İtaliyadan gətirilən dekorativ bitkilərdə zərərvericilər aşkarlandı - Foto

italiyadan-getirilen-dekorativ-bitkilerde-zerervericiler-askarlandi
Oxunma sayı: 1421

İtaliyadan Azərbaycan Respublikasına idxal edilən dekorativ bitkilərə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən fitosanitar nəzarəti həyata keçirilərkən zərərli orqanizm aşkar olunub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, götürülmüş nümunələrin Respublika Karantin Ekspertiza Mərkəzində ekspertizası zamanı Pittosporum tobira Ball. bitkiləri üzərində karantin tətbiq edilən zərərli orqanizm olan Avstraliya şırımlı yastıcasının (Icerya purchasi Maskel, 1878) mövcudluğu təsdiqlənib. 

Karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq Dövlət Xidməti tərəfindən sirayətlənmiş bitkilərin məhv edilməsinə qərar verilib və bitkilər karantin tədbirləri sisteminə riayət edilməklə Sumqayıt şəhərinin "Təmizlik Departamenti" MMC-nin poliqonunda məhv edilib. 

Avstraliya şırımlı yastıcası bəzək və dekorativ bitkilərlə yanaşı, sitrus bitkilərinə, çəyirdəkli və tumlu meyvə ağaclarından isə şaftalı, gavalı, armudun təhlükəli zərərvericisi hesab edilir. Zərərverici, Avropa, Afrika, Şimali, Cənubi və Mərkəzi Amerika, Avstraliya və Okeaniyada yayılmışdır. Yastıcanın zədələdiyi kol və ağacların yarpaqları mövsümündən əvvəl tökülür, fotosintez prosesi zəifləyir, məhsuldarlığı aşağı düşür və ağacların qısa müddət ərzində quruyub sıradan çıxmasına səbəb olurlar. 

Aşkar olunmuş uyğunsuzluq barədə İtaliya Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına və Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatına notifaksiya göndərilib.