Jiletsiz meyitlər

jiletsiz-meyitler
Oxunma sayı: 5626

Raminə Eyvazqızı

Yerli TV-lərin çal-çağırı adamı usandıranda Animal Planet-ə (heyvanlar haqqında xarici TV kanalı) baxmaq gərginliyin dərmanı olur. Heyvanların həyatı insan həyatından ona görə maraqlıdır ki, heyvanlar vəhşilik edəndə də səmimidirlər.

Kanalın sonuncu verilişlərinin birində diqqətimi cəlb edən mənzərə belə idi. Veterinar - cərrah ( bəli, bizdə formalaşmamış peşə) pişiyi xüsusi əməliyyata salır və gərgin cərrahiyyə nəticəsində narkozlu, sistem altındakı pişik ölür. Xarici dili ilə desək “vəfat edir”. Cərrahın göz yaşı, onun pişiyin doğmalarına pis xəbəri verə bilməməsi, qəhər içində boğulması adamda az qala gülünc yaradır. “Qardaş, ölən pişikdir e, insan yox”. Bizim düşüncəmizə tərs davranışdan sonra “bunların insanlığı adamı utandırır” deməmək olmur, vallah.

“Günəşli” faciəsinin 5-ci günündəyik. Neftçi ailələrinin qan ağlayan silsilə hekayələri, qurtulanların “şükür ki, sağam” təsəllisi, itkin düşənlərin tapılması üçün oxunan dualar, yoxa çıxanların son mesajları adamın başından tüstü çıxarır. Biz matəmi də çox halda səmimiyyətsiz yaşayırıq. Bariz nümunəsi- bircəcə gün TV kanallarının ekrana vurduğu qara lentdən də bilinir, xalqın “artist”lərinin baş verəndən xəbərsiz olmasından da, mətbuat konfransında vətəndaşlıq borcunu yerinə yetirə bilməyən bəzi media nümayəndələrinin davranışından da.

Çoxu üçün hələ də bu bədbəxt hadisə şərikli, milli yox, kiminsə ailəsinin faciəsi olaraq qalır. Bəzi jurnalistlərin çəkinə-çəkinə sual verə bilməmək “istedadı” aydın görünür. Öz dərdimizi xarici mediada izləməkdən başlayanda belə də olmalıydı. Jurnalist “istedadı” Xoşbəxt Yusifzadənin dediyi sözləri “xoşbəxt” etmək deyildi. Bəli, yanğın baş verən yerdən filan qədər qaz və neftin çıxarılmasını 85 yaşındakı adamın əzbər bilməsi heyranedicidir və təbiidir də. Kim qazancını bilməz ki.

Maraqlı məqam FHN-nın generalı İsrayıl Əliyevin Mirşahin Ağayevə müsahibə verəndə qısılması idi. Müsahib çox həyəcanlı idi. Bəlkə də, onun fikirləri həm də baş verən faciənin-itkinlərin sayının çox olmasının səbəbləriydi. ANS dəfələrlə bu müsahibəni alqışladı. Çəkilən əziyyəti dammaq olmaz, amma onlar vəzifə borcunu yerinə yetiriblər axı.

Generalın fikirləri: “ Qaranlıq düşdüyündən işimizi səhərə saxladıq” və “neftçilərin əynində xilasedici jilet olmalıydı”. Yanğın zamanı təhlükəsizliyə əməl olunmaması fakt olaraq qalır. SOCAR günahı dalğalarda görsə belə.

Fövqalədə hallar nazirliyinin borcu isə adından göründüyü kimi normal yox, anormal, ekstrimal vəziyyətlərə hazır olmaqdır. Küləyi və dalğaları təqsirləndirməklə səriştəsizlikdən qaçmaq olmaz. Onsuz da fövqəltəbii qüvvələrdən kömək diləməkdən yorğun düşmüşük.

İndi küləyə də, dalğaya da “cinayət işi” açaq. Biz ucsuz-bucaqsız okeanda deyilik. Sərvəti gözümüzü kor edən Xəzərin övladlarıyıq. Ağır şərtlər altında ailə dolandıran insanların harayı yanğın gecəsi eşidilməliydi. Kimsə iş vaxtının qurtardığını və hava şəraitini, qaranlıq düşdüyünü bəhanə edib yatmamalıydı.

“Vəziyyəti bilməyən, danışmasın”-deyib qınayanları susdurmayın. Heç kəs heç kəsi fövqalədə hallara cavabdeh olmağa məcbur etməyib. Xilasetməyə səfərbər olmaq lazım idi, meyit axtarmağa yox.

Artıq Xəzərdə haray səsi kəsilib. Bütün iş Xəzərə düşür, barı hər gün itkin düşənlərin meyitini doğmalarına qaytarsın. Axı onlar doğrudan da yanırlar…