Kaş ki, ermənilər Xocalıya uçaydı

kas-ki-ermeniler-xocaliya-ucaydi
Oxunma sayı: 659

Amma “açacayıq” deməyi də dayandırmırlar. Hər dəfə bir bəhanə ilə təxirə salır və deyirlər ki, mütləq açacağıq. İndi də yeni bir söz atıblar ortaya: “Texniki uçuşlar keçiriləcək”.

Bəzi ekspertlər hesab edir ki, preventiv tədbirlər görülməlidir. Xocalı aeroportu diversiya qrupları və ya raket zərbələri ilə dağıdılmalıdır. Əlbəttə bu, mümkündür. Amma bu, hərbi əməliyyatların, yəni müharibənin başlanması olardı. Azərbaycan isə hələlik bunu lazım bilmir və gözləyir.

Ermənilər isə Dağlıq Qarabağdakı hava limanına uçuşlar təşkil etmək üçün əvvəla, beynəlxalq hüquqi proseduraları yerinə yetirməlidirlər. Yəni uçuşlara başlamaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatından icazə almalıdırlar. Beynəlxalq Mülki Aviasiya Təşkilatı isə bu icazəni verə bilmir, çünki bütün beynəlxalq sənədlərdə təsdiq olunur ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.
Amma ermənilər yenə də “uçacağıq” deyir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatından izn almadan uçuş mümkündürmü?

Bu yerdə məsələ bir az sürüşkənləşir. Ermənilərin son bəyanatını və bununla bağlı informasiyanı yada salaq: Xankəndidə inşa edilən hava limanı yeni ilin əvəllərindən ilk texniki uçuşlarını həyata keçirməyə başlayacaq.
Texniki uçuş, yəni sınaq uçuşu. Belə uçuşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatından izn alınmadan həyata keçirilə bilərmi?
Bu sual açıqdır.
Yəni ermənilər sınaq uçuşu təşkil etsələr, Beynəlxalq Mülki Aviasiya Təşkilatı bunun məsuliyyətini bölüşməyə bilər.

Bəs belə bir uçuş olacağı təqdirdə Azərbaycan hansı addımları ata bilər?

Birinci variant:
Bu yerdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının sədrindən Azərbaycan Mülki Aviasiya Administrasiyasına ünvanlanan məktubu yada salaq: “Azərbaycan həmin hava gəmisini hər hansı başqa hava limanında enməyə məcbur edə bilər”.

Bu məsələdə də beynəlxalq qurumun təklif etdiyi həll variantı sürüşkəndir.

Təbii ki, İrəvandan Xocalıya təyyarə uçacağı təqdirdə onu enməyə məcbur etmək üçün Azərbaycanın HHQ-nin təyyarələri ermənilərin nəzarətində olan Dağlıq Qarabağın hava məkanına daxil olmalıdırlar.

Sual yaranır: Azərbaycan HHQ-nin təyyarələri sözügedən hava məkanına daxil ola bilirmi? Bu məqamda daha bir xatırlatma.

Azərbaycanın pilotsuz kəşfiyyat təyyarəsinin vurulması yəqin ki, yadınızdadır. Erməni tərəfi iddia edir ki, həmin pilotsuz təyyarəni S-200 raketi ilə vurublar. Əlbəttə, bu iddianı nə mən, nə də digər ekspertlər qəbul etmir. Amma məsələ ondadır ki, erməni tərəfi Dağlıq Qarabağın hava məkanına S-200-lərlə nəzarət olunduğu mesajını verir. Əslində Söhbət heç S-200-dən də getmir.

Məsələ ondadır ki, ermənilər Dağlıq Qarabağın hava məkanına daxil olan obyektləri vurmaq imkanına malikdir. Və onlar pilotsuz təyyarəni vurmaqla bu imkanlarını nümayiş etdirdilər. Deməli, İrəvandan Xocalıya istiqamət götürmüş təyyarəni enişə məcbur etmək üçün Azərbaycanın HHQ-ə məxsus təyyarələr ermənilərin nəzarətində olan hava məkanına daxil olan zaman hədəfə çevrilə bilərlər.

Bundan başqa, İrəvandan Xankəndinə gələn təyyarə Azərbaycanın de-yure tanınmış sərhədlərini keçəndən sonra Azərbaycanın adekvat reaksiyası gec ola bilər. Yəni müvafiq tədbirlər görülməsi üçün vaxt çatmaya bilər. Azərbaycan təyyarələri Dağlıq Qarabağın hava məkanına daxil olanda İrəvandan gələn təyyarə artıq Xocalıda enmiş ola bilər.
Bu variantın ən optimal sonluğu Azərbaycan HHQ-nin kor-peşman geri qayıtması ilə nəticələnə bilər. Şəxsiyyətinə və peşəkarlığına dərin ehtiram bəslədiyim Azərbaycan pilotlarının belə aqibətlə üzləşməsini arzulamazdım.

Deməli, bu variant effektli deyil.

İkinci variant:
Azərbaycan İrəvandan qalxan təyyarə sərhədi keçən kimi S-300-lə vurur.
Sadə, lakin riskli variantdır.
Risk ondadır ki, Azərbaycan bütün dünyanın gözü qarşısında mülki şəxslərə atəş açmış olacaq. Təyyarədə ancaq ekipaj üzvləri olsa belə, dünya bunu mülki şəxslərə atəş açılması kimi qiymətləndirəcək.

Üçüncü variant:
Erməni təyyarəsi Xocalı hava limanına enir, Azərbaycan isə bundan sonra “sərt” bir bəyanat verməklə “dünya ictimaiyyətinin diqqətini məsələyə yönəldir”.

Birinci və ikinci variant doğurdan da risklidir, amma ermənilərin uçuşuna veriləcək başqa reaksiya düşünmək çətindir. Çünki ermənilərin uçuşu müharibə çağırışı olacaq. Deməli, uçuş baş tutsa, Azərbaycan hərbi əməliyyatları başlamalıdır. Çünki de-yure olanı de-faktoya çevirməyin başqa yolu qalmayacaq.

Üçüncü variantda isə rəsmi Bakı Dağlıq Qarabağdan de-fakto əlini üzdüyünü etiraf etmiş olacaq.

Buna görə də kaş ki, ermənilər Xocalı aeroportuna uçaydı. O zaman ya Azərbaycan verdiyi hərbi bəyanatların arxasında duracaq və müharibə başlayacaq, ya da mənasız populist çağırışlar mərhələsinə son qoyulacaq.

Amma bu yerdə dördüncü variantı da nəzərdən qaçırmamaq lazımdı.
Təsəvvür edək ki, Tehran-İrəvan reysi ilə uçan təyyarəyə pis hava ucbatından ehtiyat aeroport lazım gəlir. Ermənilər Dağlıq Qarabağdakı hava limanını təklif edir. İran da bu təklifi qəbul edir. Bir qədər utopik görünsə də həm nəzəri, həm də praktik cəhətdən mümkün variantdır.

Bu variantda Azərbaycan hansı cavab addımı ata bilər?

Şəxsən mən bu sualın cavabını bilmirəm...