İtaliya səfirliyi Azərbaycan tələbələrinə niyə viza vermir?

italiya-sefirliyi-azerbaycan-telebelerine-niye-viza-vermir
Oxunma sayı: 3085

İtaliya ali məktəblərinə daxil olmuş onlarla azərbaycanlı tələbə bu ölkəyə giriş üçün viza ala bilmir.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, İtaliyaya getməyə çalışanların bütün lazımi sənədləri təqdim etmələrinə baxmayaraq, bu ölkənin səfirliyi səbəbini izah etmədən vizaların verilməsini yubadır.

Tələbələr müvafiq sorğularla Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət ediblər. Orada onlara söz veriblər ki, problemi araşdıracaq və onu həll etməyə çalışacaqlar.

Ancaq diplomatik mənbələrdən məlum olub ki, bizim respublikamızdan olan tələbələrə vizaların verilməsində səfirliyin imtinasının səbəbi son illər ərzində İtaliya universitetlərinin bir çox maarifləndirici proqramlar tətbiq etməsi və nəticədə bu ali məktəblərə Azərbaycandan həddən artıq gənclərin daxil olmasıdır. Amma diplomatik nümayəndəlik bu tələbələrin əksəriyyətinin nəinki italyan, o cümlədən başqa xarici dillərdə danışa bilməməsini nəzərə alaraq, bu kateqoriyadan olan şəxslərə vizalarının verilməsi qaydalarını sərtləşdirib.

Hazırda İtaliyada Azərbaycandan olan 1000-dən çox tələbə təhsil alır ki, bu da Avropa üçün kifayət qədər yüksək göstəricidir. Bu il isə İtaliya səfirliyinə bu qəbildən 500-dən çox müraciət daxil olub. Ancaq Avropadakı miqrasiya böhranı İtaliyanı da viza qaydalarını sərtləşdirməyə məcbur edib. Yeri gəlmişkən, bu istənilən suveren dövlətin hüququdur.

Bununla belə, Azərbaycanın müvafiq strukturları italyan tərəfilə daim əlaqədədir və problemi nəzarətdə saxlayır.