İt uşaqları… -

it-usaqlari-
Oxunma sayı: 2377

 

Nevropatoloq düz yarım saat gecikir. Biz növbədə 7-ciyik. Həkimin hər uşağı müayinə etməsi azı 30 dəqiqə çəkir. 3-cü uşağın ağzına qaşığı soxanda elə bağırır ki, əsəblərim dözmür. Çıxış yolunu həmin uşağın koridorda bizim yanımızda dayanıb 15 yaşlı oğluma Coca-Cola içməyin ziyanından danışan nənəsindən (anası uşaqla birlikdə içəridəydi) qisas almaqda görürəm:

- Xanım, bu uşağı həkimə niyə gətirmisiz?

- Diş çıxardır, bir az əsəbidir.

- Diş çıxardanda bütün uşaqlar əsəbi olur da, ondan ötrü həkimə nə ehtiyac var? - ona irad tuturam.

- Baxmayın, nə qədər olmaya, adam rahat olur, - yaşlı qadın bir qədər pərt halda gülümsəyir.

- Deməli, öz rahatlığınız üçün, uşağa işgəncə verdirirsiz?

Qadın arvadımın üzünə baxıb kiriyir. Yəni, bunnan necə yola gedirsən?

Elə bu zaman poliklinikaya dazbaş, əllərində telefon, maşın açarları və siqaret tutmuş 35-40 yaşlarında iki nəfər daxil olur. Yanlarında qucağında fasiləsiz ağlayan 2-3 yaşında qız uşağı tutmuş bir qadın da var. Qadın da, uşaq da baxımsız və səliqəsizdirlər. Uşağın burnu axsa da, qadının əlində onun ağız-burnunu silmək üçün dəsmal və ya salfet yoxdur. 

Kişilərdən biri, nisbətən cavanı qarşısına çıxan ilk ağ xalatlıya "burda nervpatoloq hardadır?" sualını verir və yanımdan keçərək açıq qapıdan içəri soxulmaq istəyir. Ona içəridə adam olduğunu, bizim də gözlədiyimizi deyirəm. Amma mənə məhəl qoymadan içəri soxulur.

- Doktor, bir az əvvəl Gülbəniz xanım sizə zəng vurmuşdu, uşaq "sudırğa" keçirdib, xahiş edirəm, ona baxardınız.

Həkim ona və qadının qucağındakı uşağa ötəri nəzər salıb, əvvəlki pasiyentiylə məşğul olmağa davam edir. Amma onlar kabineti tərk etmirlər. Uşaq durmadan zırıldayır. Qapının ağzında mənim yanımda dayanan ikinci dazbaşa deyirəm:

- Başa düşürəm, uşaq ağlayır, amma biz burada bayaqdan növbədə dayanmışıq, heç olmasa, içəri girəndə üzr istəmək lazım idi. 

- Uşaq "sudırğa" keçirdib, ona görə, yoxsa adam heç buralara gəlmək istəmir, - o, bir qədər pərt halda cavab verir.

- Qardaş, biz də bura kefdən gəlməmişik, - ona cavab verdim, - mənim də 15 yaşlı oğlum 2 gün əvvəl “sudoroqa” olub, dilini boğazından güclə çıxarmışıq. Hamının balası baladır da... Görürük, uşaq ağlayır, amma ədəb-ərkan da yaxşı şeydir, içəri girəndə icazə almaq, üzrxahlıq etmək lazım idi. Biz burda balqabaq-zad deyilik ki...

Sözlərimi eşidən içəridəki dazbaş qapıya yaxınlaşıb deyir:

Girəndə üzr istədim də...

Mən eşitmədim, – ona deyirəm.

Yoox, vallah istədim...

Öz-özümdən şübhələnirəm: “Bəlkə, istəyib, mən eşitməmişəm?”

Növbədə məndən əvvəl olan və iki azyaşlı qızını həkimə gətirən 6-cı adama, balacaboy, qarabuğdayı oğlana göz eləyib kənara çağırıram:

Qardaş, mənim qulağım bir az ağır eşidir, xahiş edirəm, de görüm, o adam üzr istədi, ya yox? – astaca ondan soruşdum.

Heç ağzını açıb “mıqq” da eləmədi, gözünün içinəcən yalan deyir...

Aydındır, – deyib kabinetin qapısına qayıdıram. 

Həkim yazdığı resepti qıcolma keçirmiş uşağın yalançı və mədəniyyətsiz atasına izah edərkən, növbədə bizdən sonrakı – 11-ci olan bir qadın qəfil özünü içəri atır.

Həkim, bu uşağa da baxın, indi yatacaq, sonra ayılda bilməyəcəyik.

Xanım, yuxusu gəlirsə, qoyun yatsın, hələ sizdən əvvəl 4 nəfər var, – ona deyirəm, – ona qədər uşaq yatıb yuxusunu alar.

Yox, yatdısa, ayılmır, bir də getdi axşama, – o mənə deyir və üzünü yatan uşağı qucağında tutan nisbətən cavan qadına çevirib əmr edir: – Qoyma yatsın!

Ay xanım, mən xəstə adamam, şəkərim var, yeməyimin vaxtından keçib, gözləyə bilmirəm, xahiş edirəm, növbənizi gözləyin. Bunlardan sonra bax bu oğlandır, sonra bizik, bizdən sonra bax bu xanımdır, onun uşağı sizinkindən də körpədir,  – demək olar ki, ona yalvarıram. 

Neyniyim şəkərsən?! – o çəmkirdi, – mən də şəkərəm də...

Elə bil beynimə biz soxdular. Elə bağırdım, arvad da, dazbaşlar da, həkim də, balacaboy 6-cı oğlan da, hamısı dik atıldılar. O biri otaqlarda, ikinci mərtəbədə nə qədər ağ xalatlı vardı, hamısı tökülüb gəldi. Ağ xalatlılar mübahisənin pasiyentlər arasında olduğunu öyrənib, rahatlaşdılar və çıxıb getdilər. Mənsə bağıra-bağıra uzun bir nitq söylədim:

Mənim növbəm var və onu heç kəsə verən deyiləm! Gərək bunlara da verməyəydim! – Dazbaşları göstərirəm. – Uşaqdan sui-istifadə edirlər! Tərbiyəli adam mənim kimi, bax bu oğlan kimi (6-cı oğlanı göstərirəm), bu xanım kimi (qucağında südəmər uşaq tutmuş qadını göstərirəm) növbəyə yazılar, ağlayan uşağını kənarda ovutmağa çalışar! İcazə istəmədən, üzr istəmədən növbəyə soxulmaz! Hər yerdə qabağa düşməyə çalışırsız, irəli soxulursuz! Svetoforda, həkim növbəsində, supermarketdə! Hər yerdə! Hər yerdə abırlı, əxlaqlı, tərbiyəli adamların haqqına girir, payına şərik olur, qismətini əlindən alıb yeməyə çalışırsınız! İt uşaqları!

Heç kəsin səsi çıxmır. Heç kəs cavab vermir. Arabir məni sakitləşdirməyə çalışan arvadımın səsindən başqa heç nə eşitmirəm:

Sakit ol, əsəbiləşmə, indi şəkərin düşəcək, gəl otur, hirslənmə...

Dəhlizdə o yan-bu yana var-gəl edərkən, dazbaşlar yanlarındakı pinti qadın və artıq zırıldamağını kəsmiş uşaqla yanımdan keçib, çıxışa doğru gedirlər. Qəribədir, hamı kimi uşaq da səsini kəsib, daha ağlamır. Anasının çiyni üzərindən mənə baxır, burnunun seliyi, gözlərinin yaşı yavaş-yavaş quruyur...

Onlar poliklinikadan çıxıb qara rəngli “Meresedes-ML” markalı bahalı maşına əyləşirlər...  

“Qafqazinfo”