Kasıba nə bayram?!

kasiba-ne-bayram-
Oxunma sayı: 725

Sabirin sabın qazanını çömçəli-zadlı bir kənara qoyaraq ürəyinin qanı ilə yazdığı bu misralar gizlinlərində təkcə bir vicdan döyüntüsü yaşatmır, həm də kasıblığın belə hüznlü qənaətlərə əsas verdiyini sübuta yetirir.
Kasıblıq bütün dərd və bəlaların anasıdır. Kasıbın toyu kövrək, yası fəlakət, bayramı küskündür! Xüsusən əgər o həssasdırsa, boynuyoğun birisi deyilsə...
Kasıblıq elə bir zaddır ki, burnunu insanın qürur və şəxsiyyətinə, hətta şərəf və ləyaqətinə qədər soxa bilər, onu qurcalayar, qıdıqlayar, beş günlük dünyanı zindana çevirər!
Yadımdadır qaçqınlıq mal təzəyi kimi kürəyimizə təzəcə yapışmışdı, Bakı Dövlət Universitetinin “Tələbə şəhərciyi”ndə yaşayan gənc ata özünü 9-cu mərtəbədən atıb öldürdü. Səbəb çox sadə idi: bayramqabağı arvadı xırda-xuruş nələrsə almağa çıxır, balaca qızı qəssabxananın qabağında ət deyə tutdurur! Anası onu zorla dartıb aparmaq istəyəndə qəssab dözə bilmir və ətin ən müsəlman hissəsindən bir kiloqram kəsib qadına verir: “Sən də mənim bacım!”
İntihardan sonra kasıblıq ucundan həyata meydan oxuyan atanın cibindən barmaq boyda kağız çıxdı: “Qızıma bir tikə yemək ala bilmirəmsə yaşamaq mənə haramdır!”
Ömrünün ən böyük həqiqətini bir barmaq kağıza yazan bu atanı qınamaq olar, əlbəttə. Ama etiraf edək ki, bir az çətindir.
Kasıblıq insan ömrünün qöfsü-qüzehlərində hüznlü rənglər oynaşdırır, bəzən göz yaşı, köks ötürmələr, boğazda qəhər düyünlənmələri, bəzən yumor və gülüşlə müşayiət oluna bilir. Bəzən isə bu duyğuların hamısını birdən yaşadır insana...
Kasıb içirsə “alkaş”, varlı içirsə “yeyib-içən oğlan” deyərlər. Kasıbın hayına kasıb gələn kimi, elə qənimi də kasıb olar! Kasıbın qızı evdə qalmaqdan, oğlu ev ola bilməməkdən qorxar.
Heç kimə deməyin, kasıblıq bədbəxtlik sözünün sinonimidir. İmkansız insanların sevinci kasıblığın fonuna yamanmış allı-güllü parça qırıqlarını xatırladar.
Təsadüfi deyil ki, dünyanı dolayan başbilənlərin qlobal səviyyədə “həyata keçirdiyi” ən nəhəng proqramılardan biri belə adlanır: “Yoxsulluğun ləğv olunması”! Allah sizi güldürsün...
Məqam düşmüşkən bir əhvalat danışım, kefiniz açılsın. Yoxsa bu Sabirə baş qoşsaq qanımız it qanına dönəcək.
Deməli Yel çərşənbəsi axşamı Xoca Nəsrəddinin evinə oğru girir. Evində urvalıq tapılmayan Xoca utandığından gizlənir. Oğru ha hərlənirsə dişə dəyən bir şey tapmır və pəncərədən çıxıb qaçanda arxasını Xocanın barxanasına çevirib bərkdən bir yel buraxır (utanmaz!). Xoca gizləndiyi yerdən dillənir: “Deyəsən yükün ağır oldu!”.
Oğru Xoca Nəsrəddinə tərəf çevrilib başını bulayır: “Yüküm ağır olmadı eee... sənin güzəranına elədim elədiyimi. Bu nə gündü yaşayırsan, ay bədbəxt, get bir dərədə öl dəəə...”
Sağlıqla qalın!