Jurnalistin ölümündə təqsirləndirilən kassasiya şikayəti verib

jurnalistin-olumunde-teqsirlendirilen-kassasiya-sikayeti-verib
Oxunma sayı: 1639

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində təqsirləndirilənlərdən biri, Samir Mustafayev kassasiya şikayəti verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə onun vəkili Bəxtiyar Hacıyev çıxış edərək müvəkkilinin günahsız olduğunu deyib: "Samir bu cinayətdə iştirak etməyib, eyni zamanda video görüntülərdən görünür ki, Rasimə əl verib yerdən qaldırıb. Xahiş edirəm, Samir Mustafayev barəsindəki cinayət işinə xitam verilsin". 

Mərhum R. Əliyevin anası Teyfurə Əliyeva isə şikayətin təmin olunmasına etiraz edib:  "Bu təsadüfi hadisə deyil. Rasimin futbolçu Cavid haqqında yazdığı statusa görə əvvəlcədən bunu təşkil ediblər". 

Məhkəmə kollegiyasının qərarı ilə kassasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, R. Əliyev futbolçu Cavid Hüseynov haqda sosial şəbəkədə yazdığı statusla bağlı C. Hüseynovun qohumu Elşən İsmayılov tərəfindən görüşə çağırılıb və orada döyülmüşdü. Daha sonra xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayəti törətməkdə təqsirləndirilənlər - Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Cinayəti bilib gizlətməkdə təqsirləndirilən Cavid Hüseynov 4 il azadlıqdan məhrum etmə cəzası alsa da, apellyasiya instansiyası tərəfindən şərti cəza alaraq azadlığa buraxılıb. 

Murad Əhməd