Jurnalistlər məcburi köçkünlərin yeni binasında

jurnalistler-mecburi-kockunlerin-yeni-binasinda
Oxunma sayı: 2055

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə bu gün jurnalistlər üçün “Qobu Park” yaşayış kompleksinə infotur təşkil edib. Yenicə kompleksə köçürülmüş məcburi köçkünlərin mənzil-məişət şəraiti ilə yaxından tanış olmaq üçün “Qafqazinfo”nun əməkdaşı da  turda iştirak edib. Mətbuat nümayəndələri ilə görüşən Komitə sədri Rövşən Rzayev onların şəxsində KİV işçilərinin peşə bayramını təbrik edib.

Komitə sədri qeyd edib ki, hazırda qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması baxımından bir neçə mühüm addımlar atılır:

“Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komitəsi respublikanın bütün bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə xüsusi həssaslıqla yanaşır, onları narahat edən məsələlərin dərindən araşdırılması və həll olunması üçün mövcud qanunvericilik əsasında bütün zəruri tədbirləri görür. Köçürülmə daha ağır şəraitdə yaşayanlardan ağır yaşayanlara doğru mərhələli şəkildə həyata keçirilir. 

Bu yaxınlarda istifadəyə verilmiş “Qobu Park” yaşayış kompleksinin də məhz belə layihələrdən biridir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan kompleksdə dövlət vəsaitindən istifadə olunmayıb. Layihənin maliyyələşməsində sahibkarlar iştirak ediblər”.

“Qobu Park” yaşayış kompleksinə gələn infotur iştirakçıları ərazini gəzib, mənzillərə, infrastruktur obyektlərinə baxıb, məcburi köçkünlərlə söhbətləşiblər.

Günel Hacı