İTV-nin qapalı “qoynu”

itv-nin-qapali-qoynu
Oxunma sayı: 2407


Nə qədər istədim ki, neçə gündür, söhbəti gedən məsələyə reaksiyamı bildirməyim, olmadı. Məsələ göründüyü kimi sadə deyil. Ən əvvəl İctimai telekanalın kimin kanalı olduğunu bir daha nəzərdən keçirək. 

Kanal yarananda guya bizim olmalıydı. Rusiyanın ORT telekanalındakı operativlik, obyektivliyin burada da olacağına ümid edirik. Bizim ümidimizin üzü qara olsun, alınmadı. Kanal nəinki bizim dərdlərimizdən, vacib, lap sümüyümüzə dayanan problemimizdən danışmaq, digər kanallara örnək olmaq yox, onlar kimi başqarışdırmaq missiyasına sarıldı, camaatın yarasına dərman yox, dərdini unutmaq yolunu tutdu.

Cəmil müəllim bu kanalın rəhbəri seçiləndə ümidlənmişdik. Cəmil Quliyev Elşad müəllimin- böyük televiziya işini bilən ustanın oğlu idi. Amma İTV Cəmil Quliyev kimi təcrübəli audiovizual işi bilən peşəkarın əlində də xeyirimizə dəyişmədi. İndi İTV kanalı vacib mövzu mübahisələri, maraqlı araşdırmaları ilə deyil, bir aparıcının geyimi üzündən gündəmə düşüb. Ölkədən kənarda da bu səbəbdən müzakirə olunmaqdan qürur duyur.

Ən əvvəl qeyd edim ki, istər aparıcı, istər də kiçik texniki işçi hər bir telekanalın üzü sayılır. Bu “üzü”n kirlənməməsi, yaxud kimsə tərəfindən kirlədilməməsi üçün telekanal özü maraqlı olmalıdır. Başqa sözlə, öz əməkdasının heysiyyatına, şərəfinə toxunacaq bir kəlmə də göz önündən qaçmamalıdır. İndi İTV, işçiləri ilə kefi istəyən kimi davranan telekanalların dəsti-xəttini davam etdirir. İkinci aparıcıdır ki, geyimi üzündən işindən uzaqlaşdırılır. Kanal bu barədə rəsmi açıqlamanı verməyi ictimaiyyətlə əlaqələr şəbəsinin üzərinə atır.

Bəli, İTV aparıcı xanımın kiçik bir geyim məsələsini böyük telekanlın bədbəxtliyinə çevirdi. Bu xanımın nə özünü, nə də ətrafını heç edib, onu tez-bazar işdən azad etməklə işini bilmiş bildi. Halbuki istənilən aparıcının ekranda necə göründüyünü studiyada olan texniki və yaradıcı heyyət, aparıcı üzərində işləyən səriştəli şəxs yaxşı bilməlidir. Elə deyilənlər də bu vəziyyətə şamil edilir. Canlı efir zamanında ekranda görünən “naxoş” görüntü bu qədər insanın gözündən nə yaman qaçıb? Məgər oradakılar səsini çıxarıb, aparıcıya yaxınlaşıb məsləhət verə bilməzdilərmi? Bu təkcə bildiyimiz situasiyada olmaya da bilərdi. Aparıcı xanımın düyməsi də açıla bilərdi, alt geyimi də görünə bilərdi, oturan zaman ətəyi də qalxardı, lap şalvarı da partlayardı və s. Konkret bütün bunlara nəzarəti verilişin arxa planında, kadrarxası komanda etməlidir. Bunları deməklə, həmcinsimin vəkili qismində çıxış etmək istəməzdim. Baş verənlər tək aparıcı yox, bir xanıma edilmiş nəlayiq münasibətdir. İTV böyüklük göstərib, öz kadrarxası komandasının qeyri-peşəkar olduğunu təsdiqləməlidir. Bu onu göstərir ki, bizim telekanallar təkcə keyfiyyət, mövzu və veriliş böhranı yaşamır, həm də öz işçisi ilə davranış qaydasını belə bilmir. Bu da bütün kanallardakı kimi qohum-əqraba, dost –tanış münasibətlərinin sız olduğundan xəbər verir. Axı bizim kanallar həqiqətən də bir ailəni ifadə edir. Bir xanımdan ötrü özününkünü danlayası deyil ki?

Bu arada qadın təşkilatlarının da bu məsələdə səssiz qalmasını qınayıram. Eləcə də jurnalistlərin həmin aparıcı haqqında “sinəsi açıq” titulu ilə söz açması da etikaya şığmır.

Aparıcının boya-boy kadrlarını yaymaqla, xanımı bir da siz aşağıya çəkmirsinizmi?

Bu məsələdə Milli Teleradio Şurasını isə heçdən sayıram. Çünki onun mövcudsuzluğu, belə xırda amma, süni böyüdülmüş vəziyyətlərdə səssiz qalması adi haldandır.

Çoxu üçün Leyla adlı aparıcının geyimi milli mənəvi dəyərlərə zidd görünə bilər. Bir də axı o açıq-saçıq geyinməyib, əynindəki narahat paltarın güdazına gedib. Çoxu üçün mənəvi dəyərlər təhqir(bu bir neçə gündə həmin xanım lap çox haqsızlığa uğrayıb) olunub?Amma həmin dəyərlər baxır kimin arşını ilə ölçülür. Alt paltarı ilə əcnəbi müğənniləri efirə verəndə, açıq səhnəli filmləri yayımlayanda heç milli dəyərlər kiminsə yadına düşmür? Özü də auditoriyanın azyaşlı qismi ekran başında olanda. Camaatın problemini yox, onun- bunun yatağını çəkib göstərənlər milli dəyərin hansından danışırsız?

İTV qoynunu aç, dərdimizi deməyə gəlmişik, biz ictimaiyyətik, biz səninik, sən də bizim ol!