Kəmalə Ağazadə rüşvətdə və dələduzluqda ittiham edilir

kemale-agazade-rusvetde-ve-deleduzluqda-ittiham-edilir
Oxunma sayı: 7093

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin məhkəməsi başlayır.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesin hazırlıq iclası aprelin 30-da keçiriləcək. 

İttihama görə, K.Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib. O həmçinin, özünün görməli olduğu işə görə vətəndaşı başqa bir vəzifəli şəxsə rüşvət verməyə təhrik edib. Bu əməli bir neçə dəfə təkrarlayıb. 

K.Ağazadə 1998-ci ilin oktyabr ayından Azərbaycan Uşaqları Birliyinin sədridir. O, bu vəzifədə işləyərkən Səhiyyə Nazirliyi ilə “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” lahiyəsinin tətbiqi üçün əməkdaşlıq edib.

Bu məqsədlə 2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb. 

Həmin müqavilənin müddəti bitdikdən sonra K.Ağazadə Səhiyyə Nazirliyindəki vəzifəli şəxsə rüşvət verərək əməkdaşlıq müqaviləsinin müddətinin uzadılacağını vəd edib və adıçəkilən 3 nəfərlə yenidən müqavilə bağlayacağını vəd edib. 

K. Ağazadə bu məqsədlə 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqları Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib. Nazirlikdəki vəzifəli şəxsə pul verəcəyini isə yalan deyib. 

 K.Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

O, həbs edilməsə də, barəsində polisin nəzarətinə verilməklə başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Murad Əhməd