Keçmiş məhkumların sosial adaptasiyası məsələləri həll olunur

kecmis-mehkumlarin-sosial-adaptasiyasi-meseleleri-hell-olunur
Oxunma sayı: 645

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirliyin və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Nazirlər Kabinetinin, ədliyyə, səhiyyə, təhsil və daxili işlər nazirliklərinin, Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, digər hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov keyfiyyətcə yeni inkişaf mərhələsində olan ölkəmizdə əhalinin sosial müdafiəsi ilə bağlı dövlət siyasətinin mütərəqqi beynəlxalq təcrübə əsasında daim təkmilləşdirilməsi istiqamətində görülən işlərdən söz açaraq, çətin həyat şəraitində olan insanların, o cümlədən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin səmərəli sosial təminat sistemi ilə əhatə olunmasının prioritet əhəmiyyət kəsb etdiyini, bu sahədə məqsədyönlü işlərin görüldüyünü vurğulayıb.

Elnur Sultanov bildirib ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası – onların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədi ilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemini nəzərdə tutur.

Bu tədbirlər həmin şəxslərin qeydiyyata alınması, onlar üçün sosial adaptasiya mərkəzlərinin yaradılmasını, onlardan daimi yaşayış sahəsi olmayanların Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin edilməsini, həmçinin bu insanların peşə hazırlığı işinin təşkilini, onların işlə, tibbi və sosial yardımla təmin onunmasını əhatə edir. Adıgedən Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli 606 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə nazirlik tərəfindən 26 oktyabr 2011-ci il tarixli 11/7-197 nömrəli Əmrlə Tədbirlər Planı təsdiq olunmuşdur.

Qeyd olunub ki, keçmiş məhkumların azadlığa çıxdıqdan sonra əksər hallarda şəxsiyyət vəsiqəsi, daimi yaşayış yeri, sağlamlıq və məşğulluqla bağlı üzləşdikləri çətinliklərdən danışaraq, bildirib ki, hətta bəzi hallarda cəza çəkməkdən azad edilmiş şəxslər bu problemlərdən çıxış yolunu yenidən cinayət törətməkdə görürlər.
Keçmiş məhkumlar tərəfindən təkrarən törədilən cinayətlərin əksəriyyəti müxtəlif məsələlərlə əlaqədar hüquqi, tibbi və psixoloji yardımların göstərilməməsi səbəblərindən baş verir. Xüsusilə də azadlığa çıxan qadınlar bir çox hallarda insan alverinin qurbanı olmaq təhlükəsi ilə üz-üzə qalırlar.

Tədbirdə «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 6, 8 və 10-cu maddələrinə əsasən, keçmiş məhkumların müvəqqəti yaşayış yeri probleminin həlli, eləcə də onların sosial adaptasiyası məqsədilə Sosial Adaptasiya Mərkəzlərinin yaradılmasının labüdlüyü vurğulanıb və ölkəmizdə belə mərkəzlərin yaradılmasının nəzərdə tutulduğu qeyd edilib.

Dəyirmi masa iştirakçıları tərəfindən həmçinin müvafiq qanunda nəzərdə tutulduğu kimi, cəza çəkməkdən azad edilmiş şəxslərin qeydiyyatdan keçirilməsi, onlara lazımi sənədlərin verilməsi və ehtiyacı olan keçmiş məhkumların birdəfəlik maliyyə yardımı ilə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.