Keçmiş nazir Türkiyədə biznes qurdu

kecmis-nazir-turkiyede-biznes-qurdu
Oxunma sayı: 3768


“Qafqazinfo” Azərbaycanın sabiq maliyyə naziri (1999-2006) Əvəz Ələkbərovun Publika.Az-a verdiyi müsahibəni təqdim edir: 

-Hazırda nə işlə məşğulsunuz?

-Türkiyəyə tez-tez gedib gəlirəm. Türkiyədə kiçik bizneslə məşğulam. Orada özəl şirkətin Müşahidə Şurasında təmsil olunuram. Digər şirkətdə isə baş konsultantam. Eyni zamanda elmi işlərim də var. Dünyada gedən maliyyə böhranı ilə bağlı yeni kitab yazıram. Kitabın da “Dünya maliyyə böhranı: səbəb və nəticələr” adlanır. Yəqin ki, kitab bu ilin may ayında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çap olunacaq. Kitab xarici ölkədə çapdan çıxacaq.   

-Azərbaycanla əlaqələriniz hansı səviyyədədir?

- Demək olar, 1 ayda cəmi 1 həftə Azərbaycanda oluram. Başqa vaxtları Türkiyədə oluram. Demək olar ki, İstanbulda yaşayıram. Həyat yoldaşım da tez-tez Türkiyəyə gəlib gedir.  

-Hazırda YAP ilə əlaqələriniz qalır?

- Mən bu komandanın üzvü olmuşam, uzun müddət Heydər Əliyevlə işləmişəm. Vicdanım təmizdir, heç bir qruplaşmaya girməmişəm, hər zaman başımı aşağı sallayıb işimlə məşğul olmuşam. Nə edə bilərəm? Hər kəsin öz qisməti və taleyi var. Mən vəzifədən çıxandan sonra iqtisad elmləri doktorluğunu müdafiə etmişəm. Çoxlu elmi əsərlərim, monoqrafiyalarım çıxıb. İnsan öz gücündən çox iş görə bilməz. Yeni Azərbaycan Partiyasından (YAP) da çıxarılmamışam, mənim YAP Siyasi Şurasında üzv qalmağımı məsləhət görmədilər. YAP-a da hərdən gedib gəlirəm. Azərbaycanla əlaqələrim azalıb. Hətta nazir olduğum zaman dövlət vəzifəsində çalışmış keçmiş dostlarla da əlaqələrim yoxdur.  

-“Texnikabank”ın Müşahidə Şurasının həbs olunmuş sabiq sədri Etibar Əliyevlə sizin yaxın münasibətlərinizin olması, hətta sizin nazir olduğunuz dövrdə onun müəyyən güzəştlər əldə etməsi barədə məlumatlar yayılmışdı. Bu cür məlumatlar nə qədər doğrudur?

 -Mənim Etibar Əliyevlə heç bir əlaqəm olmayıb. Mən, ümumiyyətlə, o adamı tanımıram. Onunla guya əlaqələrimin olması barədə deyilənlər tamamilə absurddur. Mən o insanı ümumiyyətlə görməmişəm və heç bir əməkdşlığım olmayıb.  

-Digər bir məlumat isə maliyyə naziri postundan kənarlaşdırıldıqdan sonra sizin bahalı xarici avtomobillərin biznesiylə məşğul olmağınız barədədir...

-Kaş ki, elə olaydı. O zaman nə gözəl olardı (gülür). Mən heç bir maşın biznesi ilə məşğul olmuram.

-Bəs Azərbaycanda hər hansı dövlət işiniz var?

-Xeyr, heç bir dövlət işim də yoxdur. Dediyim kimi, Türkiyədə kiçik bizneslə məşğulam. Eyni zamanda elmi işlərim var. Bu deyilənlərin hamısı boş söhbətlərdir. Qoyun yazsınlar ki, Əvəz Ələkbərov sağ-salamatdır.

-Azərbaycanda sizə dövlət vəzifəsi təklif olunsa, bunu necə qiymətləndirərdiniz?

-Vallah, hər yaşın öz gözəlliyi var da. Vəzifə üçün 40-50 yaş yaxşıdır. Artıq  yaşım 60-ı ötüb. Digər tərəfdən isə indi mənə vəzifə təklif olunacağına inanmıram. Mən düşünmürəm ki, belə bir şey olsun.  

- Sizinlə eyni vaxtlarda çalışmış həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov bu gün məhkəmədən hakimiyyəti Qərbi Azərbaycandan olan şəxslərin vəzifədən alınmasında ittiham edir. Ümumiyyətlə, bu yanaşma ilə razısınızmı?   

- Bilirsiniz, mən siyasi xətlərdə ehtiyatlı davranıram. Ancaq bu gün o qədər Ermənistandan olan insanlar Azərbaycanda böyük vəzifələrdə çalışır. Hətta indi onların sayı daha da artır. Bu barədə ayrı-seçkilik var və sairə söyləmək doğru deyil. İndi Azərbaycanda yüksək vəzifələrdə çalışanlar bütün zonalardan təmsil olunur. Tədricən, bunlar gənclərlə əvəz olunur. Mən kiminsə yerlisi olduğuma görə də bu məsələ barədə xüsusi təhqiqat aparmıram. Bu gün Ermənistandan olan və  yüksək vəzifədə çalışan şəxslər çoxdur. Xeyli nazirlər və komitə sədrləri Ermənistandandır. Misal üçün deyim ki, hətta yeni təyin olunan kənd təsərrüfatı naziri Heydər Əsədov, baş nazirin müavini İsmət Abbasov, Milli Məclisin sədri Oqtay Əsədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və digərləri də ermənistanlıdır.    

- İpoteka kreditlərinin verilməsi ilə bağlı bir neçə ildir ki, təkliflər hazırlanır. Maliyyə nazirinə də bu məsələ ilə bağlı bir sıra tapşırıqlar verilib. Əslində, bu prosesə sizin nazir olduğunuz dövrdən başlanılıb. İpoteka kreditlərinin verilməsi ilə bağlı hansı təklif və tövsiyələriniz var?

- Bilirsiniz, mən istəmirəm ki, bu işlərə müdaxilə edim. Mən bu proseslərdən artıq uzaqlaşmışam. Ümumiyyətlə, bu məsələ ilə bağlı adımın çəkilməsini belə istəmirəm. Bütün problemlər barədə mənim öz fikirlərim və elmi yanaşmam var, ancaq mən bunları ortaya qoysam, o zaman vəziyyət tamam başqa cür olar. Ona görə də mən bu proseslərdən bilərəkdən kənara çəkilmişəm. İndi dövlət başçısının da bu məsələ ilə tapşırığı var və lazımdır ki, icra edilsin.

-Bu yaxınlarda fəaliyyətinizlə bağlı hansı yeniliklər gözlənilir?

-Bu yaxınlarda Türkiyədə biznes işimlə bağlı yenilik gözlənilir.

- Türkiyədə seçkilər yaxınlaşır. Ölkə daxilində bir sıra proseslər baş verir. Bütün bunların sizin biznes fəaliyyətinizə təsiri olurmu?

 - Xeyr, heç bir təsiri olmur. Çünki mən siyasi proseslərdən uzağam.