Kasıblar, ekran başına!

kasiblar-ekran-basina
Oxunma sayı: 2933

Rövşən Naziroğlu

Xəbərlər bitər-bitməz rejissor az sonra başlayacaq yemək proqramının anonsunu ekrana verəndə əlindəki iş-gücu bir kənara atıb verilişdə bişirilən yeməklərin reseptini yazmaq üçün təşviş içində evin künc-bucağında dəftər-qələm gəzən ömrü-günü ehtiyacdan qaralmış qadınlardan biri də qonşumuz Gülzardı.

Proqram başlayır... Aparıcı ekran başındakı tamaşaçıları qiyabi, səhərin bu cır vaxtı yuxularına haram qatıb avtobusun, metronun basabasında əzilməyi gözə alaraq çəkilişə izləyici kimi qatılan bığıburma kişiləri, ağbirçək xalaları əyani salamlayandan sonra içinə yüngül təhdid qarışmış bir neçə cümlə qurmaq zəhmətinə də qatlaşıb hamını duyuq salır əsas məsələdən. “Əgər baldızınızın yanında pərt, qudanızın qabağında biabır olmaq istəmirsinizsə mütləq bizim proqrama baxın. Çünki qudanız və baldızınız qarışıq ərinizin digər qohumları da bizim verilişin daimi izləyiciləridi. Evinizə gələn qonaqların yanında hər zaman başı uca olmaq istəyirsinizsə bizim verilişi izləməyi adət halına salıb dünya şöhrətli aşpazımızdan mətbəx elminin incəliklərini öyrənin.”

Aparıcı sözunun arxasına nöqtə qondurub alqış səsləri altında yaxınlaşır aşpaza. Soruşur ki, bu gün menyuda nələr var? Aşpaz bişməkdə olan yeməkləri sadalayır: “Toyuq ləvəngisi, səbzi plov, balıq qızartması, bir də iki cür salat.”

Aparıcı plitə üstə dəm alan aşın qoxusunu ciyərinə çəkib növbəti sualı verir: “Usta, Azərbaycanda plovun neçə novü var?” Aşpaz bir az çaşantəhər olur bu naqolay sualdan. Baxışlarını tavada ahəstə-ahəstə qızarmaqda olan balığın quyruğundan ayırıb yalandan deyir: “Yüz əlli.” Bir neçə sualdan sonra o da məlum olur ki, əgər boyat kələm dolmasını ət maşınından keçirib bişmiş düyüyə qatsan Əmir Teymurun əslən azərbaycanlı olan baş aşpazının icadı olan kələm aşıyla qonaqlarını tox yola salıb rəhmətlik həmyerlimizin qərib ruhunu şad etmiş olarsan.

Ön sıralarda oturmuş ağsaqqalın gözləri iki oturacaq aralıda əyləşmiş qadının plovumuzun zəngin çeşidlərini rahat alqışlasın deyə müvəqqəti olaraq dizlərinin üstünə qoyduğu mikrofona sataşır. Əlini asta-asta uzadıb götürür mikrofonu və deyir: “18-ci əsrdə yaşamış rus tarixcisi Taramarovun "Qafqazın əsrarı" kitabında eramızdan qabaq Qobustan qayalıqlarında düşərgə salmış romalı əsgərlərin makaron süzməyi azərbaycanlılardan öyrəndiyi aydın şəkildə yazılıb.” Aşpaz bilməsə də aparıcı ağsaqqalın yalan danışdığını bilir.

Başqa vaxt olsaydı etirazını bildirərdi, amma indi vətənpərvər aparıcının damarlarında qan yerinə Araz dolanır, Kür axır. Ürəyində Atəşgah, gözlərində Yanardağ gəzdirən aparıcı aşpazdan soruşur: “Usta, dünyada bizim mətbəxdən zəngin mətbəxi olan xalq varmı?” Verilən sualın tonundan anlaşılır ki, əgər usta “Var” desə aparıcı stolun üstündəki bıçaqlardan birini göturüb aşpazın qara ciyərini deşəcək. Aşpaz da təhlükəni hiss eləyib deyir ki, vallah, yoxdu...

Yaş dolu gözlərini ayıbı kimi hər kəsdən gizləyən qadınlardandı Gulzar. Əli həmişə ürəyinin üstündə olur. Sanki ehtiyacın, yoxluğun sinəsinə medal kimi sancaqladığı agrını salıb itirəcəyindən qorxur. Gözlərini dikib ekrana. Qarşısındakı dəftərə yemək və şirniyyat reseptləri yazsa da bu yeməklərin ən ucuz başa gələnini belə bişirməyə maddi imkanlarının yaxın bir neçə ay ərzində olmayacağını yaxşı bilir. Əri işsizdi. Uşaqları məktəbdən gəlib yemək istəyəcək. Soyuducuda iki sosiska, bir dilim də pendir var. İki sosiskadan bir çətən külfətə yemək bişirəcək hünər sahibi deyil Gulzar... Olmazmı ki, yemək proqramlarının son 10 dəqiqəsi kasıblara həsr olunsun? Aparıcı uca səslə elan eləsin ki, kasıblar, ekran başına! Aşpaz, üzünü kameraya tutub izah etsin: “Böyük bir qazanı suyla doldurub içinə iki sosiska atın. Yaxşı-yaxşı qaynadandan sonra bişmiş sosiskalari evdə aclığa ən az dözümü olan körpələrinizin arasında boluşdurun... Sonra tavada soganı dağ eləyib sosiska qaynatdığınız suyun içinə tokub yaxşıca qarışdırın. Qaynara düşəndə kartof əlavə eləyin. Ancaq hamilə qadınların bu xörəkdən dadması məsləhət deyil” desin və ağlasın...