Kərəm Həsənovdan prezidentə şikayət olundu

kerem-hesenovdan-prezidente-sikayet-olundu
Oxunma sayı: 682

Şikayət ərizəsi dövlət orqanının rəsmi qaydada yalan və böhtan xarakterli məlumatlar verməsinin qarşısının alınması barədədir.

Ərizədə xatırladılır ki, Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədov və onun ailə üzvləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin vasitəsi ilə Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edib. Hazırda məhkəmədə mülkiyyət hüququnun müdafiəsinə dair iddia qaldırılıb və məhkəmə araşdırması gedir.

Prezidentə şikayətdə daha sonra vurğulanır ki, torpaq sahəsinin zəbti ilə bağlı məsələdə təhlükəli bir məqam yaranıb: “Belə ki, “Azərbaycan” qəzetinin 23 oktyabr 2012-ci il tarixli nömrəsində ailəmizin mülkiyyət hüququnun pozulması ilə bağlı məqalə dərc olunub və həmin məqaləyə münasibət bildirən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bu il noyabrın 23-də bizə cavab məktubu göndərib. Həmin məktubda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Azərbaycan Respublikasının gerbi altında aşkarcasına yalan və böhtan xarakterli məlumat verir. Məktubda deyilir ki, guya Rüstəm Məmmədovun anası Biliy Məmmədovanın adına torpaq sahəsi dövlət qeydiyyatına alınan zaman bizim ailəyə məxsus olan torpaq sahəsinin planı və ölçüsünün düzgün tərtib edilmədiyi və faktiki vəziyyətə uyğun olmadığı müəyyən edilib. Guya bununla əlaqədar bizim ailənin nümayəndəsi Bakı Şəhər Ərazi İdarəsinə dəvət olunub, ona bizim sənədə düzəliş edilməsi üçün torpaq sahəsinin planı və ölçüsünün əslinin təqdim olunmasının zəruriliyi bildirilib, lakin nümayəndə bundan imtina edib”.

Prezident İlham Əliyevə ünvanlanan müraciətdə bildirilir ki, hazırda mübahisəsi gedən torpaq sahəsi ilə bağlı Ağa Laçınlının ailəsinə dövlət reyestrindən çıxarış 2008-ci ilin mart ayında verilib: “Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun anası Biliy Məmmədovanın adına isə sözügedən torpaq sahəsi 2011-ci ilin aprel ayında sənədləşdirilməklə qanunsuz olaraq dövlət reyestrinə salınıb: “İkincisi, Dövlət Reyestr Xidməti hansı nümayəndəni dəvət edib? Bu nümayəndə kimdir? Niyə ailəmizin üzvlərini deyil, məhz bizə məlum olmayan nümayəndə dəvət olunur?

Üçüncüsü, Dövlət Reyestri Xidmətinin fəaliyyəti, məqsədi, yaradılmasının səbəbi, adından da bəlli olduğu kimi, əhaliyə məxsus daşınmaz əmlakın kadastrını, reyestrini aparmaq və bunlara dair mövcud sənədlər verməkdir. Niyə bizdən torpağın plan və ölçüsünə dair sənədlərin əsli tələb olunur? Bu sənədləri məgər bizə başqa planetdən göndəriblər? Bu sənədləri reyestr xidməti özü təqdim edib, həmin sənədlər və ya onlarda əks olunan məlumatlar Dövlət Reyestri Xidmətində yoxdur ki?”

Prezidentə müraciətdə vurğulanır ki, mərkəzi icra hakimiyyəti statusuna malik olan dövlət orqanı mərhum şair Ağa Laçınlının ailəsinə göndərdiyi 23 noyabr 2012-ci il tarixli məktubunda Azərbaycan Respublikasının gerbi əks olunan blankın altında yalan yazır, hətta böhtan atır.

Prezidentə şikayətdə eyni zamanda qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bu məktubu Azərbaycanın icra hakimiyyətinin və Azərbaycan dövlətinin adına yazılır. Buna görə də mərhum şairin ailəsi dövlət başçısından baş verənlərlə bağlı təcili və təsirli tədbirlər görülməsini xahiş edir./mediaforum.az/