“Kəsik” qız, “bütöv” oğlan…

kesik-qiz-butov-oglan
Oxunma sayı: 5177

Jalə Mütəllimova

Bir neçə qız idik. Hərəmiz bir rayondan gəlmişdik. Ali təhsil alırdıq Bakıda. Həm də valideynlərimiz bizim üçün kirayələdiyi evdə yaşayırdıq. Evin sahibəsi yaşlı qadın idi. Hərdən həyətdə samovar dəmləyib başına yığırdı bizi. Günlərin birində söhbət övladlardan düşdü. Qız övladı haqda eşitdiklərim bu oldu ev sahibəsindən:

“Qız özgə payıdır, boşuna zülüm çəkirsən”, “yükü ağırdır”, “göz dağıdır”, “dədə- nənəyə dərddir”, “kəsikdi”... Düzü ağlım bir şey kəsmədi dediklərindən. Xüsusən də, bu kəsik sözündən. Necə yəni “kəsikdir?!”

***

Ali təhsilimi başa vurmuşdum. Və yenə də təsadüfən belə bir sualla qarşılaşdım:

- A bala evdə neçə uşaqsınız?

- Dörd...

- Neçə qız, neçə oğlan?

Gülümsəyib cavab verdim ki, dörd bacıyıq. Qadın diqqətlə üzümə baxıb “başın sağ olsun” dedi. Sonra bir də geri çevrilib:

- Bəri bax a bala, barı dədən dururmu?

- Əlbətdə...

- Ona da şükür...

***

Sonra bir toy məclisində gəlinin qızıl əşyalarını bir qadının əlindən alıb başqasına verəndə gördüm. Qadın pərt olmuşdu əməlli başlı. Niyəsini soruşdum toy sahibindən. Qayıtdılar ki, bəs sonsuzdur. Daha heç nə soruşmadım.

Mənim heç kəsim ölməmişdi. Hamı sağ idi. Bəs mənə hansı səbəbdən basağlığı verilmişdi dörd bacıyıq deyəndə...İndi bu qadının da iki qızı var. O sonsuz deyildi axı?!..

***
Uzun illər sonra ailə quranda mənə ilk övladımın oğlan olmasını diləyən çoxlu sayda adamlara rastladım. Qoca bibilər, xalalar, nənələr, qonşu arvadlardan...

Bir də onda ayıldım ki, özüm də özümə onlar dilədiyini diləməyə balamışam. Bir az qorxudan, bir az artıq bu məsələyə daxildə yararan tələbatdan, bir az da ailədə oğlan uşağı olmadığına görə verilən basağlıqlarından yorulmuşdum düzü...

***
Gəlini olduğum evin qəribə qonşuları vardı. Allahın verən günü dava olurdu evlərində. Qab-qacaq yerə çırpılır, pəncərə şüşəsi sınırdı, “ay bala vurma, öldüm” deyə qışqırırdı anaları. O evdə bir-birini döyüb-söymələrinə və sair kimi olaylara hər gün vərdiş eləmişdi qulağım. Diqqətimi çəkən bir şey də vardı. Ara sakitləşəndən sonra bir qadın dil deyib özünü ağlayır, qarğıyırdı. Ara-sıra da bərkdən deyirdi ki, “sizin kimi oğulu əzrayıl tez aparsın”, “sizi doğduğum yerdə daş doğaydım”...

***

...İndi o evdə durumlar belədir. O oğlanların birini gerçəkdən əzrayıl aparıb. İkincisi narkotik satışı üstə cəza çəkir, üçüncüsü isə harda iynənin ulduzu boyda narkotik tapırsa orda da qəbul eləyib yatır. Qonum-qonşu tapanda sürüyüb evə gətirir, tapmayanda heç bilinmir hardadır bədbəxt.

Və qəsəbədə hamının Motu deyib çağırdığı oğlanı evə gətirən qonşular hərdən anasına belə deyirdilər: "Belə “bütöv”dənsə, on dənə “kəsik”, kor, keçəl qızın olaydı kaş deyirdi.

***

...Lap əvvəldə ev sahibəmizin qız övladları haqda dediklərini qeyd eləmişdim. Hə bax, həmin o qadının üç oğlu vardı. İkisini elə biz həmin evdə qalanda ev-eşik sahibi eləmişdi. Özü də təkbaşına. Böyük oğlunun beş yaşı var imiş əri öləndə. Dediyim odur ki, özü də nə zamansa qız cocuğu, kəsik olmuş bu qadın üç oğul dünyaya gətirdiyini, təkbaşına böyütdüyünü, oxutduğunu, ailə, ev-eşik sahibi edə bilməsini və bunun nə boyda iş olduğunu anlamamışdı. Bütün həyatı boyu elədikləri onun üçün sadəcə vəzifə borcu idi, vəssalam. Oysa biz, yəni bütün qızlar, kəsiklər heç kimin bötöv oğlundan əskik deyilik. Sadəcə nə yazıq həmişə qulağımıza, özü də, nə zamansa qız cocuğu, kəsik olan analarımız, bibi-xalalar, nənələr və ya qonşu arvadları “kəsiksən” sözündən başqa nəsə deməyib. Beləcə, bacarıqlarımız vəzifə borcu, üstünlüklərimiz məcburiyyətin yaratdığı zərurət kimi qəbul etdirilib bizə, kəsiklərə, qız övladlarına yəni...

***

Yaxşısı-pisi, ağıllısı-ağılsızı, faydalısı-faydasızı, zəhmətkeşi-tənbəli, yararlısı-yararsızı, qədirbiləni-qədirbilməzi, dürüstü-nadürüstü və sairi olar. Buna söz yox. Amma vallahi və billahi ki, kəsiyi ya da bötövü yoxdur övladın... Məncə, heç oğlanı qızı da yoxdur...