Kəpənək problemi yaranıb

kepenek-problemi-yaranib
Oxunma sayı: 3644

Azərbaycanda son illər ərzində həşəratlar sinfinin dünyada ən geniş yayılmış çoxsaylı qruplarından biri olan kəpənəklərin sayı azalıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun "Quru onurğasızları" laboratoriyasının kiçik elmi işçisi Nigar Yusifova bildirib. N.Yusifovanın sözlərinə görə, hazırkı dövrdə kəpənəklərin azalmasına təsir göstərən əsas səbəblərdən biri onların öz təbii yaşayış mühitini itirməsidir:

"Ətraf mühitdə baş verən dəyişikliklərə son dərəcə həssas orqanizmlər olan kəpənəklərin öz təbii yaşayış mühitini itirməsinin başlıca səbəbi respublikamızın bölgələrinin meşə və açıqlıq ərazilərində istirahət zonalarının salınması nəticəsində ərazinin antropogen təsirə məruz qalmasıdır. Digər tərəfdən, otlaq və çəmənlik ərazilərdə müxtəlif kənd təsərrüfatı əhəmiyyətli iri və xırdabuynuzlu heyvanların otarılması, çəmənlik ərazilərin əkin üçün istifadə edilməsi həmin ərazidə bitki örtüyünün zəifləməsinə gətirib çıxarır. Nəticədə kəpənəklərin nəsil artırması və qidalanması üçün xarakterik olan bitkilər məhv olur və bu da öz növbəsində onların sayına öz mənfi təsirini göstərir".

O əlavə edib ki, yerli və xarici həvəskar kolleksiyaçılar tərəfindən iriölçülü nadir rast gəlinən növlərin tutulması da kəpənəklərin sayının azalmasına səbəb olan amillərdəndir.

Kəpənəklərin sayının azalmasının yaratdığı mənfi nəticələrdən danışan N.Yusifova bildirib ki, bu, onlarla qidalanan suda-quruda yaşayanların, sürünənlərin, quşların, məməlilərin və kəpənəklərlə tozlanan bitkilərin sayına da mənfi təsir edir.

Kəpənəklərin çiçəkli bitkilərin tozlanmasında böyük rol oynadığını söyləyən tədqiqatçı deyib ki, təbiətdə bitən yabanı bitkilərin 80%-i həşəratlar vasitəsilə tozlanma hesabına böyüyüb inkişaf edirlər.