İtin gözünü çıxaran sabah manyak olacaq

itin-gozunu-cixaran-sabah-manyak-olacaq
Oxunma sayı: 2948

Azər Qismət

Güvən insanı bataqlıqdan çıxarar. Güvən insanı bataqlığa salar. O baxır güvən anının vaxtında, yerində verilməsinə. Sumqayıtda zavallı itin gözlərinin çıxarılması qırmızı xəttin keçilmısidir. “Qırmızı xətt” hər bir insanın hüdud xəttidir. O xəttə qədər cinayət törətmək istəyən bəndə çox götür-qoy edir, çox çarpışır, yaradanla müzakirəyə girir, “lənət şeytana” pıçıldayır. Əgər o qırmızı xətt keçildisə, daha o bəndənin qarşısını heç cür almaq mümkün olmaz.

Sumqayıtda itin gözlərini çıxaran da hüdud xəttini keçib. Uşaqdırsa – manyaklığa doğru yol alır. Sinif yoldaşlarını döyəcək, arvadını öldürəcək, həbsxanada təkrar cinayət törədəcək. Çünki o hüdud xəttini keçəndə kimsə qulağını divara mıxlamayıb, pxixoloq yanında saatlarla seansa yazdırılmayıb. Bəlkə də sahə müvəkkili kor itin alaqapı divarına yapışıb zingildəyə-zingildəyə arxa-dirək axtarmasını görüb əlini yelləyib. Daha düşünməyib ki, ərazidə gələcəyini zəhrimara döndərəcək, yeni cinayət seriallarına görə rəisindən töhmət aldıracaq yeni manyak yetişir. Məhz buna görə də zavallı heyvanın gözlərini çıxaran indidən tapılıb islah edilməlidir. Siyasətdə “preventiv tədbirlər” ifadəsi var. Buna qabaqlayıcı tədbirlər deyilir. Hansısa ölkənin qəbul edəcəyi qərarı əvvəlcədən bilib qabaqlayıcı tədbir görürsən. İtin gözlərini çıxarana da preventiv tədbir görülməsə, əziyyətini cəmiyyət çəkəcək.

Yəqin, Amerika istehsalı olan bir filmi xatırlayırsız. Adi adam tapança tapır. Günlərin birində onu yolda gedən vətəndaşa tuşlayır. Vətəndaş qorxa-qorxa cibində olanları ona verir. Doğrusu, o, tapançanın belə gücə çevriləcəyini, daha doğrusu onu güc sahibinə çevirəcəyini təsəvvür edə bilməzdi. Deməli, əlində tapança varsa, səndən qorxulur, sənə hörmət edilir. İnsanlar səndən qorxur. Əgər qorxursa, istədiyini onların üzərində tətbiq edə bilərsən. Bu gün tapança çəkirsən, sabah onu öldürürsən. Bu “Kamaz” sürücülərinin tez-tez qəzaya səbəb olmasına bənzəyir. Çox düşündürücü məsələdir ki, niyə əksər “Kamaz” sürücülərinin həyatında həmişə qəza ilə bağlı hansısa hadisə baş verir? Səbəb böyüklükdədir. İri maşının sükanı arxasına keçən istənilən sürücü görür ki, digər nəqliyyat vasitələri çox kiçikdir. Və bu zaman böyüklük iddiası yaranır. Qarışqanı əzmək istəyi. Hər şey xırdadırsa, deməli sən böyüksən. Böyüksənsə, xırda ilə oynamaq, sinirlərini pozmaq olar. Elə məhz bu səbəbdəndir ki, “Kamaz” sürücüləri kiçik maşınlara yol vermir, ötmə əməliyyatı baş verəndə maneçilik törədirlər. Elə itin gözlərini çıxaran da cəzasızlıq mühitini görüb sabah adamlara keçəcək. Böyük müharibələr də belə yaranır. Əvvəlcə kəndlərə, sonra şəhərlərə, sonda ölkələrə keçilir.

Bir ay əvvəl metronun “Elmlər Akademiyası” stansiyasının eskalatorunda yuxarı qalxarkən arxadan səs gəldi: “Çəkilin, çəkilin, yol verin”. Hamı arxaya döndü və düşünüldü ki, arxadan halı pisləşən xəstə gətirilir. Lakin məlum oldu ki, 17-18 yaşlı oğlan sadəcə mırt tutur. Hamı da müticəsinə çəkilib ona yol verdi, amma dodaqların altında deyingənlik əskilmədi. Başqa bir oğlan həmin mırt tutanı yarıda saxladı ki, hərəkətinə görə hesabat versin. Kiçik dərsdən sonra hamının dərs verən müəllimə hörməti artdı, “halaldır sənə” sədaları eşidildi. Bilirsiz sonra nə baş verdi? Növbəti günlərdə o “haqq-hesab müəllimi”ni yenə görürdüm. Oğlan ətrafa baxa-baxa gedir, sanki hardasa haqsızlıq axtarırdı ki, dərsini versin. İlahi, onun yerişi də dəyişilmişdi. O günkü “halaldır” sədalarından sonra başını uca tutaraq ayaqlarını geniş atırdı. Bircə dəstək insanı necə dəyişdirərmiş. İndi onu görmürəm. Ya dəstək anlayışından dəli olub, ya da özündən böyük filə rast gəlib, xəstəxanalıq ediblər.

Cəzasızlıq mühitinin son anlayışı qudurğanlıqdır. Sərhədi – o böyük “qırmızı xətt”i keçməkdir. Genişlik məfhumunda hərəkət edən bütün canlıların xırdalığıdır. Əzməyin yeni formalarının yaradıcı quruluşa salınaraq tətbir edilməsidir. Son anda yeni iddialardır. Kimsə belələrini yarıda saxlamalıdır. Saxlanmasa özü ilə yanaşı, cəmiyyəti də məhv edəcək.