Keçmiş bank sədri azadlığa buraxıldı

kecmis-bank-sedri-azadliga-buraxildi
Oxunma sayı: 2977

Bakı Ağır Cinayətlər Məhkəməsində “AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun APA-ya istinadən xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Nəbiyevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) maddəsi üzrə bəraət verilib. 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddə üzrə barəsində şərti cəza seçilib və E. Nəbiyev məhkəmə zalından azadlığa buraxılıb.

Prokuror Elmixan Nəbiyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama əsasən, E. Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratması, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talaması müəyyənləşib.