İtin yemədiyini yeyənlər...

itin-yemediyini-yeyenler
Oxunma sayı: 2674

Nadir Qocabəyli

Uşaq vaxtı eşitdiyim bu məsəlin mənasını çox sonralar anladım: namusu itə atıblar, yeməyib...

Gənclərin müğənnilərə, artistlərə, siyasətçilərə, futbolçulara və sair sənət sahiblərinə fanatlıq etməsi bütün dünyada var. Bu, bir növ həm də dəbdir. Kökü tanınmış adamlara qarşı təbii meyildən doğsa da, şou-biznes sənayesi bunu gənclər arasında geniş təşviq etməklə böyük gəlir götürür.

Bir zamanlar Türkiyə telekanallarından birində İbrahim Ərkal adlı türk müğənnisinin Almaniyadakı konsertdə qızların hücumuna məruz qaldığını, köynəyinin cırıldığını, gənc qızların o köynəyin parçalarını bağırlarına basıb hönkür-hönkür ağladıqlarını görəndə xeyli təəccüblənmişdim. Mənə görə, o adam qətiyyən yaraşıqlı deyildi. Yeniyetməliyim və gəncliyimin bir hissəsi sovet dönəminə təsüdüf etdiyindən, bunu anlamaqda çətinlik çəkdim. Çünki o zamanlar kumirlərin və idealların daha çox şair və yazıçılar, bədəbəddə aktyorlar arasından seçilməsi təbliğ edilir, sevgi, məhəbbət, hörmət duyğuları gül-çiçək bağışlamaqla, uzaq başı mədəni şəkildə qucaqlayıb-öpməklə ifadə olunurdu.

Sovet ideologiyası müğənnilərin təbliği ilə xüsusi məşğul olmadığından, gənclər daha çox qadağa qoyulanlara pərəstiş, indiki təbirlə desək, fanatlıq edərdilər. Ancaq təmkinli kommunist dəsti-xətti burada da təsirsiz deyildi, yəni köynək cıranlara, üz-gözünü şaqqalayıb hönkür-hönkür ağlayanlara, kürəyə tullananlara rast gəlinmirdi.

Əlqərəz, fanatizmin rüşeymləri olsa da, özü yox idi. Bu toxumların cücərməsi üçün münbit şərait dünyaya açılmağımızla eyni anda başladı və nə başladı... Əgər əvvəllər siyasi arenada təkcə leninçi fanatlar idilərsə (hərçənd, onları fanat adlandırmaq da çətindir, çünki mavzoleyə məktub yazanlar belə, bunda konkret məqsəd güdür və çox vaxt istədiklərinə nail olurdular), indi nemətçilər, elçibəyçilər, etibarçılar, bozqurdçular, isaçılar, yurdçular, turançılar, irançılar, islamçılar, məzhəbçilər, nurçular, babçılar, qərbçilər, amerikançılar... peyda oldular.

Bəli, bu rüşeym halında olan fanatizmin cücərməsi, qol-budaq atıb çiçəklənməsiydi və ardınca təbii ki, şou-biznesin sırıdığı vulqar-bayağı (əslində heç başqa cürü olmur) fanatizmi gətirəcəkdi. Fanatik əhval-ruhiyyəli, fanatizmə meyilli adam üçün pərəstiş obyektinin nə və ya kim olması önəmli deyil. Bu, hansısa köhnə qəbiristanlıqdakı qara bir daş da ola bilər, meşədəki canavar da, Çe Gevaranın şəkli də ola bilər, Karl Marksın saqqalının tükü də, Maykl Ceksonun ayaqqabısının bağı da ola bilər, Enriki İqlessiasın cırıq şalvarı da. Ancaq adı fanatizmdir. Hər cür fanatizm insanın gözünü kor edir. İstər dini, istər milli, istər ideoloji, istərsə də, mədəni və ya mənəvi olsun...

Enriki İqlessiasın boynuna və belinə sarılıb, zəli kimi ondan qopmaq istəməyən qızcığaz əslində bu virusa yoluxub. Çünki vaxtında peyvənd olunmayıb. Amma burada qorxulu bir şey də yoxdur, qızılca kimi qısa müddətdən sonra keçib gedəcək. Təki sonradan başqa ağır və sağalması mümkün olmayan xəstəliklər tapmasın. Elə bu hərəkətinə görə onu az qala daş-qalaq etmək istəyənlər, dəbdə olan bir şeylə özünü bir növ ifadə etmək istəyən, bəlkə də, səmimi duyğularını cilovlaya bilməyən qızcığazı az qala vətən xaini, milli və dini düşmən, əxlaqımızı pozan təxribatçı-casus kimi qələmə verən milli və dini fanatlar kimi.

İnsanı, xüsusilə də, gənc bir insanı etdiyi bir hərəkətə görə (hətta bu hərəkətlər yanlış da olsa), daşqalaq eləmək düzgün davranış sayıla bilməz. O səbəbdən mən o gənc qıza hücuma keçənləri, onun bu hərəkəti üzərindən uzağa gedən nəticələr çıxaranları qətiyyən dəstəkləmirəm. Bir də ki, şəxsiyyət azadlığı deyilən bir şey var. Əgər kiminsə hərəkəti, davranışı ictimai baxımdan təhlükəli deyilsə, əxlaqsızlıq yaymırsa və mənəviyyatı pozmursa, ona qarşı dözümlü olmaq lazımdır. Bu, bizim xoşumuza gəlməsə də.

Amma çox təəssüflər olsun ki, səngərin o biri tərəfindəkilər də bu qızın hərəkətini eyni şövq və qızğınlıqla təbliğ edərək, elə şeylər yazırlar ki, adamın əli ağzında qalır. Qardaşlar, bu olayı şişirdib, ondan ideoloji, mənəvi-əxlaqı, mental nəticələr çıxarmağa nə gərək var? Bu, bayaq qeyd etdiyim kimi, gənc, şəxsiyyəti hələ yetərincə formalaşmamış, fanatlığı özü üçün həyat tərzi seçən, hərəkət və davranışları hələ yamsılamaqdan o yana gedə bilməyən bir qızcığazın ani, bəlkə də, impulsiv bir davranışıdır. Buna görə onu daşqalaq etmək qədər, nümunə göstərmək və bundan hansısa məkrli, qurdlu nəticələr çıxarmaq da gerilikdir. Vallah gerilikdir!

Niyə axı kimsə o qızcığazın hərəkətini namussuzluqla əlaqələndirəcək qədər cılızlığa enməli, başqa biri də guya, öz aləmində onu müdafiə etmək üçün namus anlayışını lağa qoymalıdır? Axı bunun namusa, yaxud namussuzluğa nə dəxli var?

İnsanlar öz adi həyatlarını yaşayırlar: biri bir qədər açıq-saçıqdır, digəri qapalı və mühafizəkar. Niyə bir-birimizi “namussuz” deyə qınamalı və ya “namuslu ailə həyatı” deyə lağa qoymalıyıq?