“Karlsen “Real”a azarkeşlik edirsə, mən “Barsa”ya dəstək olacam”

karlsen-reala-azarkeslik-edirse-men-barsaya-destek-olacam
Oxunma sayı: 638

Şəmkirdə təşkil olunan Vüqar Həşimov Memorialının II turunda təmsilçimiz Şəhriyar Məmmədyarov Rusiya şahmatçısı Sergey Karyakinlə heç-heçə oynayıb.

"Qafqazinfo" xəbər verir ki, partiyadan sonra Karyakin jurnalistlərin suallarına cavab verib. Rusiya təmsilçisi Şəhriyar haqqında həm şahmatçı, həm də məşqçi kimi danışıb: "Heç-heçələrimiz az olmayıb. Amma Şəhriyarı yaxşı tanıdığımdan həmişə qələbəyə oynayıram. Gedişlərinə fikir verirəm. Səhv etmir, çox diqqətli oynayır. 2016-cı ildə dünya çempionluğuna iddiaçıların turnirində Şəhriyar komandamda yer almışdı. Məşqçi kimi mənə kömək etdi. Birgə hazırlığın bəhrəsi oldu. Məşqlər zamanı blits oynayırdıq. Hətta o zaman bir-birimizə fikirləşməyə vaxt vermirdik. Şəhriyar gözəl insan, daim dostuna sadiq şahmatçıdır. Bakıdakı Dünya Kubokunda üstünlüyü var idi. Sonradan vəziyyət bərabərləşdi və heç-heçə qeydə alındı. Nəticədə sonda mən qalib gələrək növbəti mərhələyə keçdim. Şəhriyarın uğur qazanmasını arzulayanlardan biri mənəm. Əlbəttə rəqib olanda dostluq müəyyən müddətə unudulur".

Synergy Group-un təşkil etdiyi turnir haqqında müsbət fikirlər söyləyən Karyakin İspaniya çempionatında "Real"-"Barselona" oyununa baxacağını dedi: "İlk növbədə təşkilatçılara təşəkkür edirəm. Möhtəşəm turnirdir. Özümü burada evimdə olduğu kimi hiss edirəm. Yalnız şahmat barədə düşünürük. Sabah birgə futbola baxmağı planlaşdırırıq. Kimə azarkeşlik edəcəm? Əgər Maqnus Karlsen "Real"a azarkeşlik edirsə, mən "Barsa"ya dəstək olacam".