Kərəm Həsənov Belarusa səfər edib

kerem-hesenov-belarusa-sefer-edib
Oxunma sayı: 674

Belarusun Dövlət Əmlak Komitəsinin sədrinin dəvəti ilə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində səfərdə olub.

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Azərbaycan nümayəndə heyətinə qurumun sədri Kərəm Həsənov başçılıq edib. Səfərin məqsədi 28 noyabr 2016-cı il tarixində Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin  15 fevral 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Saziş”lə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı müzakirələrin aparılması üçün ikitərəfli görüşün keçirilməsi, habelə Belarus Respublikasında geodeziya və daşınmaz əmlakın kadastrı mövzusunda təşkil edilmiş beynəlxalq konfransda iştirak olub.

Səfər çərçivəsində nümayəndə heyəti Belarusun Dövlət Əmlak Komitəsində sözügedən qurumla təşkil edilən ikitərəfli görüşdə iştirak edib. Görüş zamanı qurumlar arasında mövcud olan ikitərəfli əlaqələrin genişləndirilməsi çərçivəsində daşınmaz əmlak idarəçiliyi, o cümlədən  daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması və geo-məlumatların yaradılması sahəsində fikir mübadiləsi aparılıb, bu sahədə məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də Azərbaycan və Belarus investorlarının qarşılıqlı şəkildə özəlləşdirmə prosesinə cəlb edilməsinin təşkili məsələləri müzakirə edilib.