İxrac-idxal prosesi asanlaşır, bəs keyfiyyət?

ixrac-idxal-prosesi-asanlasir-bes-keyfiyyet
Oxunma sayı: 1449

Dünya Sakit

Xarici bazarlara açıldıqca, ölkədən kənara çıxdıqca milli istehsalımızın keyfiyyət problemi daha qabarıq formada özünü göstərir. Ötən 1 il ərzində təkcə Rusiya Azərbaycandan gedən onlarla ton süd və süd məhsullarında, şirələrdə, tomatda, hətta soğanda problemlər aşkarlayaraq sərhəddəncə geri qaytarıb. Analoji problemlər müxtəlif ölkələrə ixrac olunan digər məhsullarda da aşkarlanır. Keyfiyyət problemi üzündən nə pambığımızı, nə tütünümüzü, nə fındığımızı xaricə dünya bazar qiymətinə sata bilirik. 

Hazırda dövlət ixracı stimullaşdırmaq üçün prosedurları getdikcə sadələşdirir, vaxt itkisinə, həmçinin qeyri-sağlam tələblərə səbəb olacaq sənədləşmələrin sayı minimuma endirilir. Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli ”Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına” edilən son dəyişikliklər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dəyişikliklər nəticəsində ixrac-idxal əməliyyatlarında sərhəd keçid məntəqələrində tələb olunan sənədlərin sayı azaldılıb(APA). Belə ki, son dəyişiklikliyə qədər ixrac missiyasını həyata keçirən sahibkarlardan fitosanitar, keyfiyyət, mənşə və idxal missiyasını həyata keçirən sahibkarlardan isə uyğunluq və mənşə sertifikatı tələb olunduğu halda, artıq bu sənədlər qaydalardan çıxarılıb. Bundan sonra  ixracatçı subyektlərdən sərhəd keçid məntəqələrində bitki və bitkiçilik məhsulları üçün tələb olunan fitosanitar sertifikat, yeyinti məhsulları üzrə Avropa İttifaqı ölkələrinə ixrac üçün tələb olunan keyfiyyət sertifikatı sərhəd keçid məntəqələrində artıq tələb olunmayacaq. Habelə, idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə uyğunluq sertifikatı tələb olunmayacaq. Sahibkarlar ixrac üçün nəzərdə tutulan ölkənin tələblərinə uyğun olaraq həmin sənədləri könüllü şəkildə ala bilər. 
 
Qeyd edim ki, ixracatçılar gömrük-keçid məntəqələrində tələb olunan bu sənədləri əldə etmək üçün kifayət qədər böyük vaxt və maddi itkilərə məruz qalırdılar. Həmin sənədləri alan zaman sahibkarlar bir çox hallarda həm də qeyri-rəsmi ödənişlər etməyə məcbur olurdular. Bu baxımdan, dəyişiklik müsbət addım hesab olunmalıdır. Lakin ixrac-idxal olunan məhsulun keyfiyyətinə nəzarətin bir yolu olan bu sənədlərin tələb edilməməsi iki istiqamətdə keyfiyyət problemi yarada bilər. Əvvəla, ixracatçı sahibkarlara dəyişiklik sərhəddən çıxmaq üçün rahatlıq yaradırsa,  malı apardığı ölkədə problem də yarada bilər: çünki heç bir ölkə keyfiyyəti təsdiq edən sənədlər olmadan məhsulların idxalına imkan verməyəcək. Yəni ixracatçı sahibkar hər bir halda bu sənədləri təqdim etməli olacaq. İkinci bir tərəfdən, Azərbaycana idxal olunan mallar üzrə uyğunluq və mənşə sertifikatının olmaması daxili bazarda keyfiyyətsiz məhsulların artmasına gətirib çıxara bilər. Bu təhlükələrin yaranmaması üçün daha yaxşı olardı ki, qeyd olunan sənədlərin əldə olunması prosedurları sadələşdiriləydi, bu sahədə olan neqativ hallar aradan qaldırılaydı.

Dövlət ixracı dəstəkləyib, bütün problemləri aradan qaldırır ki, sahibkarlar məhsullarını rahat şəkildə xarici bazara çıxara bilsinlər. Bu mövqe sahibkarları öz məhsullarının keyfiyyətinə daha ciddi nəzarətə stimullaşdırmalıdır. Nəzərə almaq lazımdır ki, bizim ixracda fokuslaşdığımız aqrar məhsullar bazarı yüksək rəqabətli bazardır. Hər bir ölkə çalışır ki, kənd təsərrüfatı məhsullarının idxalını azaltsın – yerli istehsalı qorumaq üçün. Bu istək isə idxal olunan məhsullara yüksək keyfiyyət tələblərinin qoyulması ilə nəticələnir. 

Təəssüf ki, hələlik Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının əksəriyyəti üzrə keyfiyyət göstəricilərinin rəqabət qabliyyətli olduğunu söyləmək mümkün deyil. Yuxarıda qeyd etdiyim kimi, ixrac etdiyimiz məhsullar çox tez-tez üstümüzə qayıdır – məhz keyfiyyət amilinə görə. Bütün bunlar isə artıq dəfələrlə vurğuladığımız bir məsələni – aqrar istehsalın keyfiyyət məsələsini gündəmə gətirir, aktuallaşdırır. Ümid edirəm ki, əlaqədar dövlət qurumlarının rəhbələri tezliklə bu amilin əhəmiyyətini qiymətləndirib, lazım olan addımları atacaqlar. 

Hər halda, kənd icra nümayəndələrinə, bələdiyyə üzvlərinə barama saxladıb, tütün, taxıl, pambıq əkdirməklə gözlənilən nəticəni əldə etməyin mümkün olmadığını görmək üçün 2 il (ötən il və bu il) kifayət qədər uzun vaxtdır...