“Kəs səsini, Əli Nağıyev!”

kes-sesini-eli-nagiyev
Oxunma sayı: 8292

Nadir Qocabəyli

Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyevin İslam dini, onun keçdiyi tarixi yolla bağlı verdiyi müsahibə, İmam Hüseyn və digər tanınmış tarixi şəxsiyyətlər haqqında səsləndirdiyi qeyri-ənənvi fikirlər birmənalı qarşılanmamaqla yanaşı, eyni zamanda, müəyyən qalmaqala da səbəb olub.

Əli Nağıyevin öz müsahibəsində səsləndirdiyi fikirləri şərh etmək istəməzdim. Əvvəla, mövzu çox genişdir, müsahibə də balaca deyil, ikincisi, bu sahəni Əli müəllim qədər dərindən araşdırmağa vaxtım olmayıb və olsaydı belə, fikirlərimi bir köşədə əsaslandıra bilməzdim.

Sadəcə  onu deyə bilərəm ki, xeyli “qaranlıq” məqamlara aydınlıq gətirib, indiyəcən heç bir din və qeyri-din xadimindən eşitməyimiz fikirlər söyləyib, cavabını indiyəcən heç kəsin vermədiyi suallar qoyub, müxtəlif mənbələr göstərib. Ən əsası da, faydalı bir polemikaya start verib, dinlə bağlı incəlikləri öyrənməyə çağırış edib.

Ancaq bəziləri Əli Nağıyevin söylədiyi fikirləri kənara qoyaraq, onun keçdiyi siyasi yola, vəzifə karyerasına özlərinə məxsus ironik tərzdə yanaşır, İslam dini, onun görkəmli simaları, müqəddəs Quran haqqında danışmaq haqqının olmadığını bildirir, bilmədiyi mövzuda danışmaqda suçlayır, hətta aqressiv münasibət sərgiləyirlər. Yəni böyük alimlər, müctəhidlər, ilahiyyatçılar, islam tarixçiləri olduğu halda, sən kimsən belə cəfəng fikirlərlə çıxış edirsən!

Onun məhz nəyi yanlış söylədiyini isə, demək olar ki, dilə gətirən yoxdur. Əli müəllimə qarşı sadəcə qaragüruhçu bir basqı, təzyiq nümayiş etdirilir. Onun və onun simasında fərqli düşünən hər kəsin gözünün odunu almağa çalışırlar.

Əgər orta əsrlərdə yaşasaydı, ya Nəsimi kimi dərisini soyar, ya da Seyid Əzim kimi döyüb öldürərdilər!

Tutaq ki, lap Əli Nağıyevin fikirləri yanlış və gülüncdür. Bu sahənin “asları” da istər-istəməz düşünürlər: “bildiyin şey haqqında danış da, a kişi!” Məsələ bu cür olsa belə, ona “kəs səsini” demək, onun ağzını yummağa çalışmaq nə dərəcədə doğru və ədalətlidir? Məgər haqqın və ədalətin yolu, bilməyənin ağzına pambıq tıxamaqdan keçir? Məgər Allah-taala, İslam peyğəmbəri, imamlar bizə bu yolu göstərib, bunu tövsiyə ediblər?

Yanlış mülahizə yürüdən adam öz fikrinin doğru olmadığına əmin olsa, çox güman ki, bunu səsləndirməz. Demək, bilmir. Bilməyən adama  isə “sus” deməkdənsə, öyrətmək, izah etmək daha doğru olmazmı?  Digər tərəfdən,  hər birimiz nə vaxtsa, ən azı uşaqlıqda və ya gənclikdə bilmədiyimiz şeylər haqqında fikir yürütmüşük. Bizə də “kəs səsini, sarsaqlama!” deyənlər olub.

Ancaq bundan nə razı qalmışıq, nə də nəticə çıxarmışıq. Yalnız aradan uzun illər keçdikdən sonra vaxtilə səhv etdiyimizi anlamışıq və düşünmüşük ki, kaş ki, vaxtilə bizə “sus” komandası verənlər, özlərinə bir qədər əziyyət verib, yanlış yolda olduğumuzu izah edə, düzgün yol göstərə, doğrunun harada olduğunu əsaslı, məntiqli şəkildə başa salaydılar.

Onda bu qədər vaxt da itirməz, bu qədər itki də verməz, bu qədər peşmançılıq da çəkməzdik.

Bu, əlbəttə, səbr, dözüm, xoş niyyət, savad, bilik tələb edən bir işdir. “Kəs səsini”, “sus”, “mumla” bağırmaqdan qat-qat çətindir. Ancaq dinimiz də, müqəddəq kitabımız da, peyğəmbərin və imamların hədisləri də bizə məhz səbrli, dözümlü, mərhəmətli, savadlı, bilikli olmağı öyrədir.

Amma özünü din təəssübkeşi, din bilicisi, dinin sayıq gözətçiləri hesab edənlər nədənsə çox zaman qısa, radikal, aqressiv, zorakı yola üstünlük verir, fərqli danışan ağızlara “skoç” yapışdırmağa çalışırlar. Çox təəssüf ki, bunların arasında xeyli gənc və “oxumuş” insanlara da rast gəlinir. İstər-istəməz bu adamların ən yaxşı halda tənbəl olduğunu, yəni özlərinə əziyyət vermək istəmədiyini, müasirlikdən və mədəniyyətdən geri qaldıqlarını düşünürsən. Lakin savadsız, cahil, yaxud qeyri-səmimi də ola bilərlər. Dindən siyasi alət kimi istifadə etmək məqsədilə özlərinə sərf etməyən məqamları gizlədə, siyasətlərinə əngəl törədənləri aradan götürməyə meyilli də ola bilərlər.

Bu isə çox təhlükəlidir, çünki siyasətin mayası yalanla, bicliklə, hiylə ilə yoğrulubsa, dininki düzlük, doğruluq, halallıq, paklıq olmalıdır. Dinə yalan, hiylə, kələk qarışanda o artıq siyasətə çevrilir, özü də məkrli siyasətə…