyük oğlum Aslanın 8 yaşı var. Üçüncü sinifdə oxuyur.  Balaca oğlum Əli isə hələ uşaq bağçasına gedir. Amma mən istəmirəm ki, onlar alpinizmlə məşğul olsun. Ailədə bir dənə alpinist kifayətdir (gülür). 
 
-  Xanımınız nə işlə məşğuldur...
 
-  Mariya anadır. O, Moskva Dövlət Universitetini qurtarıb. Amma uşaqlarla məşğuldur. 
 
- İsrafil Aşurlı beynəlxalq dərəcəli hakim, peşəkar alpinist, şirkət prezidentidir.  Ancaq müsahibə boyu hiss etdim ki, sizin ruhunuz məhz alpinizmdədir, ürəyiniz onla döyünür...

 
- Çətin sualdır. Mən həmişə buna hobbi kimi baxırdım. Mən deyə bilmərəm ki, professionalam. Bu mənə pul vermir. Sadəcə mən burada pul xərcləyirəm. Ancaq alpinizm böyük bir məktəbdir. Çox şadam ki, yolum dağlara düşdü. Həm biznesdə, həm də ailəmdə bu peşə mənə çox dəstək olub. Çünki alpinizm insana müsbət xarakter verir.  Müəllimim Şatayevin “ “Kateqoriya trudnosti” adlı  kitabı var. O  vaxt bu kitab beş dəfə çap olunub. Rusiyada, Amerikada, Polşada, Bolqarıstan və Çexiyada. Bu kitab həqiqətən bestsellerdir. Sonuncu dəfə 1 il bundan qabaq çap olunub.  O kitabda yaxşı bir cümlə var. Deyir ki, “alpinizm bütün millət üçün kişiliyin inyeksiyasıdır”. Yəni almazı götürüb ondan brilliant hazırlamağa bənzəyir. Yəni adam almazdırsa, brilliant olacaq. Məsələn, kimsə deyir ki, Pobeda dağına qalxacaq. Pobeda elə dağdır ki, hər adamı özünə buraxmır. 1-2-3 il orada gedib düşərgədə çıxa bilməzsən. Hava səni buraxmır. Amma sən qalxmadığın vaxtda kimsə mürəkkəb  marşrutla ora qalxıb düşür. 
 
- Bir dağa qalxmaq üçün bir il öncədən öz bədəninizi buna hazırlamalısınız. Qida rasionunuzda bu müddət ərzində nələrə üstünlük verirsiniz? Bədəninizi necə qoruyursunuz? 

 
- Əgər siz idmançı kimi getməyə hazırlaşırsınızsa, bunun üçün qrafik qurmalısınız. Ekspedisiyadan əvvəl bədəninizin hansı formada olmalı olduğunu bilməlisiniz. Güclü məşq edirsinizsə, ekspedisiyadan bir neçə həftə qabaq məşqi dayandırmalısınız. Yüksək vitaminlər qəbul edib immuniteti gücləndirmək lazımdır. 
 
- Adi həyatda insanlar adətən nəyəsə nail olanda bunu zirvə kimi dəyərləndirir və özünü orada xoşbəxt hiss edir. Sizin üçün isə zirvə anlayışı elə gerçək zirvədir, yüksəklikdir, siz orada xoşbəxtsiniz...
 
- Ən böyük xoşbəxtliyim evimin qapısını açanda olur.  Uşaqlarımı, həyat yoldaşımımı və anamı görəndə xoşbəxt oluram. Uşaqlar üstümə qaçaraq ata, ata gəldin deyir və məni qucaqlayır. Kulminasiya nöqtəsi mənim üçün budur. 
 
-  Dağlarda  vəhşi heyvanlarla da qarşılaşırsınız. Onlarla necə mübarizə aparırsınız? 
 
- Mübarizə aparmırıq. Heç  vaxt ayıları görməmişəm. Dağ bəbiri adamlardan qorxur. İmkan olanda yeməklərimizdən oğurlayır. Axırıncı dəfə dağ keçilərini gördük,  onlara yemək verdik deyə bizi gecə yatmağa qoymadılar. Bütün yeməklərimizi yedilər. Qovmağa da qorxurduq ki, çadırı buynuzları ilə dağıdacaqlar. Biz dağlara gedəndə bilirik ki, orada qonağıq. Ona görə də adam özünü qonaq kimi aparmalıdır ki, təbiətə ziyan verməsin. Dağda qoyduğun zibili də mütləq aşağıya düşürməlisən. Hətta başqasının zibilini də atmalısan. 

-  Siz indiyə kimi dünyanın bütün qitələrinin ən yüksək zirvələrinə qalxmısınız.  Müsahibədən əvvəl Qafqazdan xüsusi həvəslə danışdığınızı hiss etdim. Bir şairimiz də şeirində deyir ki, “Qafqaz bir Allahdır, enib yer üzünə, biz bəndələr bacarmırıq hələ onu sevməyi”. Bu  baxımdan yanaşdıqda indiyə kimi qalxdığınız dağlar içərisində sizə ən doğma olanı hansıdır?

-  Himalay böyük dağdır. Bir neçə ölkənin ərazisindədir. Mən belə dağlardan qayıdanda sıxılmış limon kimi oluram. Özümə gəlməyim üçün yarım il vaxt lazımdır. Ən qısa zamanda mən formama Qafqaza, ya da Fransa Alplarına qalxdığımda  gəlirdim. Bu iki dənə yer mənim üçün məskəndir. Hansı ki mən orada enerji və güc yığıram. Mən çox dağlarda olmuşam. Onlar gözəldir, yüksəkdir. Ancaq mənim yurdum Qafqazdır. Qafqaz dağı mənə nə güc verirsə, ifadə edə bilmirəm. Orada dayananda deyirəm ki, hər şeyi bacararam. Qafqaz mənim üçün ev kimidir. 

-  Söhbətin sonunda İsrafil Aşurlunun davamçısı Firuz Dadaşov bizə Qafqaz dağları təəssüartlarından danışır:

“Biz əvvəldən iki ay müddətində 12-yə yaxın zirvəyə qalxmağı planlaşdırırdıq. Bəzi icazə məsələləri, transport problemləri oldu. Ancaq Azərbaycandan heç bir alpinistin olmadığı zirvələrdə olduq. Şimali Qafqazın ən gözəl zirvəsinə çatdıq. Sərhəddə idik. Ancaq icazə ala bilmədik. Amma biz yolunu artıq bilirik. Gələn il  bizi buraxacaqlar. Həmin zirvələri biz Azərbaycan baxımından da tanıdırıq. Adımızı “Baku“ qoymuşduq. Orda xilasedici qrupun rəhbəri hər səhər duranda “Baku priyom” deyirdi. O birilərini isə soyadla çağırırdılar. Alpinistlər də hamsı ratsiya ilə “Baku” adını eşidirlər. Heç vaxt heç kim “Firuz, İsrafil” demədi. Orada  mənim dostlarım çox idi. Aşağıda bizi görəndə təəccübləndilər. Deyirdilər ki, Bezenqi hara, Bakı hara. Qafqaz Himalayı Qafqazın ən soyuq yerlərindən biridir. Orada asan marşrut yoxdur. Sovet alpinizminin ən məşhur simaları ordan çıxıb. Qafqaz inkubatordur. Birinci ordan başlamaq lazımdır”.
 
İsrafil Aşurlı: “Alpinizm bir fəlsəfə idmanıdır. Uşaqlar çalışırlar ki, ən yüksək zirvəyə qalxsınlar. Mənə yazırlar ki, Everestə qalxmaq istəyirlər, ya da Elbrusa. Mən başa düşürəm ki, bunun günahkarı özüməm. Mən bilmirdim ki, ondan əvvəl alpinist kimi yetişmək üçün xeyli vaxt itirmişəm. Biz 2011-ci ildə ekspedisiyanı Lenin zirvəsinə qalxmaq üçün hazırladıq. O zirvənin hündürlüyü 7134 metrdir. Mən özüm ora 2004-cü ildə klassik yolla getmişəm. Həmin 2011- ci ildə Kançencanqayaya (8586 metrə) qalxdım. Orada çox güclü alpinist olan Nikolay Totmyaninlə bir qrupda işləmişəm. Rəhmətlik Aleksey Bolotov bizim kapitanımız olub. Biz üçümüz birinci zirvəyə çıxmışıq. Mən onda Nikolaya dedim ki, bizdə bir neçə gənci ekspedisiyaya aparsın və onlara liderlik etsin. Və o uşaqları elə bir marşrutla apardı ki, 10 il belə marşrutla Lenin zirvəsinə heç kim getməyib. Uşaqlar düz divarla qalxıblar. Və digər alpinistlər məəttəl qalıblar ki, Azərbaycanda da belə alpinistlər var. Everestə qalxmaq üçün 16 marşrut var. İstəyirəm ki, azərbaycanlılar öz xətlərini qursunlar və tarixdə qalsınlar. Gənclər alplagerə getsinlər və dərəcə alsınlar. “Azərbaycanlıların marşrutu” adını qazansınlar”.

Günel Türksoy

Foto, video: Nuran Məmmədov