““Kəpəz”in, “Xəzər Lənkəran”ın azarkeşləri bir yerdə belə “Neftçi” qədər eləmir”

kepezin-xezer-lenkeranin-azarkesleri-bir-yerde-bele-neftci-qeder-elemir
Oxunma sayı: 647

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev klubun muzeyinin və fanşopunun açılış mərasimindən sonra brifinq keçirib. "Qafqazinfo" xəbər verir ki, klub rəhbəri jurnalistlərin suallarını cavablandırıb

- “Neftçi”nin 80 illik yubiley mövsümü, həmin vaxt muzeyin və fanşopun açılışı sizin vaxtınıza təsadüf etdi. Təəssüratlarınızı bilmək maraqlı olardı..

- Düzdü, son ildə çətinliklərimiz, məğlubiyyətlərimiz olsa da, ən şanlı tarix “Neftçi”nindi. 80 ildə bu komandanın necə oynadığını, hansı uğurlar qazandığını bu muzeydə görürsünüz. Mən özüm baxanda fəxr edirəm. Hələ uşaq olarkən gəlib "Neftçi"nin oyunlarını izləyirdim. Yaşar Babayev, Kazbek Tuayev kimi dahi futbolçular indi də bizimlədilər. Adam baxır, inana bilmir. Allah canlarını sağ eləsin. Bu, nəinki “Neftçi”nin, bütün Azərbaycan futboluunun tarixidi. Həmin tarixi burda bərpa etdiyimiz üçün qürur duyuruq. İnsanlar gəlib bunu muzeydə görə biləcəklər.

- Komandanın növbəti mövsümlə bağlı planları müəyəyləşibmi?

- Həmişə jurnalistləri obyektivliyə dəvət etmişəm. Qış fasiləsindən sonrakı dövrü götürərək xalları hesablasanız, görərsiniz ki, çempionat bu ildən başlasaydı, "Neftçi" indi 2-ci pillədə idi. Təbii ki, bu, mümkün ola bilməz. “Qəbələ”, “Qarabağ”la oyunlarda bəzi səhvlərimiz olub. Ancaq uğursuz çıxış etdiyimizi deyə bilmərik. Düzdü, uduzduğumuz oyunlar da olub. Mövsümün ilk yarısında yetərincə xallar itirmişik. Növbəti mövsümdən isə düşünürük ki, komanda ilk iki yer uğrunda mübarizə aparmalıdı.

- Baş məşqçi dəyişikliyi ediləcəyi ilə bağlı söz-söhbət gəzir. Elxan Abdullayev postunda qalacaqmı?

- Söz-söhbətlərə inanmıram və baş məşqçini dəyişmək istəmirik. Hələ ki, Elxan müəllimdən razıyıq. Baş məşqçimiz işinin başındadı və onunla yollarını ayırmaq fikrimiz yoxdu. Azarkeşlərin uduzanda narazılıq bildirmələrini başa düşürəm. Adicə “Arsenal” kimi klub məğlub olanda Arsen Venger kimi əfsanəvi məşqçi nələrlə üzləşir. Ancaq azarkeşlər xuliqanlıq etməsinlər, nalayiq sözlər deməsinlər. Çünki bu, insana pis təsir edir. 

- Ötən yay "Qəbələ"yə keçən Ruslan Qurbanovun “Neftçi”yə qayıdacağı bildirilir. Bu, doğrudumu?

- Bunu danışmışıq, amma hələ eşitməmişəm.

- Avropa Liqasına çıxmaq şansınız qalır. Bu mübarizədə“Zirə” ilə sabahkı matç həlledici olacaq. Həmin çətin sıfır sınağından nə gözləyirsiniz?

- Mətbuatda bunu da düz yazmırlar. Yazırlar ki, “Neftçi” Zirədə hələ 1 qol da vura bilməyib. Ancaq bu, belə deyil axı.

- Bu, çempionata əsasən belədir...

- Düzdür, Premyer Liqada vəziyyət belədi. Amma yazıda qeyd etmirlər ki, bu, çempionat matçlarına aiddi. Axı kubokda "Zirə"ni onun meydanında 3:0 hesabı ilə məğlub etmişik. Üstəlik, “Zirə” cəmi 2 ildi yaranıb.

- Klubun büdcəsi artacaqmı?

- Azərbaycanda çətin vəziyyət yarandığını başa düşürük. Amma əsas sponsorumuz SOCAR rəhbərliyi. Sağ olsun ki, bugünkü açılışda iştirak etdi. Hər şeyi açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, “Neftçi”nin vəziyyəti digər bütün klublardan qat-qat yaxşıdı. “Qarabağ” və “Qəbələ”də də vəziyyət yaxşıdı. İnanıram ki, həmişə belə vəziyyət olacaq. Bizdə maliyyə baxımından heç vaxt problem olmayıb. Gələcəkdə də olmayacaq.

- Klubun bazasını nə vaxta hazırlamağı planlaşdırırsınız?

- İstəyirik ki, bu ilin sonuna işləri tamamlayaq. Buna çalışırıq. Hazırkı vaxtda belə şeylər hazırlamaq çətindi. 5 il əvvəl maliyyə durumu yaxşı idi. Onda hər şey etmək mümkün idi. Amma indi belə deyil. Buna baxmayaraq, bazamızda gözəl işlər gedir. Kim ora gəlirsə, deyir ki, Azərbaycanda hələ belə baza görməmişik, neydança pambıq kimidi.

- "Neftçi"nin Müşahidə Şurasının sədri seçiləndə AFFA prezidenti Rövnəq Abdullayevdən Bakı Olimpiya Stadionunu istəmişdiniz. O isə demişdi ki, ilk növbədə "Bakcell Arena"nı doldurun. Azarkeş sayı indi sizi qane edirmi?

- Xeyr, qəti qane eləmir. Sizə bir sirr açım ki, I divizion və Premyer Liqa klublarının hamısını bir yerə yığsaq, ümumi azarkeş sayı “Neftçi”də olan qədər deyil. Düzdür, Gəncədə “Kəpəz”in, Lənkəranda “Xəzər Lənkəran”ın azarkeşləri çox idi. Amma hamısı bir yerdə “Neftçi” qədər eləmir. Stadionumuz dolmalıdı. Çalışırıq “Neftçi” elə oynasın ki, azarkeşlər də matçlarımıza gəlsinlər. Keçən il də sabit oymasaq da, heç bir paytaxt təmsilçisinin qarşılaşmalarına bizimki qədər azarkeş gəlmirdi. Elə indi də fanatlar komandanı tək buraxmırlar. Amma yenə də "Neftçi"nin azarkeş sayı çox olmalıdı. Bu stadionu doldurduqdan sonra AFFA-ya ikinci dəfə müraciət edəcəyik ki, heç olmasa əsas oyunlarımızı Bakı Olimpiya Stadionunda keçirək.

- Fanşopdan gəlir əldə edə biləcəksinizmi?

- İnanmıram ki, burdan böyük gəlir əldə edək. Bunu sadəcə, azarkeşlər üçün edirik. Açıq danışaq, bizdə heç bilet pulundan böyük qazanc götürmürük. Düzdü, Azərbaycan – Almaniya matçında tribunalar dolduğundan, bilet satşından müəyyən gəlir əldə edilmişdi. Bilirsiz, bu məsələyə düz yanaşmırıq. Futbol bütün dünyada böyük pul gətirən oyundu. Bu idman növündə dəhşətli pullar dövr edir. Xaricdə futboldam yüz milyonlarla pullar qazanırlar. Azərbaycanda da belə olmalıdı və inanıram ki, olacaq. Futbol pul xərcləyən yox, gətirən oyun olmalıdı. 

- Muzeyi də yeni tikiləcək bazanı aparacaqsınız?

- Xeyr. Baza ilə stadion fərqlidi. İstəyirik ki, insanlar muzeyi görsünlər. Ancaq bazaya gələndə ora girmək çətin olar. Ümumiyyətlə, bazaya buraxmırlar. Kimsə hətta mənim də yanıma gəlsə, jurnalist müsahibə götürmək istəsə, aşağı zəng vurub tapşırıram, sonra buraxırlar. Hər küçədən keçən gəlib bazaya girə bilməz. “Real”ın da muzeyində olmuşam. Onların möhtəşəm muzeyi stadiondadı. Çox yerdə belədi. Baza bağlı olmalıdı. Bəlkə orada gizli məşqlər keçirilir. Axı muzey orda olsa, gəlib məşqi də çəkə bilərlər.