“Kanal Avrupa” Azərbaycanla bağlı veriliş hazırladı

kanal-avrupa-azerbaycanla-bagli-verilis-hazirladi
Oxunma sayı: 837

Avropa ölkələrində 3 milyondan artıq tamaşaçı kütləsinə malik “Kanal Avrupa”da yayımlanan “Belçika aktuel” proqramının növbəti buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub.

Azərbaycanın Belçikadakı səfirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, proqramda səfir Fuad İsgəndərov və Brüssel Universitetinin doktorantı Yalçın Məmmədovun müsahibələrinə yer ayrılıb.

Müsahibələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və xalqımızın müstəqilliyə çatmaq üçün keçdiyi mürəkkəb tarixi yol, ölkəmizin bugünkü sosial və iqtisadi inkişafından bəhs edilib. İzləyicilər Azərbaycanın müstəqillik qazandıqdan sonrakı dövrdə əldə etdiyi nailiyyətlər, iştirak etdiyi irimiqyaslı enerji layihələri, ölkəmizin ev sahibliyi etdiyi musiqi və idman yarışları, eləcə də turizm potensialı barədə ətraflı məlumatlandırılıblar.

Proqramda, həmçinin Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən reportajlara yer ayrılıb.