İyomante

iyomante
Oxunma sayı: 654

Məsələn, biri Bakı Mədəniyyət İdarəsi adlı qurum haqda yazır. Deyir ki, bu qurumda dəhşətli yeyintilər varmış, maliyyə idarəsi hazırda orda yoxlama aparıb şoka düşübmüş. Mühasibat ağlasığmaz rəqəmlər yazıb pul silirmiş, işçilərin hüquqları pozulurmuş, kitabxanalara mövcud olmayan xalatlar 50-60 manatdan satılırmış. Musiqi məktəblərinə yeni il tədbirlərinə 8 manatlıq biletlər satılırmış. Nə bilim, camaat qan ağlayırmış. Guya mən bunları qəzetdə yazsam xalq ayağa qalxacaqmış, hamı danışacaqmış və sairə.

Qardaşımızın şok açıqlamaları bununla bitsə nə vardı? Hələ onu da yazır ki, 24 dekabrda Heydər Əliyev Sarayında “Bakı gecələri” adlı festivalın yekun konserti olacaq, festival tamam fiksiya imiş, burda da Bakı Mədəniyyət İdarəsinin (BMİ) şefi Əlikram Əliyevin dostunun oğlu Səfərağa qalib gələcəkmiş. Həmçinin Əlikram bəy facebook sosial şəbəkəsində özünün yaşayış ünvanı olaraq Afrikadakı Konqo respublikasını yazıbmış, bu da dövlətçiliyimizə təhqir sayılmalıdır və ilaxır.

Əstəğfürullah... Ay qardaşlar, axı bunun mənə nə dəxli vardır? Əgər doğrudan da həmin qurumun işçiləri qan ağlayırsa, gərək küçələr indi qan gölü olaydı. Olmayıb axı. Əksinə, dünən, srağagün mən şəhərdə dizə qədər palçığın içində yol getmişəm, özü də prezidentin Xutordakı sarayının düz böyründə. Hətta bir-iki dəfə sürüşüb sarayın divarına kəllə vurdum, mühafizəçilər çıxıb dedilər, neynirsən sən... Mən orda qan-zad görmədim. Eləcə, palçıq, zığ-zımırtdaq idi (Zımırtdaq təzə sözdü, indicə dilimizə daxil elədim, işlədin halallıqla).

İkincisi, mən heç Bakı Mədəniyyət İdarəsi adında qurumun olmasını da bilmirəm. Varsa, mədəniyyət hanı? Mədəniyyət varsa, Bakı hanı? Bu idarədirsə, onda mən kiməm? Ümumiyyətlə, biz kimik? Şair bu yerdə yaxşı demişdir: “Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir, Mən kiməm, saqi olan kimdir, meyü-səhba nədir”.

Bax, doğrudan da kim izah edə bilər saqi olan kimdir? Meyü-səhba nədir? Əlikram Əliyev kimdir? (Təbii, Əlikram bəyin də bu suallara cavab haqqını tanıyırıq, KİV haqda qanunun qabağında klaviaturamız qıldan incədir). “Bakı gecələri” adında festival nə üçün keçirilir? Səfərağa orda qalib gəlməyib, bəs kim qalib gəlməlidir? Kitabxanaçılara satılan xalat eyni zamanda hamam xalatıdırmı? Sabir adına kitabxananın müdiri Sevinc Babayeva istintaqdan gizlənəndə əynində o xalatdan olubmu?

Ümumiyyətlə, o xalat sehirlidirmi? Mən bunların heç birini bilmirəm. Heç bilmirəm sabah başıma nə gələcəkdir, bu qədim hikmətləri hardan bilim?
Hələ bu yaxşıdır. Habil Hüseynov adlı hörmətli oxucumuz bir məlumat tapıb, yazıb mənə göndərib ki, bəlkə sizə faydalı olar. Buyurun, görün məlumat nədir.

Sən demə, Yaponiya və Rusiyanın bəzi bölgələrində yaşayan azsaylı aynu xalqı vardır, bu xalqın inanclarına görə bütün canlılar və kainat eyni ruhu daşıyırmış. Aynular hesab edirmiş ki, ayılar insanlar arasında yaşayan tanrılardır, ayıları kəsib yeyəndə ruhu bunlara keçirmiş, cənnətə düşürmüşlər. Bu ayinin öz adı varmış, “İyomante” adlanırmış. Hətta Yaponiya aynuların bu dini inancından bezərək ayıları dövlət qoruması altına alıbmış və sairə.

Yaxşı, başa düşdük. Ancaq bunun mənə nə faydası var? Mən ayını ancaq zooparkda, sirkdə və bəzi restoranlarda canlı görmüşəm. Get bunu ayı yeyənlərə yaz göndər da bə!