“Kənddən şəhərə” layihəsinin təqdimatı keçirildi

kendden-sehere-layihesinin-teqdimati-kecirildi
Oxunma sayı: 4264

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki,  iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-ə yaxın şirkət nümayəndəsinin iştirak etdiyi tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib, İxracatçılar Klubu və “Dövlət Aqrar Ticarət Şirkəti” MMC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.

İclasda çıxış edən AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev  iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu vurğulayıb, Azərbaycan məhsullarının ixracı, “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

Y. Abdullayev yeni yaranan “Dövlət Aqrar Ticarət Şirkəti” barədə məlumat verib. Görüşün Dövlət Aqrar Ticarət Şirkətinin kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsinə hansı formada dəstək verə biləcəyini müzakirə etmək məqsədilə keçirildiyini bildirib. 

Daha sonra Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova Şirkətin fəaliyyəti və “Kənddən Şəhərə” layihəsi barədə təqdimatla çıxış edib. O, rəhbərlik etdiyi qurumun əsas məqsədinin fermerlərin məhsullarının ölkə daxilində və xaricində satışını həyata keçirmək olduğunu diqqətə çatdırıb: 

Üç aylıq fəaliyyəti dövründə Şirkət nümayəndələrinin regionlarda fermerlərlə görüşdüyünü, onların qarşılaşdıqları problemlərlə yerində maraqlandıqlarını diqqətə çatdıran Leyla Məmmədova Şirkətə edilən müraciətlərin böyük qisminin müsbət həllini tapdığını bildirib: 

“Bu müddət ərzində 150-dən çox fermerlərlə görüşmüşük. 200-dən artıq müraciət daxil olub. Daxil olan müraciətlərin təxminən 70 faizinin, daha dəqiq desək 138 müraciətin müsbət həllinə nail olmuşuq. Bu istiqamətdə fəaliyyətimizi artan templə davam etdirmək əzmindəyik.”

Kiçik və orta fermer təsərrüfatı sahiblərinin ən çox üzləşdiyi problemin məhsul satışını həyata keçirəcəkləri yerlə bağlı olduğunu deyən Leyla Məmmədova bu gün təqdimatı gerçəkləşən “Kənddən şəhərə” layihəsinin bu problemin azaldılması üçün bir addım olacağını bildirib: 

“Bu gün təqdimatını etdiyimiz “Kənddən şəhərə” layihəsinin tərkib hissəsi olaraq şəhərin müxtəlif məkanlarında kənd təsərrüfatı məhsullarının satılacağı mağazalar şəbəkəsi istifadəyə veriləcək. İlk belə mağazanın açılışı oktyabr ayının sonlarında baş tutacaq. Mağaza həm kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışına, həm də əhalinin keyfiyyətli və təbii məhsullarla təmin olunmasına xidmət edəcək.”