“Keçmişimdə ləkə olsaydı, sizin kimi tərbiyəsizlərlə polemikaya girməzdim” - Millət vəkili

kecmisimde-leke-olsaydi-sizin-kimi-terbiyesizlerle-polemikaya-girmezdim
Oxunma sayı: 6269

Millət vəkili Adil Əliyev bir neçə gün öncə Avropada oturum haqqı almaq istəyən və buna görə də Qərb ölkələrinə sığınan bəzi azərbaycanlıların Prezident İlham Əliyev haqqında ağızlarına gələni danışdığını, təhqiramiz ifadələr işlətdiyini və sosial şəbəklərdə bu səpgili görüntülər yaydığını bildirərək bunun yolverilməz olduğunu bildirmişdi. Lakin bundan sonra deputata qarşı səsləndirilən tənqidi fikirlərin ard-arası kəsilməyib.

“Qafqazinfo”nun məlumatına görə, A. Əliyev “Avropadakı söyüşçül üçlüyə son cavabım” adlı yeni yazısı ilə onu ağır ittiham edənlərə cavab verib.

“Deməli, Avropada sığınacaq alan kiçik qrupun ən söyüşçül 3 üzvü (mənim adımı hər görüntülərində çəksələr də, onlar üçün şərəf olmasın deyə isimlərini tələffüz etməyəcəm) növbətə dəfə mənə qarşı təhqir və yalanlarını səsləndirib və bunu sosial şəbəkədə yayıblar. “Günahım” odur ki, bu üçlüyün Azərbaycan prezidentinə qarşı etdikləri tərbiyəsizliyə etiraz etmişəm, sosial şəbəkədə tənqidlərimi yazmışam. Ancaq mənim yazdığım heç bir cümlədə təhqiredici fikir yoxdur, qarşı tərəf kim olursa-olsun bizim kitabımızda təhqir etmək yoxdur. Bizim tərbiyəmiz buna yol vermir”.

A. Əliyev bildirib ki, qarşı tərəf onu keçmişdə polis olmaqda günahlandırır:

“Birincisi, 1 saatdan çox təhqir dolu görüntülərində məni onda günahlandırırlar ki, keçmişdə polis işçisi olmuşam və bunların axsaq düşüncəsinə görə polis olmaq böyük qəbahətdir. Bəli, keçmişdə polisdə xidmət etmişəm və bununla fəxr edirəm. Vəzifəsini ləyaqətlə yerinə yetirən polislərdən olmuşam, belələri sıralarımızda mütləq əksəriyyətdir. Polisdə hamıya qara yaxmaq dövlətə qara yaxmaq deməkdir. Çünki bəyənmədiyiniz polis dövlətin və millətin təhlükəsizliyinin keşiyində dayanıb. Polisdən söz düşmüşkən, görüntünü yayımlayan həmin üçlükdən birini tanıdım, o da məni tanımamış deyil. Hələ 2003-cü ildə Yasamal Polisində cinayət axtarış şöbəsində işlədiyim dövrdə öz hərəkat yoldaşları haqqında bizə kifayət qədər məlumat verib, ləqəbini də bilirəm. Əlimdə kifayət qədər sənədli sübutum da var, sadəcə dövlət maraqları baxımından açıqlamağı hələ ki, lüzum bilmirəm. Sadəcə, qoy öz “dostları” düşünsünlər ki, yanlarındakı kimdir və bir gün başlarına hansı xətanı açacaq. Bir dəfə satan, on dəfə satar! Bu, alışqanlıqdır”.

Əliyev qeyd edib ki, həmin şəxslərdən biri onunla haqq-hesab çürütmək üçün deputatı Avropaya çağırıb: 

“Bunlar guya müxalifətdirlər, qanqster və ya killer kimi danışırlar. Mən Avropa ölkələrində ara-sıra oluram. Səninlə rastlaşsam sözümü üzünə deyərəm, hansı idman növü ilə məşğul olduğumdan da yəqin məlumatın var, görüşsək keçmişindən sənə bəzi xatırlatmalar da edəcəm. Ancaq tələsirsənsə, səni öz vətənində gözləyirəm, yoxsa Azərbaycanı daha vətən saymırsan? Gəl oturaq danışaq, söhbət edək, fikirlərini deyərsən, yox əgər min kilometrlərlə məsafədən söyüş söyməyə üstünlük verirsənsə səninlə ağız-ağıza vermək mənlik deyil, ünvanı səhv salmısan. Sözümü sizə və sizin kimlərə bir neçə dəfə dedim, anlamaq istəmirsinizsə, bu artıq sizin problemdir. Mənim keçmişimdə nəsə ləkə və ya ehtiyat etdiyim məqam olsaydı, heç zaman sizin kimi tərbiyəsizlərlə polemikaya girməzdim. Məhz özümə və keçmişimə tam arxayınam ki, dövləti və prezidenti sizin kimi tərbiyəsizlərdən qorumaq məcburiyyətindəyəm və çəkinmədən sözümü də deyirəm.  

Sizinlə polemikaya hələ ki, burada nöqtə qoyuram. Sizin üçün şərəf olar ki, hər dəfə sizə cavab verəm. Biriniz hətta son görüntüdə yalvarırdınız ki, “Adil Əliyev niyə mənim adımı çəkməyib, axı şəkilləri ayaqyolundan mən yapışdırmışam?”.  Sənin adını elə məhz ona görə çəkmirəm ki, etdiyin əmələ görə bu sənin üçün böyük şərəf olar. Siz uzaq ölkədə söyüş söyməyinizi və tərbiyəsizliklərinizi davam etdirin, mən isə əqidə yoldaşlarımla Azərbaycanın inkişafıyla və mövcud problemlərin həlli ilə məşğul olaq. Bir daha aramızdakı fərqi sizə izah etdim.  Sizin işiniz söymək, bağırmaq, təhqir etmək, bizimki isə qurub-yaratmaq və insanların problemlərinin həlli ilə məşğul olmaqdır!”.