IV Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib

IV Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib
Oxunma sayı: 599

Ötən il respublikamızda 3 min tona yaxın bal istehsal olunub. Bunun da bir qismi “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə satılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakıda keçirilən IV Azərbaycan Beynəlxalq Arıçılıq konfransında məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Azərbaycan Peşəkar Arıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda 250-dən artıq yerli mütəxəssis, xarici dövlətlərdən dəvət olunmuş 50-dən artıq arıçı iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə arı məhsulları və istehsal prosesində istifadə olunan avadanlıqların sərgisi ilə tanış olublar.

Konfransda Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbdüləliyev Azərbaycanda arıçılığın inkişafı istiqamətində son illər görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda ölkəmizdə arıçılıq məhsullarının dəyər zəncirinin bütün seqmentləri üzrə inkişaf dinamikası izlənilir. Davamlı inkişaf nəticəsində yerli ehtiyacları ödəməklə yanaşı bəzi arıçılar xarici bazara bal və digər arı məhsulları satır. Ötən il arıçılarımız Yaponiyaya, Körfəz ölkələrinə və digər xarici dövlətlərə xeyli miqdarda məhsul satıb. Yerli istehsalı stimullaşdırmaq və “Made in Azerbaijan” brendi ilə xarici bazara çıxışın həcmini artırmaq üçün Prezident İlham Əliyevin göstərişlərinə əsasən davamlı tədbirlər həyata keçirilir.

BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatı Bakı ofisinin rəhbəri Mələk Çakmak arıçılıq məhsullarının istehsalının artırılması üçün beynəlxalq təcrübə mübadiləsinin olduğunu deyib.

Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov isə iki gün davam edəcək konfransda müzakirə ediləcək məsələlər barədə məlumat verərək bildirib ki, Azərbaycanda digər sahələrlə yanaşı arıçılığın inkişafına dövlət tərəfindən hər cür dəstək göstərilir. Bununla belə bu sahədə beynəlxalq innovasiyaları öyrənmək, yerli arıçıların təkliflərini dəyərləndirmək baxımından bu konfransın təşkili zəruridir.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə son illər arıçılığın inkişafı üçün dövlət tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlərdən danışıb, hər il ənənəvi olaraq təşkil olunan arıçılıq məhsullarının sərgi-satış yarmarkası barədə məlumat verib.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi