Kasıblara 4 min manat veriləcək

kasiblara-4-min-manat-verilecek
Oxunma sayı: 7655

Azər Qismət

Hazırda ölkədə 120 mindən çox ailə ünvanlı sosial yardımla təmin olunur. Onların içərisində əmək qabiliyyəti olan ailə üzvləri var ki, həmin şəxslərin aktiv əmək bazarına cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının sərəncamına əsasən ayrılacaq 6 milyon vəsait məhz bu cür insanların əmək bazarına inteqrasiya olunmasına xidmət edəcək.

“Əmək qabiliyyətli” insan o deməkdir ki, həmin şəxsin əli-ayağı var və işləyə bilər. Bax o adamlar işə cəlb ediləcək. Yaxud, həmin şəxsə biznes öyrədiləcək. Kimsə sual verə bilər ki, buna hansı ehtiyac var idi? Elə əvvəlki qaydada müavinət verilsin və kasıb getsin onu alsın da. Məsələ burasındadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sosial müavinət almaq üçün müraciət edənlərin 50 faizdən çoxu əvvəlki adamlardır. Yəni, yenə pul istəyirlər. Deməli, buradan belə bir məntiq hasil olur ki, müavinət alan hələ kasıblıqdan çıxmayıb. Bu da 2006-cı ildən tətbiq edilən müavinət sisteminin kasıb təbəqənin azaldılması formulası ilə uyğunluq təşkil etmir. Aztəminatlı ailə nəinki bu müddət ərzində kasıblıqdan çıxıb, hələ müavinətin davamı üçün yeni müraciətlə çıxış edir.

Prezident İlham Əliyevin ötən həftə aprelin 7-də imzaladığı “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamının da əsas məqsədi ondan ibarətdir ki, aztəminatlı ailələr varlansın. Bunun əsas prinsipi nədir? Aztəminatlı ailələrdən kimsə əvvəlki qaydada müavinət alar, kim istəsə əlavə gəlir əldə edər. Bunun üçün Beynəlxalq Əmək Təşkilatı yardımçı rol oynayacaq. Dövlət başçısının ayırdığı 6 milyon vəsait 68 rayonda aztəminatlı ailələrə bizneslərini qurmağa yardım edəcək. Biznesə qoşulmaq istəyən kasıb təbəqənin nümayəndələri bunun üçün müraciət edəcəklər. Kimsə deyə bilər ki, “məndən biznesmen olmaz”. Narahat olmayın. Bunun üçün Beynəlxalq Əmək Təşkilatının praktikasından istifadə olunacaq.

Belə ki, müraciət edən şəxslərin ərizələrinə baxılacaq, hər rayondan 20 ailə seçiləcək. Həmin ailələrin seçilməsi necə həyata keçiriləcək? Sorğu-sual əsasında onların həqiqətənmi bizneslə məşğul olub-olmayacaqları, yaxud vətəndaşın məsuliyyət və məsuliyyətsizliyi müəyyənləşəcək. Çünki elə şəxslər tapılar ki, onun üçün ayrılan pulu bir günün içində xərcləyib üstündən su içər. Bu məsələdə vətəndaşın xarakterinin ümumi detallarına da nəzər salınacaq. Məlum olanda ki, kasıb adam ciddidən-ciddiyə biznes qurub gəlir əldə etmək istəyir, ona 4 min manat pul veriləcək. Beynəlxalq Əmək Təşkilatı da yardım məsələsinə qoşulacaq. Yeri gəlmişkən, 4 min manatı alan kasıb taleyin ümidinə buraxılmayacaq. Layihənin unikallığı ondadır ki, aztəminatlı ailəyə fəaliyyəti müddətində biznesin qaydaları öyrədiləcək. Bunun üçün Beynəlxalq Əmək Təşkilatının treynerləri Azərbaycana gələcək. Onlar burada 136 treyner yetişdirəcəklər. Həmin treynerlər də 4 min manat verilən ailəyə biznesi necə qurmağı başa salacaqlar. Məhz bundan sonra veriləcək vəsait hesabına sözügedən ailələr özlərinin keçik biznesləri, o cümlədən heyvandarlıq, bağçılıq, arıçılıq və digər bu kimi təssərüfatlar qura biləcəklər. Bu layihənin digər əhəmiyyəti ondan ibarətdir ki, aztəminatlı ailənin qurduğu təsərrüfat dövlət tərəfindən sigortalanacaq. 4 min manatın verilməsində əsasən indiyə qədər ünvanlı sosial yardım alan ailələrə üstünlük veriləcək. Pul alacaq ailələrin 45 faizini valideynlərinin biri olmayan ailələr təşkil edəcək. Bəs, layihəyə kimlər cəlb edilməyəcək? 18 yaşdan aşağı əlil uşaqları olan ailələr, yaşı 65-dən yuxarı və əmək pensiyası almaq hüququ olmayan insanlar, uşaqların sayı 4-dən çox olan ailələr əvvəlki qaydada sosial müavinət alacaqlar. Onlar layihəyə cəlb edilməyəcək. Özünə biznes qurub varlanacaq ailələrin bu metodu digər kasıblara da öyrətmək imkanı olacaq. Kimsə sual verə bilər ki, bəs, ölkənin şəhərlərində, elə paytaxtda yaşayan aztəminatlı ailələr nə edəcəklər? Axı, onlar bina evində yaşayırlar və bir sot torpaqları yoxdur ki, bağçılıq, heyvandarlıq və arıçılıqla məşğul olsunlar?!

Statistikaya əsasən 2016-cı ilin birinci rübündə sosial yardım alan ailələrin 75 faizinin pay torpağı var və eləcə də yardım təyin olunmuş ailələrin üzvlərinin 50 faizindən çoxu yaşı 18-dən yuxarı olan insanlardır. Deməli, 75 faizin pay torpağı olsa da, yerdə qalan 25 faizin belə sahəsi yoxdur. Yaxın gələcəkdə şəhərlərdə yaşayanlar barədə də layihə təklif ediləcək.

Hesab edirəm ki, ilk vaxtlar çox az adam bizneslə məşğul olmaq üçün müraciət edəcək. Amma görəndə ki, həmin kasıblar varlandı, bax onda müraciətlərin sayı artacaq. Kim istəməz ki, pulu çox olsun, ailəsinin qarşısında utanmasın. Sadəcə, bir balaca əziyyət çəkmək lazımdır.