“Kaşıkçının ölüm əmrini Səudiyyə vəliəhdi verib” - “Vaşinqton Post”

kasikcinin-olum-emrini-seudiyye-veliehdi-verib
Oxunma sayı: 2119

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi jurnalist Camal Kaşıkçının öldürülməsi əmrinin Səudiyyə Ərəbistanı vəliəhdi Salman Əl Saud tərəfindən verildiyi qənaətinə gəlib. “Qafqazinfo” xəbər verir ki, bu barədə "Washington Post” yazıb. 

Nəşrin məlumatına görə, xüsusi xidmət orqanları bir sıra informasiya mənbələrini araşdırdıqdan sonra belə bir nəticə əldə ediblər. Bura vəliəhdin qardaşı, Səudiyyənin Vaşinqtondakı səfiri Xalid bin Salmanın Kaşıkçı ilə telefon danışığı da daxildir. Məlumata görə, diplomat Kaşıkçını inandırmağa çalışıb ki, İstanbul konsulluğuna baş çəkəcəyi halda onu heç bir təhlükə gözləməyəcək. 

Mənbələr qeyd edirlər ki, vəliəhdin qardaşının gözlənilən qətldən xəbərinin olmasına dair heç bir fakt olmasa da, zəng şahzadə Məhəmməd bin Salmanın istəyi ilə edilib. 

Nəşrə danışan və Mərkəzi Kəşfiyyat İdarəsinin mövqeyi ilə tanış olan mənbələr bildirirlər ki, vəlihədin qətllə əlaqəsini onun ölkədə tutduğu yüksək mövqeyi də təsdiqləyir. Belə ki, son zamanlar o, ölkənin faktiki lideridir və Salmanın bu qətldən xəbərinin olmaması və ya iştirakçı olmaması mümkünsüzdür. 

Səudiyyəli səfir tvitter hesabında qəzetin iddiasını təkzib edib və bildirib ki, Kaşıkçı ilə heç vaxt telefonda danışmayıb.