Jurnalistlər çubuş deyil

jurnalistler-cubus-deyil
Oxunma sayı: 721

Azər Qismət

Vəzifəli şəxsin nəvəsinin vurduğu adamın övladlarının sözləri hamını, o cümlədən jurnalistləri silkələdi. Peşmanlıq keçirildi, “gərək, heç bunlardan yazmayaydıq” deyildi. Böyük oğul əsəbləşdi ki, “jurnalistlər bizi boğaza yığıb”. Yox, onu deməyəcəyəm ki, gecələr üşüyəndə üstlərini yorğanla örtən ata necə tez yaddan çıxa bilərdi. İnanın ki, bunun umurunda deyiləm. Özləri bilər. Dünən-srağagün həmin evə gələn vəzifəli şəxs onlarla nə danışıb, necə razılığa gəlinib, bu da məni maraqlandırmır. “Ata necə tez unudula bilər” sualını da vermirəm.

Burda söhbət jurnalistlərin böyük oğulu hirsləndirməsindən gedir. O jurnalistlərin ki, məsələni gündəmə gətirdilər, heç bir günahı olmayan adamın, yəni onların atasının durduğu yerdə ölümündən yazdılar, sadə adamlar rəhmət dilədilər. Böyük oğulu isə bu məsələ hirsləndirib. O, hadisədən narahat olan jurnalistlərin yazmasından, zəng etməsindən hirslənib. Amma nəyə görəsə vəzifəli şəxs onların evinə gələnə qədər hirsləndirməyib, məhz həmin təşrifdən sonra əsəbilik keçirib. 

Böyük oğulun “jurnalistlər lazım olanda deyərik”, yaxud “jurnalistləri lazım olanda çağırarıq” fikirləri məni ağrıtdı. Bunun alt qatında o durur ki, “sizi istifadə etdik, indi birdən hansısa anlaşma pozulsa, ya verilən sözə əməl edilməsə çubuş kimi çağırarıq, qabağımızda dilinizi çıxarıb ləhləyərsiz. İşimizi düzüb-qoşandan sonra təzədən deyərik ki, “əşi, bu jurnalistlər də bizi hirsləndirir”. 

Jurnalistlərdən sui-istifadə hallarına yol verən adamları gördükcə onların problemlərinin həllinə yardım göstərdiyinə görə dəfələrlə peşmanlıq keçirənləri gördüm. Şikayətçi probleminin həlli üçün müvafiq qurumlara müraciət edir, heç kim qulağının ardına almayanda son ümid yeri jurnalistlər olur. Bədbəxt jurnalist haqqın nazilməməsi üçün problemi yazır, özü də dəfələrlə yazır. Yazılar müvafiq qurumları narahat edəndə həmin sadə adamla anlaşma yapılır, sonra deyilir ki, “daha bizə lazım deyilsiz”. Bir saytın rəhbəri danışır ki, dünən dil tökən həmin sadə adam bu gün maskasını yırtıb jurnalistlərə hücum çəkir ki, “o yazını çıxarın, biz anlaşdıq. Çıxarmayanda hədə-qorxu gəlirlər”.  

Təkrar edirəm ki, kimin kiminlə hansı anlaşmaya gəlməsi məni maraqlandırmır. Qan pulunun miqdarı da həmçinin. Məni bundan sonra baş verə biləcək nəsnələr narahat edir. Kimsə kimisə vuracaq və arxayın olacaq ki, pulla hər şeyi yoluna qoyaram. Bax, məni narahat edən budur. Ancaq yaxşı ki, prezident bunlara göz yummur. Yaxşi ki, dövlət jurnalistlərin səsinə laqeyd qalmır. Yoxsa, bəzi məmur övladlarının balaları bu xalqın belinə maşınla çıxardı.