Jurnalist Ekspert Mərkəzi verilişlər hazırlayır

jurnalist-ekspert-merkezi-verilisler-hazirlayir
Oxunma sayı: 636

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzi (JEM) layihə həyata keçirir. JEM “Beyin Mərkəzlərinin rolunun artırılması və KİV-in ictimai müzakirələrə dəstək verməsi” layihəsi çərçivəsində artıq birinci verilişini hazırlayıb.

Bu barədə məlumat verən JEM sədri Ceyhun Musaoğlu bildirib ki, “Yeni ideyaların yaranması, dəstəklənməsi və inkişafı” mövzusunda çəkilən ilk veriliş yaxın günlərdə internet televiziyalarında və xəbər portallarının video bölümlərində yayımlanacaq: “Ayda bir dəfə olmaq şərti ilə iki veriliş hazırlayacağıq. “Biz Production”-nın texniki dəstəyi ilə hazırladığımız “İdeya axtarışında” adlı birinci verilişin qonaqları Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzinin direktor müavini Təbriz Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev olub. Tanınmış ictimaiyyət xadimləri cəmiyyətin inkişafına xidmət edən yeni ideyaların yaranması, dəstəklənməsi və inkişafı ilə bağlı maraqlı fikirlər səsləndiriblər. İdeya çatışmazlığının səbəblərinə aydınlıq gətirilib, QHT-sektorundakı durum təhlil edilib, beyin mərkəzləri rolunun artırılmasına xidmət edən təkliflər verilib.

İkinci “Yol axtarışında” adlı verilişimizdə isə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli yolları axtarılacaq. Düşünürük ki, qeyri-səlis məntiqin hökm sürdüyü qlobolaşan dünyada sülh və müharibədən başqa da çözüm yolları var, onların tapılması beyin mərkəzlərinin bir başa işidi.

JEM sədrinin sözlərinə görə, verilişlər yayımlanandan sonra müzakirələrin yazı variantları mətbuat orqanlarında dərc olunacaq və qonaqların təklifləri, ideyaları əks olunan bukletlər hazırlanıb QHT-lərə, jurnalistlərə, beyin mərkəzlərinə, ziyalılara paylanacaq.