Keçmiş icra başçısı Kəlbəcərin işğalından yazdı

kecmis-icra-bascisi-kelbecerin-isgalindan-yazdi-
Oxunma sayı: 1924

Azərbaycanın ayrılmaz bir parçası olan Kəlbəcər rayonu zənginliyinə görə digər rayonlardan qat-qat üstündür. Kəlbəcər təbiəti, yer üstü və yer altı zənginliyi ilə çox imkanlı bir rayondur. Çox təəssüflər olsun ki, bu zəngin, gözəl ərazisi və təbiəti olan bir rayon artıq 19 ildir ki ermənilərin işğalı altındadır.

Tarix boyu ermənilər Kəlbəcər kimi bir rayonu işğal etmək üçün çox çirkin əməllərə əl atıblar. Onların bu arzusuna çatmağına 1992-ci ildə hakimiyyətdə olan AXC və Müsavat hakimiyyətinin səriştəsizliyi, bacarıqsızlığı, hakimiyyət uğrunda mübarizələri və digər faktorlar şərait yaratdı.

Kəlbəcər alınmaz bir qala idi. Onun belə asanlıqla, 3-4 gün ərzində itirilməsinə inanmaq olmazdı. Rayonun işğalına hələ 1988-ci ildə DQ ərazisində baş verən məlum hadisələr zamanı start verilmişdi. Lakin Kəlbəcərlilər hər cür əzab-əziyyətlərə qatlaşaraq, çətinliklərə dözüb düşmənlə ayıq-sayıq mübarizə aparıb torpaqlarını qoruyurdu. 1990-cı ildən başlayaraq vəziyyət getdikcə gərginləşirdi. Bu gərginlikdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışan qruplar, şəxslər, hakimiyyət hərisləri çox bəhrələnməyə can atırdılar. Onları xalq, vətən, torpaq, millət qayğısına qalmaq yox, vəzifə tutub, var-dövlət, sərvət toplamaq eşqi daha çox maraqlandırırdı. Sonda nəticə bəlli oldu. Bir illik hakimiyyətləri dövründə alınmaz qala olan Kəlbəcərin itirilməsinə nail oldular. 01 aprel 1996-cı ildə ulu öndər Heydər Əliyev Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdə yerləşir ki, oranı işğal etmək sadəcə olaraq mümkün deyildir. Təsadüf deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildən hücum etmiş, Kəlbəcəri isə 1993-cü ilin mart ayının sonunda işğal etməyə nail olmuşlar. Həmin vaxt Azərbaycanın bir çox bölgələri, həmçinin bütünlüklə DQ və Kəlbəcərlə qonşu olan Laçın rayonu da işğal edilmişdir. Kəlbəcər hər tərəfindən su ilə əhatə olunmuş bir ada kimi qalmışdı. Kəlbəcərin itirilməsi Kəlbəcərlilərə mənəvi, sağalmaz bir zərbə oldu. Eyni zamanda Azərbaycan torpaqlarının 20% işğal olunmasına şərait yaratdı. Mühüm strateji və alınmaz bir qalanın itirilməsini heç vaxt ağla belə gətirmək mümkün deyildi. Bir sözlə Kəlbəcər səriştəsiz rəhbərlərin məsuliyyətsizliyi nəticəsində düşmənlər tərəfindən işğal olundu. Tarix boyu ermənilər Kəlbəcərin yer altı və yer üstü sərvətlərinə sahib olmağa çalışırdı. Hələ o vaxtlardan rayonun ərazisində olan Söyüdlü adlanan yerdən qızıl çıxardıb aparırdılar. İndi isə nəinki qızılı, hətta yüksək dəyərə malik civəni, əvəzsiz müalicəvi əhəmiyyəti olan isti-suyu, mərməri, meşə və çox saylı tikinti materiallarını talan edib Ermənistana aparır və bu hərəkətləri ilə rayonun ekologiyasına çox böyük ziyanlar vururlar. Buna qane olmayıb Basarkeçər-Kəlbəcər yolunu çəkməklə DQ–ın Ermənistanla gediş-gəlişini asanlaşdırmaq kimi çirkin oyunlarından əl çəkmirlər. Bu yolun çəkilişi ilə onlar Kəlbəcərin qaytarılmayacağına ümid edirlər. Mən əminəm ki, onların bu arzusu ürəklərində qalacaqdır. Möhtərəm prezidentimiz cənab İlham Əliyev bütün görüşlərində bəyan etdiyi kimi Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, işğal olunmuş bütün ərazilər azad olunacaqdır. Bir qarışda olsun işğal altında olan torpaqlardan ermənilərdə qala bilməz. Bunun üçün bütün Azərbaycan xalqı, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməli, işğal olunmuş torpaqlarımızı düşmənlərdən azad etməlidir. Birinci növbədə Laçın, Şuşa, Kəlbəcər işğaldan azad olunmalıdır. Əks halda gələcəkdə Azərbaycanın ərazi bütövlüyü zərbə altında ola bilər. Hiyləgər düşmən tarix boyu öz çirkin işğalçılıq əməllərindən əl çəkməmişdir. Növbəti çirkin əməlləri də, Türkiyə dövlətinə böhtan ataraq soyqırım siyasətindən istifadə etməsidir.
Havadarları Fransa və başqa dövlətlərdə onların bu çirkin siyasətlərini dəstəkləyirlər. Onların bütün hərəkətləri beynəlxalq norma və qaydalara ziddir. Lakin beynəlxalq təşkilatlar bu cür hadisələrə hələ də beynəlxalq qanun və normalar çərçivəsinə uyğun münasibətlər bildirmirlər. Bu da onların ikili standartlar yürütməsi deməkdir.

Sahib Əkbərov
Kəlbəcərin keçmiş icra başçısı