Kəndlinin qar həsrəti

Kəndlinin qar həsrəti
Oxunma sayı: 1451

Dünya Sakit

Azərbaycanda ötən ilin ortalarından başlayan quraqlıq davam edir. Ölkə sözün həqiqi mənasında, qışa həsrət qaldı. Nəinki dağətəyi, heç dağ rayonlarında da düz-əməlli qar yağmır. Gədəbəydən, Daşkəsəndən, Qusardan olan dostlardan kim rayona gedib-gəlirsə, eyni fikri söyləyir: bu il kəndə qar düşməyib. Bu günlərdə ötən il sosial şəbəkədəki bir paylaşımım qarşıma çıxdı. Paylaşımda kəndimizdə 3-4 gündür qarın aramsız yağdığını qeyd etmişəm. Bu il isə cəmi bir dəfə qar düşüb – heç 3-4 saat keçməmiş əriyib yox olub.

Yaxınlarda kəndimizə yolum düşmüşdü. Kənddə heç vaxt görmədiyim bir vəziyyət vardı: torpaq qupquru idi. Kəndin torpaq yollarında maşın gedəndə tozanaq qopurdu. Mən gözümü açandan fevral ayında o kəndin küçələrində qar-palçıq əskik olmayıb. İndi isə toz-tozanaq idi.

Əslində, rayonların qaz-enerji təchizatının indiki səviyyəsilə kiminsə qar-soyuq arzulaması qəribə görünə bilər. Lakin hazırda camaatın tək dərdi qar yağmamasıdır desəm, şişirtmə olmayacaq. Hava şəraiti kəndlinin əkinlərini böyük təhlükə qarşısında qoyub: payızlıq taxıl vaxtından əvvəl boy qaldırıb, bu gedişlə sünbül açmağa belə macal tapmayacaq. Yazlıq əkin əkmək istəyənlər böyük tərəddüd içərisindədirlər. İnsanlar havaların belə davam edəcəyi təqdirdə əkdiklərinin susuzluqdan yanacağından narahatdılar. Bir çox yaşlı insanlar hətta yazda yağanlıq olsa belə, qarın yağmaması üzündən payızlıq əkinlərdə məhsuldarlığın çox aşağı olacağı qənaətindədirlər.

Azərbaycan su təchizatı baxımından Cənubi Qafqaz ölkələrinin ən “kasıbı”dır. Ölkəmizdə əsas su ehtiyatları başqa ölkələrin ərazisindən axıb gələn çaylar hesabına formalaşır. Yerli çayların təchizatda payı çox azdır. Yağıntıların miqdarı az olduqda bu pay daha da azalır. Belə ki, çayların əsas “qida mənbəyi” olan buzlaqlar Böyük Qafqaz dağlarında yerləşir. Son 70 ildə dağ zirvələrindəki buzlaqların sahəsi xeyli azalıb.

Hazırda buzlaqların sahəsi təqribən 6,6 kvadratkilometr, su ehtiyatı isə 0,08 kubkilometr təşkil edir. Kiçik Qafqazda isə kiçik bir buzlaq mövcuddur. Buzlaqlar çayların qidalanmasında və illik su ehtiyatlarının tənzimlənməsində mühüm rol oynayır. Havaların quraq, qışın isti və qarsız keçməsi həm buzlaqların sahəsinin daha da kiçilməsinə, həm də çaylarda sululuğun kəskin azalmasına gətirib çıxarır. Bu isə çayların üzərindəki su anbarlarında yetərincə ehtiyatların toplanmasına imkan vermir. Məsələn, Tovuzda Tovuz çayı üzərində yeni tikilən su anbarı heç yarısına qədər də dolmayıb. Camaatın dediyinə görə, bir ildən çox müddətdə anbarı dolu görməyiblər.

Azərbaycanda əkinçiliyin əsas hissəsi suvarılan sahələrdə aparılır. Hətta ilk yarımildə yağıntıların bol olduğu ötən il minlərlə hektar sahələrdə əkinlər susuzluqdan məhv oldu. Onların böyük hissəsi isə pambıq və şəkər çuğunduru sahələriydi.

İyuldan başlayan quraqlıq su ehtiyatlarının daha da azalmasını şərtləndirib. Bu şəraitdə kənd təsərrüfatına rəhbərlik edən qurumların əkinlərlə bağlı xüsusi planlaşma aparmasına ciddi ehtiyac var. Suvarma imkanlarının məhdud olduğu ərazilərdə bol su tələb edən bitkilərin əkilməməsi üçün əhali arasında təbliğat aparılmalıdır. Bu, həm kəndlinin əziyyətinin, həm də dövlətin əkinlərə görə ayrılacaq on milyonlarla manatının boşa çıxmasının qarşısını almış olar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi