İyirmi yaşlı deputatımızın həzin sonu

iyirmi-yasli-deputatimizin-hezin-sonu
Oxunma sayı: 7837

Qan Turalı 

İlimiz cümhuriyyət ili...

Söz yox ki, istər alimlərimiz, istərsə də yazıçılarımız bu ildə (eləcə ötən və gələcək illərdə də) Cümhuriyyət qurucularının mənəvi irsini öyrənib yaymaqla məşğul olmalıdırlar. 

Çox təəssüf ki, tariximizin bu dövrü yaxşı öyrənilməyib, böyük suallar qalıb. Mən də bir müddətdir bu haqda kitablar, məqalələr oxuyur, bir kənara qeydlər edirəm. Artıq bir bloknot qeydim var.

İndi yeri gəldikcə o bloknotdakı qeydləri bölüşmək istəyirəm. Daha dəqiqi, Rəhim bəy Vəkilov haqda yazmaq istəyirəm.

Rəhim bəy Vəkilov Səməd Vurğunun da daxil olduğu məşhur Vəkilovlar nəslinin nümayəndəsidir. Cümhuriyyət qurulanda Rəhim bəyin cəmi 20 yaşı vardı.
Rəhim bəyin böyük bacısının əri məşhur yazıçımız Abdulla bəy Divanbəyoğludur. Divanbəyoğlu onun təhsilinə ciddi əhəmiyyət verirdi. Bakıda realnı məktəbdə Rəhim bəyi də o oxutdurmuşdu. Rəhim bəy nəinki gənclik, hətta yeniyetməlik illərindən siyasi proseslərə qoşulmuşdu. 1918-ci ilin əvvəllərindən Müsavat partiyasının üzvü idi. Zaqafqaziya Seyminə də üzv seçilmişdi. Seymin Azərbaycan fraksiyasına Divan rəhbərlik edirdi. Divanın rəhbəri Məmməd Əmin, müavini Nəsib bəy Yusifbəyli, katibi isə Rəhim bəy Vəkilov idi.

Azərbaycan tariximizin ən şanlı sənədlərindən biri olan İstiqlaliyyət Bəyamnaməsini də öz qələmi və öz əli ilə Rəhim bəy qələmə almışdı.
ADR elan olunduqdan sonra Rəhim bəy parlamentə üzv seçilir.

Yenə xatırladıram, 20 yaşı vardı.

Qədim parlament ənənələrinə görə parlamentin ən gənc üzvü ilk iclasda katib funksiyasını yerinə yetirmişdi. Onun qohumu olan Mustafa bəy Vəkilov da 23 yaşında ADR-in Daxili işlər naziri təyin edilmişdi. 

Rəhim bəyin gözəl qələmi də vardı. Tez-tez Üzeyir bəyin rəhbərlik etdiyi “Azərbaycan” qəzetinə məqalələr yazırdı. ADR-in süqutundan sonra da Rəhim bəy mübarizədən kənarlaşmadı. Müsavat partiyası gizli fəaliyyətə keçdikdə onun liderlərindən biri də Rəhim bəy idi. Məmməd Əminin Peterburqdan qaçışını təmin edən üç nəfərlik qrupun bir üzvü də Rəhim bəy oldu. Sovet hakimiyyəti Rəhim bəyin gizli fəaliyyətindən şübhələnirdi. 

Rəhim bəy BDU-na daxil oldu, eyni zamanda Bakı-Culfa dəmir yolunda məmur işləməyə başladı. Amma əsl işi əlbəttə ki, Müsavatdakı fəaliyyəti idi. Tezliklə işin üstü açıldı. 1923-cü ildə onu istintaqa cəlb etdilər.

Rəhim bəy istintaqda müsavat və gürcü menşevikləri arasında aparılan danışıqlarda iştirak etdiyini etiraf etdi. Onu sürgünlə cəzalandırdılar, iki il sürgündə oldu, sonra amnistiyaya düşdü. Sürgündən qayıtdıqdan bir az sonra, 1926-cı ildə yenidən həbs olundu. Səkkiz il Solovki adasında sürgündə qaldı. Sürgündə böyük gürcü yazıçısı Qamsaxurdiya ilə dostluq etdi. Cəza müddəti bitdikdən sonra ona Bakıda yaşamağa icazə vermədilər. Tiflisdə yaşamağa məcbur oldu.

Və elə 1934-cü ildə...İstiqlaliyyət bəyamnaməsini yazdığı Tiflisdə, Kür çayının körpüsündə intihar etdi. Ölümündən qabaq əmisi qızı Mədinə xanım Qiyasbəyliyə vida məktubu yazdı. Əmisiqızına çox dərin və ülvi hisslərlə bağlandığı deyilir. Bu sevgi daşa dəymişdi (Mədinə xanım da dörd il sonra, 1937-ci ildə həbs olunaraq güllələndi).

Və Azərbaycanda Sovet hakimiyyəti möhkəmləndikcə bir çoxları kimi Rəhim bəyin də ümidləri tükənmişdi.

İntihar edəndə 36 yaşı vardı və bu 36 ilin hər bir günü, Vətənə, xalqa xidmətlə keçmişdi.