Kamal Kılıçdaroğluna hücum oldu - Fotolar+Video

kamal-kilicdarogluna-hucum-oldu
Oxunma sayı: 4916

CHP lideri Kamal Kılıçdaroğlu Çubukda şəhid Yener Kırıkcının cənazə mərasimində bir qrup şəxsin hücumuna məruz qalıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Şəhidlər ölməz, Vətən bölünməz, məhv olsun PKK” şüarını səsləndirən bir qrup şəxs Kılıçdaroğluna yumruq və təpiklərlə hücum edib. Cangüdənlər, xüsusi xidmət orqanlarının əməkdaşları və polisin köməyi ilə partiya lideri müdafiə çəmbərinə alınıb və yaxınlıqdakı evlərdən birinə aparılıb.

Baş polis rəisi Cəlal Uzunkaya qrup üzvlərini sakitləşdirməyə çalışıb. Avtomobilinin şüşəsi sındırılan Kılıçdaroğlu sığındığı evdən zirehli polis maşını ilə çıxarılıb. Onun partiyanın baş ofisinə aparıldığı bildirilir.

Kılıçdaroğlunun hücuma məruz qalması dövlət rəsmiləri, CHP və AKP üzvləri tərəfindən şiddətlə qınanılıb. Müdafiə naziri Hülusi Akar, TBMM sədri Mustafa Şəntop, ədliyyə naziri Əbdülhəmid Gül baş vermiş hadisəni pisləyiblər.