Kapital Bankdan özünəxidmət

kapital-bankdan-ozunexidmet
Oxunma sayı: 716

Bakı şəhəri, Azadlıq prospekti 26 ünvanında (28 May metro stansiyasının yaxınlığı) Kapital Bankın 24 saat ərzində fasiləsiz xidmət göstərən özünəxidmət mərkəzi açılıb. Kapital Bankın baş ofisindən “Qafqazinfo”ya verilən məlumata görə, indi bankın plastik kartına sahib olan hər bir müştəri bu imkandan istifadə edərək müstəqil şəkildə kommunal xidmətlərdən, mobil rabitədən istifadə üzrə ödənişlər apara, valyuta mübadiləsi edə, hesabını artıra və digər əməliyyatlar həyata keçirə bilər. Özünəxidmət mərkəzi müştərilərə pul vəsaitlərini kartdan karta köçürmək, PİN-kodlarını dəyişmək, hesabdakı vəsaitdən müxtəlif ödənişlər aparmaq imkanı da verir.

Özünəxidmət mərkəzi lazımi avadanlıqlarla tam komplektləşdirilib. Burada 2 adi, 2 “cash-in” tipli bankomat, 1 valyuta mübadiləsi və 2 məlumat köşkü quraşdırılıb. “Cash-in” tipli bankomatlar bank texnologiyalarının son nailiyyətlərindən sayılır. Adi bankomatlardan fərqli olaraq, bu bankomatın köməyi ilə müştəri kart hesabına vəsait daxil edə bilər. Həmin vəsait “on-layn” rejimində dərhal hesaba əlavə olunur.
Beləliklə, Kapital Bank müştərilərinin növbədə dayanmaq ehtiyacını aradan qaldırır, onların vaxtının hər dəqiqəsinə dəyər verir.

Xatırladaq ki, Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik bankdır. Ölkə boyu Bankın 89 filialı, 11 müstəqil şöbəsi fəaliyyət göstərir.

Nigar Məmmədli