Kanalizasiyaya atılan körpələr

Kanalizasiyaya atılan körpələr
Oxunma sayı: 1903

Xuraman Hüseynzadə

Yanvar yağışı yağırdı. Küçədə qapqara bir küçük zingildəyirdi. Tükləri yağışdan islanıb məxmərə dönmüşdü. Dili olsaydı hönkürüb yalvaracaqdı ki, nə olar, məni bu soyuqdan qurtarın, donuram...

Evə gətirdim onu. Həyətdə balaca bir sığınacaq düzəltdik. Yavaş-yavaş təzə yuvasına alışdı. Bir neçə gündən sonra küçə qapısının ağzında qara bir it peyda oldu. Üstünə çımxırırdın, sakitcə uzaqlaşırdı. Amma sonra bir də gəlirdi. Bir dəfə anam iti nə qədər qovdusa getmədi. Qısıldı divara. Gözlərindəki kədəri görməmək mümkün deyildi. Vəziyyəti təxmin elədik. Küçüyü açıb buraxdıq itin yanına.

İlahi... O mənzərəni sözlə təsvir eləmək mümkün deyil. İt, küçüklə necə oynayırdı, necə yalayırdı onu... Sonra ana it, balasını da götürüb tərk etdi küçəmizi...

Ananın balasına olan sevgisini ölçmək mümkün deyil. Bunu ilk dəfə Ənvər Məmmədxanlığının “Buz heykəl” hekayəsindən anlamışdım. Sonra bizi böyüdən həyat bu sevginin miqyasının nə iləsə ölçülməsinin mümkünsüzlüyünü sübut etdi... Bütün sevgilər bu sevgidən sonra gəlir...

Bugünlərdə telekanallardan birinə müsahibə verən Alı Aşırovun açıqlamaları ana- bala məhəbbətinə əks arqument oldu. 54 ildir kanalizasiya quyularının təmirində çalışan Alı Aşırov indiyə kimi kanalizasiya quyularından 50-yə yaxın uşaq cəsədi çıxardığını dedi. Son vaxtlarda o, eyni quyudan iki körpənin cansız bədənini üfunətdən xilas edib.

Dəhşətli statistikadı. Ana necə öz övladını kanalizasiya quyusuna ata bilər axı? İllərlə o övladın həsrətini çəkənlər var. Dünyaya övlad gətirmədiyinə görə boşanan gəlinlər, boşayan ərlər, qayınanalar, dağılan ailələr var. Ətrafdakıların ona “sonsuz” deməsinə, doğa bilmədiyini başına qaxınc etməsinə görə bu yaxınlarda intihara əl atmışdı bir gəlin...

Övladı üçün zillət çəkən valideynlər var: gecələrini gündüzlərinə qatıb işləyirlər; özləri qarnı ac, əyin-başı yalın qalır ki, övladı doyunca yesin, yaxşı geyinsin, məktəb yoldaşlarından utanmasın... Bir tərəfdə bu cür valideynlər, o biri tərəfdə uşaqlarını kanalizasiya quyusuna atanlar... Bətnində övlad yetişdirmək, o övladın ağrısını çəkmək, onu dünyaya gətirib sevincini dadmaq kimi gözəl hisslər verilib qadına. Necə olur ki, bu cür gözəl, müqəddəs hisslər qadını ana yox, qatil eləyir?!

Yəni doğrudanmı qadın üçün analıq hissindən yüksəkdə dayanan hisslər də var?..


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi