İtaliyada Azərbaycan musiqilərindən ibarət konsert - Fotolar

italiyada-azerbaycan-musiqilerinden-ibaret-konsert
Oxunma sayı: 1337

İtaliya Prezidentinin Kuirinale Sarayının Kapella Paolina zalında hər həftənin bazar günləri keçirilən, məşhur “Kuirinale Konsertləri”nin (Concerti del Quirinale) 14 oktyabr buraxılışı Azərbaycan musiqilərindən ibarət konsertə həsr olunub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, İtaliya Prezidenti Sarayında keçirilən bu təqdimat, eyni zamanda, “Kuirinale Konsertləri” proqramında yer alan və Rai Radio 3 ictimai radiosu vasitəsilə canlı olaraq geniş auditoriyaya təqdim olunan ilk Azərbaycan musiqi konserti olub.

Açılışında “Kuirinale Konsertləri” proqramının təsisçisi və aparıcısı professor Stefano Katuççi çıxış edərək konsertin AXC-nin100 illiyi və muğamın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycanın Milli Komissiyası və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəldiyini bildirib.

Bundan sonra ilk olaraq səhnəyə Belcan-Tar ansamblının üzvləri - Əməkdar artist, tarzən Sahib Paşazadə, violonçelist Pierluici Rucciero, skripkaçı Zoltan Banfalvi, pianoçu Luçiano Di Ciandomeniko dəvət olunublar. Ansamblın ifasında Üzeyir Hacıbəylinin “Koroğlu uvertürası”, “Arazbarı”, Qara Qarayevin “Yeddi gözəl valsı”, Fərhad Bədəlbəylinin “Şuşa”, Həsən Rzayevin “Çahargah rapsodiyası”, Cioakino Rossinin “Barbieri di Siviglia uvertürası” kimi əsərlər səsləndirilib.

Konsertin ikinci hissəsində “Qarabağ” musiqi qrupunun rəhbəri görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimov, qrupun üzvləri - Əməkdar artistlər Elçin Həşimov (tarzən), Elnur Əhmədov (kamança), Kamran Kərimovun (nağara) ifasında “Mahur Təsnifi”, “Qara tellər” kimi muğam, xalq və bəstəkar mahnılarımız təqdim olunub.