Jurnalistin hüquqlarını müdafiə komitəsi yaradılacaq

jurnalistin-huquqlarini-mudafie-komitesi-yaradilacaq
Oxunma sayı: 647

Noyabrın 23-də “Media forum” saytına açıqlamasında “İslamazeri.az” saytının baş redaktor əvəzi Tural Əliyev belə deyib.

Tural Əliyevin sözlərinə görə, hazırda baş redaktorun hüquqlarını müdafiə komitəsi yaradılması istiqamətində iş aparılır: “Biz redaksiya heyəti olaraq ölkədəki hüquq müdafiəçilərinə - Rəşid Hacılı, Eynulla Fətullayev, Emin Hüseynli, eləcə də tanınmış və nüfuzlu jurnalistlər Qənimət Zahidə, Rauf Arifoğluna, İdrak Abbasova və digərlərinə müdafiə komitəsinin işinin qurulması üçün müraciət edəcəyik”.

Baş redaktor əvəzi dekabr ayının ilk günlərində komitənin yaradılmasını elan etmək üçün mətbuat konfransı keçirəcəklərini deyib: “İndiyə qədər bir neçə hüquq müdafiə təşkilatının ifadə azadlığının durumu ilə bağlı hesabatlarına Ramin Bayramovun adı daxil edilib. Onu siyasi məhbus kimi təqdim edirlər. Mətbuatda isə ona dindar deyilir. Biz siyasi məhbus termini ilə razılaşırıq, amma Ramin Bayramov ilahiyyatçı olmazdan öncə jurnalistdir, həm də Azərbaycan media aləmində həbs olunan ilk sayt baş redaktorudur. Ona qarşı saxta ittihamlardan istifadə edilib”.

Ramin Bayramov Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə şübhəli şəxs qismində bu il avqustun 11-də tutulub.

Avqustun 13-də Səbail Rayon Məhkəməsi Ramin Bayramov haqda həbs qətimkan tədbiri seçib. Oktyabrın 5-də Səbail Rayon Məhkəməsi Ramin Bayramov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılmasına qərar verib.

Ramin Bayramov MTN-in təcridxanasında saxlanır.

Baş redaktorun həbsindən sonra “İslamazeri.az” saytına xüsusi müxbir Tural Əliyev rəhbərlik edir.

“İslamazeri.az” internet qəzeti 2006-cı ildən fəaliyyət göstərir. 2008-ci ildən onlayn xəbərlər xidmətinə keçib. Bu internet qəzetinin redaksiyası Azərbaycanın ilk islami radiosu olduğu bildirilən “Bizimradio.net”in təsisçisidir.