İtirdiyimiz ləyaqət hissi

itirdiyimiz-leyaqet-hissi
Oxunma sayı: 1503

Azər Qismət

Svetoforda qırmızı işıq yanır. Dayanıb gözləyirəm. Maşın keçmir. Hamı keçir. Bir yaşlı kişi dedi ki, “keçin də, maşın yoxdur”. Dedim “hələ yaşıl işıq yanmayıb”. Kişi “qəribə adamdır e” deyə yanındakı adama pıçıldadı. Yaşıl işıq yanan kimi zolağı keçdim. O tərəfdə niyə belə etdiyimi soruşdu. İzah etdim ki, bunun 3 səbəbi var.

Birincisi, qanuna əməl etdim. İkincisi, qəza baş versə polisimizin sürücünü kənarda qoyub məni günahlandırmaması üçün hüquqa əvvəldən tapınım. Və üçüncüsü, mənimlə birlikdə 12-13 yaşlı uşaq da dayanmışdı. Mən yol hərəkəti qaydasını pozsaydım, uşaq məndən pis nümunə götürəcəkdi.
Təsiredici məqam gənclərin mənə qəribə nəzərlərlə baxması olmadı. Yaşlı insanın, hər halda nizam-intizam görmüş bir insanın mənə gülməsi oldu. Məhz ondan bunu gözləmirdim. Ən azından yaşlı insan nümunəsi ilə cəmiyyətdə görk rolunu yerinə yetirməlidir. Mən belə bilirəm, belə oxumuşam, belə öyrədiblər. Amma son vaxtlar nə əksər qocasında, nə cavanında ləyaqət hissi qalmayıb. Qocaların çoxusu ictimai nəqliyyatda min oyundan çıxır, gənclərdən siqaret alıb çəkir, hətta düşük-düşük zarafatlar edirlər. Ləyaqət anlayışı təkcə sosial şəbəkədə deyil, cəmiyyətdə də unudulub, qəpik qədər dəyəri qalmayıb. 

Neçə gün əvvəl kafedə oturduğum yerdə görürəm ki, yaşlı kişilər telefonda erotikaya baxırlar. Səsini elə artırmışdılar ki, adam xəcalət çəkirdi. Ayağa qalxıb qulaqlarına pıçıldadım ki, “ayıbdır, burda gənclər də var”. Biri qəzəblə qayıtdı ki,  “gənclərdən əskiyik bəyəm?”. Və yaxud, tanış gənclərdən biri soruşur ki, “Azər dayı, sosial şəbəkədə qadınlarla tanış-zad ola bilirsiz?”. Özü də bunu elə təbii şəkildə dedi ki, sanki elə belə də olmalıdır, burda nə var ki?!

Deməli, məşhur Allen Dallesin planı baş tutub. Hərdən mənə elə gəlir ki, bizim ölkənin sakinlərinin timsalında məxfi plan xüsusilə tez alınıb. Biz inteqrasiyanı ildırım sürəti ilə həyata keçirdik. Sanki, adama elə gəlir ki, bu ölkənin qan yaddaşı, milli adət-ənənələri olmayıb, nizam-intizam çərçivəsində yaşamayıb. Bunların necə tez unudulması doğrudan da heyrətamizdir.  

İkinci dünya müharibəsinin qurtarmasına az qalmış Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Dallesin məxfi tapşırıqlarının birində yazılıbmış: "...Müharibə qurtarandan sonra biz bütün resursları, sərvətləri, qızıl və maddi vəsaitləri adamların düz yoldan sapdırılmasına yönəldərik. İnsan beyni və şüuru dəyişməyə qadirdir, biz də insanların şüurunda xaos yaradıb, gözə görünmədən, hiss olunmadan onları saxta dəyərlərə inanmağa məcbur edəcəyik...". Dallesin planının alınmasına misal kimi göstərə bilərəm ki, artıq yeni dəyərlər formalaşıb. Valideynlərə hörmətsizlik, ailələrdə bir-birini eşitməzlik, uşaqların böyükləri dinləməməsi, oğulun atanı polisə verməsi, erkən yaşlı qızların analıq statistikasının artımı. Bütün bunlar sadə görünə bilər. Ancaq dərinə gedəndə aydın olur ki, dövlətin laxladılması üçün bütün təbəqələrdən olan adamlar ləyaqətini itirməli, tarixini unutmalı, zombiləşmiş nəsil yetişməlidir.  

Dallesin planında daha sonra yazılıbmış: “Biz o sənətkarları müdafiə edəcəyik ki, insan şüuruna seks, zorakılıq, sadizm (qəddarlıq, amansızlıq, başqasına əzab verməkdən həzz almaq!), satqınlıq, xəyanətkarlıq, əxlaqsızlıq və s. bu kimi qəbahətləri yeritsinlər. Biz dövlətin idarə olunmasında xaos və qarışıqlıq yaradarıq...". Dallesin planının alınmasını hər gün hiss edirik. Yuxarıda göstərilənləri xalqın şüuruna yeritməyə çalışanların ətrafında yüzlərlə, minlərlə müdafiəçi də peyda olur. Adama elə glir ki, müdafiə hardansa mərkəzləşmiş qaydada təşkil edilir. 

Yenə həmin çıxarışdan: "...Şərəf və ləyaqət gülüş obyekti olacaq, onlara keçmişin qalığı kimi baxılacaq. Biz işimizi gənc nəsildən, uşaqlardan başlayacağıq. Həyasızlıq, yalan, sərxoşluq, narkomaniya, satqınlıq, millətçilik, xalqlar arasında düşmənçilik - bax, bütün bunları çevik şəkildə, hiss olunmadan yayacağıq. Beləliklə, biz nəsilləri ardıcıl olaraq pozacağıq. Uşaq və gəncləri pozmaqla, onları casus və kosmopolit (öz millətinə, xalqına xor baxan, vətənçilik hissini itirən adam!) edəcəyik...". 

Bütün bunlar Allen Dallesin 1945-1962-ci illərdə hazırladığı Məxfi Proqramdan çıxarış idi. Dalles sağ olsaydı, deyərdim ki, sənin proqramın alınır. İndi ləyaqətli adama gülürlər. İndi geyimini bilənə hırıldayırlar. İndi böyüklərə, milli adət-ənənələrə hörmət edənlərə qəhqəhə çəkirlər. Və ləyaqətli adamlar evdən çölə çıxmağa qorxurlar. Çünki daha onları gözləyən yoxdur.